CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni körpəsi doğulan atalarla nənə-babalara müjdə

© AFP 2024 / NARINDER NANUYeni doğulmuş körpə, arxiv şəkli
Yeni doğulmuş körpə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.02.2022
Abunə olmaq
Doğulan hər uşağa görə tək analar deyil, atalar da məzuniyyət götürə bilərlər, ancaq təkliflər keçərsə. Mexanizm necə olacaq - Sputnik Azərbaycan-ın materialında.
BAKI, 5 fevral — Sputnik. Əmək qanunvericiliyinin təkmilləşdirilməsi tədbirləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair yeni qanun layihəsi hazırlanıb. Layihədə əmək məzuniyyətləri ilə bağlı müxtəlif təkliflər əksini tapıb.
Həmin təkliflərdən biri ödənişli əsaslarla atalıq məzuniyyətinin verilməsi haqdadır.
Atalıq məzuniyyəti necə olur?
ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aynur Osmanqızı Sputnik Azərbaycan-a açıqlamasında məsələ ilə bağlı ətraflı danışıb. O nəinki yeni körpəsi doğulan ataların, eləcə də nənə və babaların qismən ödənişli sosial məzuniyyətə çıxma hüquqlarından söz açıb.
A.Osmanqızı bildirib ki, Əmək Məcəlləsinin 125-ci maddəsinə dəyişiklik təklif edilir: "Yəni həyat yoldaşı doğuşa, hamiləliyə görə məzuniyyətdə olan şəxs doğum ərəfəsində ananın doğuş üçün müraciət etdiyi xəstəxanadan arayış alacaq, həmin tibbi arayışı iş yerinə təqdim edəcək. Sözügedən arayış əsasında iş yeri ata olacaq şəxslərə 14 gün ödənişli məzuniyyət verəcək. Məzuniyyət hüququndan istifadə edən atanın məzuniyyət pulu isə standart qaydada ödəniləcək”.
Qurum rəsmisi qeyd edib ki, ödənişlə bağlı məsələlər də razılaşdırma mərhələsindədir. Güman ki, atalıq məzuniyyətinə görə ödənişlər əmək məzuniyyəti, həmçinin digər məzuniyyətlərin ödənməsi üsulu ilə gerçəkləşdiriləcək. Ödənişli əsaslarla bu, orta aylıq əmək haqqına uyğun hesablanacaq.
ƏƏSMN Beynəlxalq Əmək təşkilatının, müxtəlif konvensiyaların üzvüdür, atalıq məzuniyyəti ilə bağlı həmin təklifləri hazırlayarkən də beynəlxalq təcrübəyə əsaslanıb. A.Osmanqızı düşünür ki, belə addımın atılması gender bərabərliyinin qorunmasıdır.
Sektor müdirinin sözlərinə görə, atalıq məzuniyyəti ilə bağlı təkliflər tək uşaq üçün nəzərdə tutulmur, dünyaya gələcək hər övlad üçün atalar həmin hüquqdan istifadə edə bilər.
Ödənişsizi ödənişliyə çevirirlər
O qeyd edir ki, hazırda Əmək Məcəlləsinin 130-cu bölməsində ödənişsiz məzuniyyətlər bəndi var, burada həyat yoldaşının doğumuna görə atalara 14 günlük ödənişsiz məzuniyyətin verilməsi göstərilir. Yeni təkliflə məzuniyyətin ödənişli olması nəzərdə tutulur: "Təklifimiz də bundan ibarətdir ki, yeni övladı olacaq ailələrdə atalara 14 gün ödənişli olaraq verilsin. Qeyd edim ki, hazırda qanun layihəmiz razılaşma mərhələsindədir. Düşünürük ki, yenilik cəmiyyət tərəfindən müsbət qarşılanacaq".
Dəyişikliklər qüvvəyə minərsə, işəgötürən atanın tələbini qarşılamalıdır
A.Osmanqızı deyir ki, atalıq məzuniyyəti işçiyə hüquq olaraq verilir. İşəgötürən ataya buna görə məzuniyyət verməkdən imtina edərsə, addımı qanun pozuntusu hesab olunacaq: "Əmək hüququ pozulduğu halda Dövlət Əmək Müfəttişliyinə müraciət etmək lazımdır. Bizə 142 qaynar xətt, elektron poçt vasitəsilə müraciət edə bilərlər. Sosial şəbəkə üzərindən də bizə müraciət edə bilərlər".
Sektor müdiri digər məqama da toxunub, qeyd edib ki, doğuş zamanı ana dünyasını dəyişərsə, o zaman ata məzuniyyətə çıxa bilər: "Bildiyiniz kimi, hamiləlik, doğuşa görə məzuniyyət var. Bunun bir hissəsi doğuşdan əvvələ, digər hissəsi doğuşdan sonraya düşür. Ana doğuş zamanı dünyasını dəyişərsə, doğuşdan sonrakı məzuniyyət ataya verilə bilər".
Yeni nənə-babalara da müjdə var
Hazırkı qanunda diqqət etməli olduğumuz digər məqam isə 3 yaşadək körpəyə görə nəinki ana-atanın, eləcə də nənə-babanın qismən ödənişli sosial məzuniyyətdən yararlnamq hüququnun olmasıdır.
"Uşağa baxmağa görə 3 yaşınadək verilən qismən ödənişli sosial məzuniyyətlər var. Qanunvericiliyə görə, yalnız ana deyil, yəni, valideynlərdən, yaxud da ailə üzvlərindən biri 3 yaşadək uşağa görə evdə oturub qismən ödənişli sosial məzuniyyət ala bilər", - A.Osmanqızı deyib.
Xəbər lenti
0