Qış Olimpiya Oyunlarında medal qazanan ilk idmançılar məlum olub

© Sputnik / Павел Бедняков / Mediabanka keçidNatalya Nepryayeva
Natalya Nepryayeva - Sputnik Azərbaycan, 1920, 05.02.2022
Abunə olmaq
"Pekin-2022" Qış Olimpiya Oyunlarında 91 ölkədən ümumilikdə 2800-dən çox idmançı mübarizə aparır. Azərbaycan Qış Olimpiadasında iki idmançı ilə təmsil olunur.
BAKI, 5 fevral — Sputnik. Pekində start götürmüş Qış Olimpiya Oyunlarında ilk mükafatçıların adı məlum olub. Sputnik Azərbaycan xəbər verir ki, qadınlar arasında xizəksürmə üzrə skiatlon yarışlarında Norveç idmançısı Terez Yohauq Olimpiya çempionu olub.
O, 15 kilometrlik məsafəni 44 dəqiqə 13,7 saniyəyə qət edib.
Gümüş medalı Rusiya xizəkçisi Natalya Nepryayeva, bürünc medalı isə avstriyalı idmançı Tereza Ştadlober qazanıb.
“Pekin-2022” XXIV Qış Olimpiya Oyunlarının məşəli alovlandırılıb
Qeyd edək ki, fevralın 4-də Çinin paytaxtındakı məşhur "Quş yuvası" stadionunda "Pekin-2022" XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib.
Açılış mərasimində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə yanaşı, bir neçə ölkənin dövlət və hökumət başçıları, rəsmi şəxslər, BMT-nin baş katibi Antonio Quterreş, BMT Baş Assambleyasının sədri Abdulla Şahid, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax iştirak ediblər.
Azərbaycanı mərasimdə Baş nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Mərasim Çin Xalq Respublikası bayrağının arenaya gətirilməsi ilə başlayıb və bu ölkənin Dövlət Himni səsləndirilib.
Təxminən 1 saat 40 dəqiqə davam edən açılış mərasiminin əsas məqamlarından biri atletlərin paradı olub. Olimpiya ənənəsinə əsasən, ilk olaraq Yunanıstan komandasının keçidi olub. Azərbaycan paraddan keçən 42-ci ölkə olub. Dövlət bayrağımızı fiqurlu konkisürən Vladimir Litvintsev daşıyıb. Olimpiya oyunlarında ən böyük komandalar Çin, ABŞ, Kanada, Rusiya Milli Olimpiya Komitəsidir. Sonda ev sahibi Çin komandasının idmançılarının keçidi olub. Elə 24-cü Qış Olimpiya Oyunlarının ən böyük heyəti də (387 idmançı) məhz Çindir.
"Pekin-2022" Qış Olimpiya və Paralimpiya oyunlarının təşkilat komitəsinin prezidenti Çay Çinin və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın çıxışlarından sonra Çin Xalq Respublikasının Sədri Si Cinpin XXIV Qış Olimpiya Oyunlarını açıq elan edib.
Təntənəli açılış zamanı müxtəlif rəqs elementləri və kompozisiyalar nümayiş olunub. Vizual şouda xüsusi qrafika ilə hazırlanan buz parçasının üzərində əvvəlki olimpiadaların tarixləri əks etdirilib. İşıq effektləri vasitəsilə rəmzi "qar dənəciyi" fiqurları üzərində iştirakçı ölkələrin adları stadionun üzərində görünüb. Çin kalliqrafiya sənəti üzrə müasir texnologiyalar əsasında Qış Olimpiya Oyunlarının keçirildiyi 24 şəhərin adı canlandırılıb. Daha sonra işıq effektləri vasitəsilə rəmzi "qar dənəciyi" fiqurları üzərində iştirakçı ölkələrin adları stadionun üzərində əks olunub. Təşkilatçılar komandaların üzvlərini onların öz dillərində salamlamağı da unutmayıblar.
Çinin Olimpiya çempionlarının müşayiəti ilə Olimpiya bayrağı arenaya gətirilib və məşəl alovlandırılıb.
Qeyd edək ki, Azərbaycan Qış Olimpiadasında iki idmançı ilə təmsil olunur. Bunlar fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabovadır. V.Litvintsev fevralın 8-də və 10-da buz üzərinə çıxacaq. Y.Ryabova isə fevralın 15-də və 17-də bacarığını nümayiş etdirəcək.
"Pekin-2022" Qış Olimpiya Oyunlarında 91 ölkədən ümumilikdə 2800-dən çox idmançı mübarizə aparır. Olimpiadada atletlər idmanın 15 növü üzrə 109 dəst medal uğrunda qüvvələrini sınayırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0