CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aİ-92 benzini, dollar satışı - İcmal

© AFP 2024 / DANIEL LEAL-OLIVASYanacaqdoldurma məntəqəsi, arxiv şəkli
Yanacaqdoldurma məntəqəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.02.2022
Abunə olmaq
Bu həftə ölkədə baş verən mühüm iqtisadi hadisələrin icmalı Sputnik Azərbaycan-ın materialında.
BAKI, 5 fevral — Sputnik. Yola saldığımız həftə Azərbaycanda baş verən mühüm iqtisadi hadisələrin qısa icmalını təqdim edirik.
Aİ-92 benzini idxal rüsumundan azad edilib
Nazirlər Kabineti Azərbaycana idxal edilən Aİ-92 avtomobil benzinini gömrük rüsumundan azad edib. Bu benzin növünün hər min litri üçün gömrük rüsumu 15 faizdən sıfır faizə, aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata endirilib. Bu güzəştlər fevralın 1-dən tətbiq olunacaq və bu ilin iyunun 1-dək qüvvədə qalacaq.
Millət vəkili Vüqar Bayramov bildirib ki, Aİ-92 markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimləndiyi üçün bu qiymətə bazarın təsir imkanları məhduddur.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan dövri təmir işləri ilə əlaqədar ölkəmizdə benzini istehsal edən qurğular işləmədiyindən bu yanacağın idxalına müəyyən miqdarda ehtiyac yarana bilər. Buna görə də hökumət benzinin idxalı üçün daha əlverişli imkanlar yaradır.
Qubadlı gömrük postundan yığılmış vəsaitin miqdarı açıqlanıb
Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib ki, bu günə qədər 6 mindən çox, 7 minə yaxın nəqliyyat vasitəsi həmin gömrük postundan keçib. Bunların arasında fərdi nəqliyyat vasitələri, avtobuslar, yük nəqliyyat vasitələri də var. Bu nəqliyyat vasitələrindən 2 milyon manata yaxın vəsait toplanaraq dövlət büdcəsinə köçürülüb.
Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti daha 1 il uzadılır.
Bu, Milli Məclisin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan "Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, Azərbaycan ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2023-cü il yanvarın 1-dək dayandırılır. Əvvəl bu müddət 2022-ci il yanvarın 1-dək müəyyən edilmişdi.
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Neft Fondu valyuta satışını artırıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2022-ci ilin yanvar ayı ərzində 727 mln. ABŞ dolları məbləğində vəsait satılıb, bu da illik müqayisədə 12,7% çoxdur. Bu barədə ARDNF məlumat yayıb. Məlumata görə, ötən ilin yanvarında bu göstərici 644,9 mln. manat təşkil edib.
Azərbaycan məhsulları "Amazon" və "eBay"də satışa çıxarılıb
Azərbaycanda istehsal olunan "Made in Azerbaijan" brendi məhsulları Azexport.az portalı vasitəsilə "Amazon" və "eBay" platformalarında beynəlxalq alıcılara təqdim edilib.
İlkin mərhələdə yerli istehsal olan rəsm, musiqi, ədəbiyyat və sənətkarlıq işləri kimi mədəniyyət sənayesi məhsulları, həmçinin, qeyri-qida və qida kateqoriyasından seçilən məhsullar portallara inteqrasiya olunub. Bu platformalarda satış proseslərinə ciddi nəzarət və yüksək keyfiyyət tələblərinin mövcuddur.
Azərbaycan OPEC+ üzrə hasilatın artırılması ilə bağlı qərarı dəstəkləyib
OPEC-in iclasında qlobal neft bazarında balansın təmin edilməsi məqsədilə gündəlik neft hasilatının 400 min barel artırılması planının martda davamına dair qəbul edilmiş qərara Azərbaycan da razılıq verib.
Yeni razılaşma Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin martında daha 7 min barel artırılaraq 675 min barelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 43 min barel həcmində olmasını nəzərdə tutur.
Azərbaycan neftinin qiyməti 95 dolları ötüb
Azərbaycan neftinin qiyməti bahalaşıb. "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,42 dollar artaraq 95,07 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin bir bareli sonuncu dəfə 2014-cü il oktyabrın 2-də 94 dollardan baha (96,65) satılıb.
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası
Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev toplantıda iştirak edib.
İclas "Cənub Qaz Dəhlizi: nailiyyətlər və perspektivlər – Cənub Qaz Dəhlizinin yeni enerji bazarları, o cümlədən Qərbi Balkan ölkələri istiqamətində genişləndirilməsi" və "Enerji keçidi – Karbohidrogen mənşəli yanacaqlardan və metan tullantılarının azaldılması tədbirlərindən karbon neytrallığına doğru: yollar, çağırışlar, qrafiklər" mövzularına həsr olunmuş plenar sessiyalarda keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
İlham Əliyev Azərbaycanın ənənəvi və "yaşıl enerji" potensialı barədə
Fındığın qiyməti aşağıdır - Kəndlilər narahatdır
Bu il qiymətlərin düşəcəyi gözlənilir - VİDEO
Xəbər lenti
0