Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Üçüncü təzə başlayıb, artıq 4-cü doza tələb edirlər - İşçilərin vaksin tərəddüdü

© AFP 2024 / JOHN THYSPeyvənd maskası
Peyvənd maskası - Sputnik Azərbaycan, 1920, 04.02.2022
Abunə olmaq
İnfeksionistin sözlərinə görə, virusa yoluxma tempinə uyğun olaraq 4-cü doza ilə bağlı hər hansı qərar verilə bilər.
BAKI, 4 fevral — Sputnik. Ölkəmizdə koronavirus əleyhinə vaksinasiyanın üçüncü mərhələsinə -"buster doza"ya yeni başlansa da, bəzi dövlət qurumları işçilərindən 4-cü doza koronavirus əleyhinə peyvənd vurdurmağı tələb edir. Bu barədə sosial platformada yayılan məlumatlara görə, təhsil, səhiyyə, rabitə və digər dövlət sektorlarında çalışan işçilərdən 4-cü doza vaksin vurdurmaq tələb edilir.
Sputnik Azərbaycan 4-cü doza koronavirus əleyhinə vaksinin dövlət sektorunda çalışanlardan tələb olunmasının nə dərəcədə qanunauyğun olduğunu, eləcə də 3-cü "buster doza"dan nə qədər müddət sonra 4-cü doza vurulmasının mümkün olduğunu araşdırıb.

4-cü doza vaksinə məcburi göstəriş varmı?

Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirus əleyhinə 4-cü doza vaksinin vurulması ilə bağlı hazırda rəsmi qərar yoxdur. Buna görə də dövlət və qeyri-dövlət sektorunda işçilərdən 4-cü doza peyvənd vurdurmalarını tələb etmək düzgün deyil:
"Hazırda qərara müvafiq olaraq insanlardan "buster doza" vaksin vurdurmaq tələb olunur. 4-cü doza koronavirus əleyhinə peyvənd göstərişi yoxdur. Bu vətəndaşın könüllü istəyinə bağlıdır. Vətəndaşa "buster doza"dan sonra 4-cü doza koronavirus əleyhinə peyvənd yalnız tövsiyə edilə bilər. Artıq vurdurub-vurdurmamaq vətəndaşın öz qərarıdır. 4-cü doza könüllülük prinsipi daşıyır".

4-cü doza "buster doza"dan nə qədər sonra vurula bilər?

F.Sədirov bildirdi ki, 4-cü doza peyvənd "buster doza"dan 28 gün sonra vurula bilər. Baş infeksionistin sözlərinə görə, "Omicron" ştammı sürətlə yayıldığından, orqanizmdə anticisimlərin çox olması insanı virusa yoluxma və ağırlaşmadan qoruya bilər.
F.Sədirov deyib ki, gələcəkdə virusa yoluxma tempinə uyğun olaraq 4-cü doza ilə bağlı hər hansı qərar verilə bilər.

4-cü doza könüllüdür

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən isə Sputnik Azərbaycan-a bildirdilər ki, koronavirus əleyhinə üçüncü dozadan sonra 4-cü doza vətəndaşın sağlamlıq vəziyyəti nəzərə alınaraq həkim məsləhətinə əsasən vurula bilər:
"Hazırda Azərbaycanda ilkin vaksinasiyadan 6 ay sonra buster və ya revaksinasiya mümkündür. COVID-19 xəstəliyinə qarşı 2 doza vaksin vurdurduqdan 6 ay sonra orqanizmin bu virusa qarşı müqaviməti azalır. Orqanizmin koronavirus infeksiyasına qarşı müqavimətini yenidən artırmaq üçün buster dozanın (3-cü doza) vurulması tövsiyə olunur.
Vətəndaş randevu.its.gov.az saytı üzərindən 3-cü doza üçün növbə götürəndə avtomatik olaraq 4-cü dozanın qəbulu tarixi qeyd olunur. Yəni, bu qayda peyvənd üçün ilk növbə götürmə prosesindəkinə oxşardır. Həmin vaxt da ikinci dozanın vurulma tarixi vətəndaşa ekranda göstərilir, yaxud da mobil nömrəsinə göndərilən sms-də bildirilir. Odur ki, 4-cü doza üçün əlavə növbə götürməyə ehtiyac yoxdur".

Hələ belə qərar yoxdursa...

TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnarə Baxış Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, hazırda vətəndaşlardan 3-cü qüvvətləndirici dozanın vurulması tələb olunur. 4-cü dozanın vurulması ilə bağlı qərar tibbi araşdırmalardan sonra məlum olacaq.
Xatırladaq ki, bir müddət öncə Hövsan məktəblərində də analoji hal müşahidə olunurdu. Sosial platformada yayılan məlumata görə, bu ərazidə yerləşən məktəblərdə çalışan işçiləri məcburi 4-cü doza peyvənd vurdurmağa göndərirlər. Təhsil işçiləri isə 3-cü doza vaksini oktyabrın 29-da vurdurduqlarını söyləyiblər. Bununla belə, təhsil müəssisələri 4-cü doza vaksini də tələb edir. Buna əsas kimi, Azərbaycanda "Omicron" ştammının yayıldığı göstərilir.
Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, peyvənd olunmaq hər birimizi koronavirusdan qorumaq üçün vacib olsa da, təhsil müəssisələri heç bir valideyni peyvənd olunmağa məcbur edə bilməz.

Vaksin sertifikatları nə vaxt qüvvədən düşür?

Məlumat üçün bildirək ki, fevral ayının 25-dən etibarən vaksin və immunitet sertifaktlarının vaxtına məhdudiyyət qoyulur. Fevral ayının 15-dən sonra "Vaksin sertifikatı"nın müddəti 6 ay olacaq. 6 ay keçdikdən sonra sertifikatın müddəti bitmiş hesab olunacaq. Fevralın 15-nə qədər bütün vaksin sertifikatları qüvvədə olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0