Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Sabah yollar ağaracaq, kiminsə üzü qaralacaq: Qurumlar necə hazırlıq görür?

© Sputnik / Reshad Rashidov İsmayıllı-Muğanlı yolunda vəziyyət
 İsmayıllı-Muğanlı yolunda vəziyyət - Sputnik Azərbaycan, 1920, 04.02.2022
Abunə olmaq
Ekspert deyir ki, aidiyyətı qurumlar qarşısında konkret tələblər qoyulmalıdır ki, hər il eyni vəziyyət təkrarlanmasın.
BAKI, 4 fevral — Sputnik. Sabahdan havalar yenidən soyuyacaq. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycanın rayonlarında sabah havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
Hava barədə bu məlumatı oxuyar-oxumaz ağla ilk gələn son dəfə rayonlara yağan qarın yollarda yaratdığı fəsadlardır. Yol polisinin yaydığı məlumata görə, yanvarın 20-də yağan qar səbəbindən yollarda yaranmış buzlaşma 10-dan çox nəqliyyat vasitəsinin qəzaya düşməsinə səbəb olub. Yolların buz bağlaması üzündən onlarla avtomobil hərəkət edə bilmədiyi üçün yolda qalmış, sürücülər və sərnişinlər yolların təmizlənməsini gözləmişdilər.
Bəs görəsən, "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi (AAYDA) sabaha olan hava xəbərdarlığı ilə bağlı yollarda analoji vəziyyətin təkrarlanmaması üçün hansı işləri görüb?
"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, yollarda buzlaşma olan kimi bəzi şəxslər AAYDA-nı günahkar görsə də, bu məsələdə əsas məsuliyyət sürücülərin üzərinə düşür:
“Bizim qurum qışa tam hazır vəziyyətdədir. Qar yağanda yollar qardan təmizlənir, yollara duz və qum səpilir. Amma əgər nəqliyyat vasitəsinin təkərləri qış şinləri ilə əvəzlənməyibsə, onların hərəkətində problem yaranır. Temperatur müsbət 7 dərəcədən aşağı düşəndə avtomobillərin təkərləri dəyişdirilməlidir”.
AAYDA sözçüsü deyir ki, qar yağdıqda yollarda problemlərin yaranması normal haldır:
“Biz yollara duz, qum səpirik. Amma bu o demək deyil ki, yollarda problem olmayacaq. Mənfi temperatur olacaqsa, yollarda da buzlaşma olacaq. Ona görə də qış vaxtı yay təkərləri ilə yola çıxmaq olmaz. Yanvarın 20-21-də də bizim texnikalar yollarda idi. AAYDA-nın əməkdaşları üzərlərinə düşən işi görürlər ki, yollarda nəqliyyatın hərəkətində çətinlik yaranmasın”.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbayanda qış sərt keçməsə də, qar yağan kimi yollarda ciddi problem yaranır. Qışda yollarda qəzaların sayı artır. Onun sözlərinə görə, bunun bir neçə səbəbi var: “Əsas səbəb qar yağanda yolların təmizlənməməsidir. Bunu hansısa faktla sübut etməyə ehtiyac yoxdur. Bunu hər kəs bilir”.
E.Cəfərov deyir ki, qar yağanda yol polisinin üstünə yük düşür:
“Aidiyyəti qurumlar nə qədər desələr ki, qışa hazırdırlar, qar yağan kimi öhdəliklərini yerinə yetirə bilmirlər. Əgər bu qurumların resursu, texnikası yoxdursa, bunu etiraf etsinlər ki, vətəndaşlar da evdən çıxmasınlar”.
Ekspert deyir ki, ona görə də aidiyyətı qurumlar qarşısında konkret tələblər qoyulmalıdır ki, hər il eyni vəziyyət təkrarlanmasın.
O bildirir ki, qarlı havalarda şəhərlərin mərkəzi hissələri təmizlənsə də magistral yollar qardan təmizlənmir. Yaranmış buzlaşma isə hərəkəti iflic edir.
Ekspert digər səbəbləri də sadaladı: “Bir əsas səbəb sürücülərin təcrübəsiz olmasıdır. Əksəriyyətinin sürücülük təcrübəsi üç ildən aşağıdır.
İkinci problem isə qışda avtomobillərin şinlərinin dəyişdirilməməsidir. Qış şinləri daha elastikdir. Qarda daha yaxşı hərəkət edir. Avtomobilin qış şini şaxtada istifadə edilibsə, həmin təkərlər növbəti mövsümdə şaxtada istifadə olunduğundan dəyişdirilməlidir”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0