CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşhur şair-publisist dövlətə dəymiş 500 min manatlıq ziyanı ödəyib

© Sputnik / Murad OrujovAzərbaycan manatı, arxiv şəkli
Azərbaycan manatı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.02.2022
Abunə olmaq
Məhkəmədə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi bildirib ki, 500 min manata yaxın məbləğdə dəymiş ziyan tam ödənilib.
BAKI, 4 fevral — Sputnik. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla həbs edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol) cinayət işi üzrə dəymiş ziyanı tam ödəyib.
Sputnik Azərbaycan xəbər verir ki, sabiq aparat rəhbərinin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə zərərçəkmiş qismində tanınmış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi çıxış edib. Nümayəndə bildirib ki, 500 min manata yaxın məbləğdə dəymiş ziyan tam ödənilib. Zərərçəkmiş tərəf əlavə iddialarının olmadığını qeyd edib.
Xatırladaq ki, Əjdər Cəbiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinərək saxlanılıb.
Ə.Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir.
Qeyd edək ki, təqsirləndirilən Cəbiyev Əjdər Feyzulla oğlu 2004-cü ildən 2013-cü ilədək Dövlət Sosial Müdafiə Fondunun, 2013-cü ildən 2018-ci ilə qədər isə ƏƏSMN aparatının rəhbəri vəzifəsinin icrası zamanı təkrar olaraq qabaqcadan əlbir olmuş bir qrup şəxs halında külli miqdarda məbləğ təşkil edən vəsaiti rüşvət qismində əldə edib.
Təqsirləndirilən şəxs göstərilən əməlləri törətməklə öz vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Əjdər Cəbiyev Dövlət Sosial Müdafiə Fondunun rəhbəri olmuş Səlim Müslümovla əlbir olan bir qrup səxs vasitəsilə bir neçə nəfərdən rüşvət və mənimsəmə yoluyla ümumilikdə 500 min manatdan artıq vəsait əldə edib.
Bundan başqa, Əjdər Cəbiyev Səlim Müslümov və digər şəxslərlə əlbir olaraq 2014-cü ildə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində obyektlərin tikilməsi üçün qulluq mənafeyindən istifadə edərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, Konstitusiya quruluşunun müdafiəsilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması üçün Gəncə və Mingəçevir şəhərlərində mənzillərin alınması ilə bağlı dövlət büdcəsindən ayrılmış külli miqdarda vəsaitin mənimsəmə yolu ilə ələ keçirilməsinə nail olub.
Həmin mənzillərin alqı-satqısı zamanı satan şəxslərə dövlət büdcəsindən ayrılmalı olan məbləğdən artıq vəsait köçürülərək müəyyən hissəsinin onlara çatdırılmasıyla bağlı razılıq əldə olunub. Ümumilikdə Gəncə, Mingəçevir şəhərlərində mənzillərin satın alınması üçün nəzərdə tutulmuş məbləğdən 262 min 760 manat dövlət vəsaiti köçürülərək nağdlaşdırılmasına nail olunub.
Qeyd olunub ki, Əjdər Cəbiyevə göstərilən halları nəzərə alaraq Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-ci maddələrilə yekun ittiham verilib.
Xəbər lenti
0