Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Fermerlər pambığa görə nə qədər subsidiya alacaq - VİDEO

© Sputnik / Denis Abramov / Mediabanka keçidPambıq
Pambıq - Sputnik Azərbaycan, 1920, 03.02.2022
Abunə olmaq
Bu ildən fermerlər təhvil verdikləri pambığa görə yalnız məhsul subsidiyası alacaqlar. Subsidiya almaq üçün fermerlər öz bəyanlarını vaxtında verməlidirlər.
BAKI, 3 fevral — Sputnik. Aqrar Subsidiya Şurası məhsul istehsalını stimullaşdırmaq məqsədilə pambıqçılığa subsidiyaların verilməsi qaydalarında dəyişiklik edib. Bu ildən fermerlər təhvil verdikləri pambığa görə yalnız məhsul subsidiyası alacaqlar.
Fermerlərə təhvil verdikləri pambığın hər tonuna görə 170 manat subsidiya ödəniləcək. Məhsul subsidiyası almaq üçün fermerlərin torpaq mülkiyyətindən asılı olmayaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) öz əkinlərini bəyan etməsi kifayətdir.
"Subsidiyanın ləğv edilməsi daha yaxşı olar"
İqtisadçı Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, subsidiyasız iqtisadiyyata keçmək daha yaxşı olardı: "Subsidiya dövlət büdcəsindən fermerlərə verilir. Ümumiyyətlə pambıq istehsalçılarına subsidiyaların verilməsinin ləğv edilməsi gündəmdə olmalıdır. Pambıq taxıl deyil ki, biz bunu strateji məhsul kimi qiymətləndirək".
"Subsidiya dövlət büdcəsi üçün yükdür"
"Dünyada pambığın qiymətləri kəskin bahalaşıb. Bu da fermerlərin gəlirinin artmasına gətirib çıxardıb. Pambıq sahəsi formalaşdığına, inkişaf etdiyinə görə gələcəkdə pambıq sənayesinə subsidiyanın verilməsinin dayandırılması yaxşı olardı. Subsidiya dövlət büdcəsi üçün yükdür" - deyə o əlavə edib.
Əvvəllər 100 manat idi
Qeyd edək ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, pambıq üzrə 2022-ci ildə məbləği artırılmaqla yalnız məhsul subsidiyası veriləcək. Bu il fermerlər tədarük məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə 170 manat (bundan əvvəl 100 manat) məhsul subsidiyası alacaqlar.
Pambıq üzrə məhsul əmsalı Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax və Zərdab rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
Yazlıq və çoxillik əkin bəyanlarının qəbuluna start verilib
Fevralın 1-dən yazlıq və çoxillik əkinlərin bəyanına başlanılır. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) verilən məlumata görə 1 fevraldan başlayaraq 1 iyun tarixinə qədər yazlıq və çoxillik əkinlər bəyan olunmalıdır.
Fermerlər eagro.az saytı vasitəsi ilə onlayn şəkildə bilavasitə özləri və ya Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM), eləcə də regional ASAN xidmət mərkəzlərinə, həmçinin Xaçmaz və Yevlax KOB evlərinə müracət etməklə əkinlərini bəyan edə bilərlər.
AKİA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruslan Zeynal bildirib ki, fermer bəyan edərkən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) elektron kabineti aktivləşdirməli, əkilən və ya yerdə mövcud bitkini doğru seçməli, bəyan hektarının konturlarını və əkin yerini elektron xəritədə düzgün qeyd etməli, yalnız öz istifadəsində olan ərazilərdə bəyan etməlidir.
Bəyanları vaxtında vermək lazımdır
AKİA rəsmisi onu da əlavə edib ki, pambıq, şəkər çuğunduru və tütün əkən fermerlər məhsul subsidiyası almaq üçün yazlıq əkin bəyanları dövründə öz bəyanlarını tam və vaxtında EKTİS-ə daxil etməlidilər.
Bəyanların vaxtında edilməsi subsidiyaların qısa vaxtda ödənilməsinə imkan yaradacaq
Qeyd edək ki, bəyanların vaxtında edilməsi monitorinqlərin sürətli və operativ təşkilinə, subsidiyaların qısa vaxtda ödənilməsinə imkan yaradacaq. Vaxtında edilməyən və ya yanlış edilən bəyan nəticəsində fermerlərə əkin subsidiyası ödənilməyəcək. Monitorinq zamanı aşkarlanmış yanlış bəyan fermer üçün subsidiyanın az ödənilməsi, yaxud 1 və ya 2 il ödənilməməsi halı ilə nəticələnə bilər. Ödəniş aparıldıqdan sonra yanlış bəyan müəyyən edilərsə, İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsinə əsasən cərimə tətbiq oluna bilər.
Pambığın alış qiyməti daha 50 manat artırlıb
Şirkətlər fermerlərdən xam pambığın alış qiymətini 2022-ci il üçün daha 50 manat artırılması barədə razılığa gəliblər. Bununla da 2022-ci ildə şirkətlər fermerlərdən pambığın hər tonunu sortundan asılı olaraq 650-750 manata alacaqlar. Mövsümün gedişindən asılı olaraq pambıq şirkətləri tərəfindən məhsul yığımı ərəfəsində pambığın alış qiymətinin artırılması məsələsinə bir daha baxılacaq.
Pambıq yığımı azalıb
Xatırladaq ki, 2021-ci ildə sahələrdən 286,7 min ton pambıq yığılıb. Bu da 2020-ci ilə nisbətən 14,9 faiz azdır. Ötən il məhsuldarlıq 28,5 sentner olub. 2020-ci ildə isə sahələrdən 336,8 min ton pambıq yığılıb, məhsuldarlıq 33,6 sentner təşkil edib.
2020-ci ildə pambıq istehsalı 2015-ci ilə nisbətən 9.6 dəfə, 2019-cu ilə nisbətən isə 14.1 faiz artaraq 336.8 min ton olub.
Orta məhsuldarlıq 30 sentnerdən çox olub
2021-ci ildə Ağcabədi, Neftçala, Tərtər, Salyan və Yevlax rayonlarında orta məhsuldarlıq 30 sentnerdən çox olub. Bu rayonlarda əldə olunan göstərici ümumrespublika göstəricisindən yüksəkdir. Eyni zamanda aqrotexniki qulluq işlərinin düzgün təşkili nəticəsində respublika üzrə 1202 fermer təsərrüfatında hər hektardan orta hesabla 59 sentner, 210 fermer təsərrüfatında isə hər hektardan 60 sentnerdən çox pambıq məhsulu əldə edilib.
2021-ci ilin yanvar-noyabr aylarında 2020-ci ilin eyni dövrü ilə müqayisədə pambıq lifi ixracı 38,5 faiz, pambıq ipliyi 2,3 dəfə artıb.
Pambıq üzrə dünya bazarı
Çinin pambıq ehtiyatlarındakı azalma, həmçinin dünya üzrə pambığın fabrik istehlakındakı artım qlobal ehtiyatlarda azalmaya gətirib çıxaracaq.
2021-ci ilin noyabr ayında pambığın 1 kiloqramının dünya bazarı qiyməti əvvəlki ay ilə müqayisədə 7.66% artaraq 2.81 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Bu yaxınlarda Salyanda "Pambıqçılıq-2022: qarşıda duran vəzifələr" mövzusunda respublika müşavirəsi keçirilib.
Orta məhsuldarlıq göstəriciləri ildən-ilə yüksəlir
Kənd Təsərrüfatı naziri İnam Kərimov müşavirədə çıxış edərək qeyd edib ki, pambıqçılıq ölkəmizdə güclü ənənələri olan kənd təsərrüfatı sahələrindən biridir. Bu sahənin inkişafı fermerlərimizin gəlirlərinin çoxalmasına, bölgədə məşğulluq səviyyəsinin artmasına müsbət təsir edir. Son illər ərzində dövlət tərəfindən pambıqçılığın inkişafına dəstək tədbirlərinin gücləndirilməsi bu sahəni fermerlərimiz üçün daha da cəlbedici edib.
Bu sahəyə marağın artması nəticəsində pambıq istehsalının həcmi və orta məhsuldarlıq göstəriciləri ildən-ilə yüksəlir. Pambıqçılığın inkişafı daim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir. Bu sahənin inkişafı ilə bağlı Dövlət Proqramının qəbulu və icrası, fermerlərə verilən subsidiyaların artırılması və digər dəstək tədbirləri pambıqçılarımızı daim yüksək nəticələr əldə etməyə ruhlandırır.
Xəbər lenti
0