Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Zəngəzur dəhlizinin işə salınmasından kim qazanacaq?

Zəngəzur  - Sputnik Azərbaycan, 1920, 01.02.2022
Abunə olmaq
Zəngəzur dəhlizinin strateji üstünlükləri çoxdur və regionun altı ölkəsindən beşi üçün bu layihə mühüm iqtisadi önəmə sahibdir.
BAKI, 1 fevral — Sputnik. Hazırda Zəngəzur dəhlizinə aparan yolun Azərbaycan ərazisində tikintisi fəal şəkildə davam etdirilir. Sputnik Azərbaycan regionun ən çox gözlənilən bu layihəsinin nə vaxt işə düşəcəyini araşdırıb.

Yerevandan müsbət siqnallar gəlir

Azərbaycan Zəngəzur dəhlizinin tikintisi ilə bağlı Ermənistandan müsbət xəbərlər alır – bu fikri ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının yol və şəhərsalma naziri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyəti ilə videokonfrans formatında keçən görüşündə bəyan etdi.
"Həm avtomobil yolu, həm dəmir yolu artıq uğurla inşa edilir və Ermənistandan da biz müsbət xəbərlər alırıq. Ermənistan öz tərəfində də bu işlərə start verməyi planlaşdırır. Bir sözlə, ümid edirəm ki, müharibədən sonrakı dövr bütün region üçün yeni imkanlar açacaq. Əlbəttə ki, İran İslam Respublikasının bu işlərə töhfəsi də çox önəmlidir", - deyə Prezident bildirib.
Rəsmi Yerevan da Zəngəzur dəhlizinin və onun Ermənistan ərazisindəki hissəsinin tikintisi barədə məlumat verir. Belə ki, bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, beynəlxalq şirkətlər Azərbaycandan Naxçıvan Muxtar Respublikasına gedən dəmir yolunun Ermənistan hissəsinin tikintisi layihəsinə maraq göstərirlər. O, Ermənistanda dəmir yolu layihəsinin dəyərini 226 milyon dollar olaraq qiymətləndirib.

Ermənistan öz mövqeyini niyə dəyişdi

İqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, Ermənistan 2020-ci ilin noyabrında Azərbaycanla üçtərəfli bəyanatı imzalayarkən artıq Zəngəzur dəhlizinin tikintisinə razılıq verib. Ancaq Yerevan iki səbəbdən dəhlizin tikintisi faktını qəbul etməyi gecikdirib.
Ekspertin fikrincə, Ermənistan dəhlizin tikintisinə ona görə qarşı çıxmağa çalışıb ki, müharibədə məğlub olmasına baxmayaraq, Ermənistan hakimiyyətinin öz xalqına hələ də Azərbaycana müqavimət göstərdiyini nümayış etdirsin.
"Ermənistanın Zəngəzur dəhlizinin tikintisi məsələsini uzatmağa cəhd etməsinin ikinci səbəbi isə Bakı və Ankaradan daha çox dividend əldə etmək cəhdi idi, məsələn, Türkiyə ilə sərhədləri açmaq kimi", - deyə Əmirov Sputnik Azərbaycan-a bildirib.

Beş ölkənin bir dəhlizdən qazancı

Əmirovun sözlərinə görə, Zəngəzur dəhlizinin bir çox strateji üstünlükləri var.
"Beləliklə, dəhliz sayəsində İran Ermənistanla birbaşa dəmir yolu əlaqəsi əldə edəcək. Rusiyanın da Ermənistana birbaşa çıxışı olacaq ki, bu da ölkələr arasında yük daşımalarını asanlaşdıracaq, çünki Rusiya hazırda Ermənistanla qarşılıqlı münasibətlərdə Gürcüstan ərazisindən asılı vəziyyətdədir", - deyə ekspert bildirib.
Azərbaycana gəlincə isə aydın məsələdir ki, ölkəmizin əsas qazancı Naxçıvanla birbaşa quru əlaqəsinin yaradılması olacaq. Bundan başqa, dəhliz sayəsində Türkiyə Orta Asiyaya çıxış əldə edəcək.
"Türkiyənin ticarətində Orta Asiyanın payı çox azdır. Dəhliz açıldıqdan sonra Türkiyə Orta Asiya ölkələri ilə yükdaşımalarını artıra bilər. Ümumiyyətlə, Zəngəzur dəhlizi daşımaların maya dəyərini azaldacaq və bir sıra ölkələrlə ticarət dövriyyəsini artıracaq", - deyə Əmirov qeyd edib.

Layihənin reallaşması Yerevanla Bakı arasında ziddiyyətlərin nizamlanması deməkdir

Siyasi İnformasiya Mərkəzinin analitiki İvan Pyatibratovun fikrincə, Zəngəzur dəhlizi gözgörəsi infrastruktur və iqtisadi faydaları ilə yanaşı, həm də Azərbaycan rəhbərliyi üçün simvolik xarakter daşıyır.
"Bu layihənin həyata keçirilməsi Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanmasının yekunlaşması anlamına gəlir. Layihə əsasən Azərbaycanın layihəsi kimi dəyərləndirildiyinə görə dəhlizin işə salınması da təbii olaraq Azərbaycanın diplomatik və geosiyasi nailiyyəti kimi qəbul olunacaq", - deyə Pyatibratov Sputnik Azərbaycan-a bildirib.
Ekspert onu da qeyd edib ki, sərhəddə davam edən və regionda sülhün bərqərar olması prosesinə xələl gətirən toqquşmalar layihənin həyata keçirilməsinə əngəl törədir. Pyatibratovun sözlərinə görə, hərbi məsələ həll olunmayana qədər ölkələr arasında aparılan müzakirələrdə diplomatik və iqtisadi məsələlər üstünlük təşkil edə bilməyəcək.
"İnanıram ki, nəhayət, sülh bərqərar olacaq və "Zəngəzur dəhlizi" layihəsi düzəlişlərlə də olsa, bu və ya digər formada həyata keçiriləcək. Çünki söhbət təkcə Azərbaycan və Ermənistanın maraqlarından deyil, həm də regiondakı digər dövlətlərin maraqlarından gedir. Amma indiki mərhələdə vaxt baxımından proqnoz vermək çətindir", - deyə Pyatibratov bildirib.
Zəngəzur dəhlizinin tikintisinin maliyyələşdirilməsinə gəlincə, ekspertin fikrincə, burada hər şey layihənin hansı şəraitdə və hansı konfiqurasiyada həyata keçiriləcəyindən asılıdır.
"Xarici iştirak nə qədər böyük olarsa, dəhliz ətrafında münaqişə səviyyəsi də bir o qədər aşağı olar. Bütün şirkətlər, o cümlədən dövlət şirkətləri təkcə iqtisadi deyil, həm də siyasi riskləri çox diqqətlə ölçürlər", - deyə ekspert vurğulayıb.

Yalnız nəqliyyat deyil, həm də enerji layihəsi

Ekspertin fikrincə, layihənin həyata keçirilməsində əsas maraqlı tərəf Azərbaycandır. Çünki layihə Naxçıvanla əlaqələri gücləndirəcək ki, bu da həm muxtar respublikanın iqtisadi inkişafına, həm də Azərbaycanın regionda mövqelərinin möhkəmlənməsinə öz töhfəsini verəcək.
"Azərbaycan təkcə nəqliyyat kommunikasiyalarından deyil, həm də ticarət yollarından, qaz və elektrik enerjisinin tədarükündən danışır. Azərbaycanın təsirinin artmasından ehtiyatlanan Ermənistan bu layihənin iqtisadi cəhətdən güclü olmasında bir o qədər də maraqlı deyil. Ona görə də Ermənistanın layihənin yalnız nəqliyyat komponentini dəstəkləmək ehtimalı daha yüksəkdir. Hərçənd, bunun özü də kifayət qədər əhəmiyyətli məsələdir", - deyə Sputnik Azərbaycan-ın həmsöhbəti bildirib.
Pyatibratov onu da qeyd edib ki, göründüyü kimi, Azərbaycanla Ermənistanın sözügedən marşruta və onun əhəmiyyətinə dair yanaşması bir-birindən kəskin fərqlənir.
"Azərbaycan dəhlizə böyük geosiyasi və iqtisadi ümidlər bəslədiyi halda, Ermənistan bunu daha çox öz dövlət təhlükəsizliyinə təhdid hesab edir", - deyə ekpert fikirlərini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0