CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yas mərasimləri necə keçirilə bilər

© Sputnik / Leyla AbdullayevaFizuli Salahovun yas mərasimi
Fizuli Salahovun yas mərasimi - Sputnik Azərbaycan, 1920, 01.02.2022
Abunə olmaq
Millət vəkili deyir ki, polisin bütün evlərə nəzarət etməsi mümkün deyil. Ona görə də yas mərasimlərinin keçirilməsinə müəyyən qaydalarla icazələrin verilməsi yaxşı olardı.
BAKI, 01 fevral — Sputnik. Yanvarın ortalarında Azərbaycanda yas mərasimi keçirən şəxs polisi yumruqlayıb. Bərdə Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi Əliyar Həziyevə rayonun Zümürxan kəndi ərazisində xəsarət yetirilərək zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Hadisənin baş verməsinə səbəb Zümürxan kənd sakini 1974-cü il təvəllüdlü Rəfail İsgəndərovun qeyd edilən tarixdə yaşadığı evdə xüsusi karantin rejimi qaydalarına əməl etməyərək yas mərasimi təşkil etməsi olub. Rəfail İsgəndərov inzibati tənbeh tədbiri tətbiq edən polis əməkdaşı Əliyar Həziyevin üz nahiyəsinə bir dəfə yumruqla vuraraq xidməti vəzifəsini yerinə yetirən şəxsə zor tətbiq etməklə müqavimət göstərib.
Bu hadisənin baş verməsi pandemiya dövründə yas mərasimlərinə qoyulan qadağaların yumşaldılması məsələsini gündəmə gətirib. Toylara müəyyən say məhdudiyyəti və digər tələblər qoyulmaqla icazənin verilməsi yas mərasimlərinə də aid edilə bilərmi?
Toy keçirmək olar, yas yox?
Millət vəkili Ceyhun Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yas mərasimlərinə qoyulan qadağalara gələcəkdə baxılması məqsədəuyğundur:
"Əgər biz toylara icazə veririksə, yas məsələsi də nəzərdən keçirilə bilər. Onsuz da insanlar evlərdə yas mərasimləri təşkil edirlər. Evdə bəzən 50-150 nəfər toplaşaraq yas mərasimi keçirir. Evlərdə buna nəzarət etmək daha çətin olur. Bəzən isə Bərdə rayonunda qeydə alınan hadisələr təkrarlanır. Polislə yas mərasimi sahibi arasında qarşıdurma müşahidə olunur. Amma biz toylara tətbiq etdiyimiz qaydalar kimi müəyyən say müəyyənləşdirməklə yasların da keçirilməsinə icazə verə bilərik".
© Photo : © Aİİ Mətbuat xidmətiAzərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov
Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov - Sputnik Azərbaycan, 1920, 01.02.2022
Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov
C.Məmmədov bildirir ki, yas mərasimlərinin müəyyənləşdirilmiş yerlərdə keçirilməsinə müəyyən imkan yaradılacaq. Onun sözlərinə görə, necə ki, restoranlarda keçirilən el şənliklərinə polis nəzarət edir, mərasim evlərində yasların da təşkilinə nəzarəti də təmin etmək mümkün olar.
Yas mərasim evləri biznesi çöküb
Millət vəkili həmçinin bunun yas mərasiminin təşkili biznesi ilə məşğul olanlara da faydalı olacağı qənaətindədir:
"Azərbaycanda yas mərasim evləri geniş biznes növünə çevrilib. Bu qaydanın uzun müddət davam etməsi həmin mərasim evlərinin sahiblərinə və orada işləyənlərə də çətinlik yaradır. Hər mərasim evində bir neçə işçi çalışır, bu da onların maddi vəziyyətinə təsir edir. Həmçinin polisin bütün evlərə nəzarət etməsi mümkün deyil. Ona görə də yas mərasimlərinin keçirilməsinə müəyyən qaydalarla icazələrin verilməsi yaxşı olardı".
C.Məmmədov bildirir ki, bəzən yas mərasimləri israfçılıqla keçirilir:
"Bəzən dinin də tələbləri pozulur. Ona görə də pandemiya başlayandan bu barədə düşünməyə imkan yarandı. Yas mərasimləri keçirilərkən vətəndaşlar çalışmalıdırlar ki, əvvəlki israfçılıq və dəbdəbədən uzaq olsunlar. Kim istəyir ki, yaxınına ehsan versin, bunun üçün dəbdəbəli süfrə açmaqdansa, uşaq evlərinə dəstək verməklə savab qazanmaq olar. Ona görə də mən müəyyən say müəyyən etməklə yas mərasimlərinin, qeyd etdiyim kimi, yenidən təşkilinə icazə verilməsinin tərəfdarıyam".
Onsuz da evlərdə yas keçirirlər
Əjdərbəy məscidinin axundu Hacı İlham Səlimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Ruhani İdarəsinin tapşırığına əsasən onlar fəaliyyətini dayandırıb:
"Pandemiya dövründə biz fəaliyyətimizi dayandırmışıq. Məclislərin xeyir-şər evlərində keçirilməsinə qadağa qoyulsa da, görünən odur ki, insanların bir qismi bu qadağalara əməl etmirlər. Rayonlarda, hətta şəhərin mərkəzində belə evlərə yığışaraq yas məclisi keçirirlər. Ona görə də düşünürəm ki, sərt qadağadansa, yas mərasimlərinin keçirilməsi üçün yeni qaydalar tətbiq etmək olar. Xeyir-şər evlərində ara məsafəsi saxlamaqla bunu etmək daha yaxşı olar. Çünki evlərdə buna imkan yoxdur. İnsanlar mənzillərində yas mərasimi keçirdiklərindən yoluxma halları da yerlərdə artır. Əgər mərasim evlərində yas mərasimlərinin keçirilməsinə icazə verilsə, insanlar ara məsafəsi saxlamaqla, qaydalara əməl etməklə öz yaxınlarının acısına şərik olarlar. Mənzillərdə də basabasda yas mərasimlərinin keçirilməsinə ehtiyac qalmaz. Çünki, yas mərasimi insanların illərdir həyata keçirdiyi, adət-ənənə halını aldığı bir ayindir. Birmənalı şəkildə qadağalar effekt vermir. İnsanlar doğmalarına yas mərasimi keçirməyi özlərinə son borc hesab edirlər. Buna görə də hərə bir yolunu tapıb evdə də olsa, ehsan süfrəsi açır".
Toy qadağası götürüldü, yas isə yox!
Qeyd edək ki, 2020-ci il martın 14-də Operativ Qərargah ölkə daxilində tətbiq olunan sosial təcrid tədbirlərini həyata keçirdi. Bu tədbirlərə toy, yas mərasimləri və digər kütləvi toplantıların qadağan edilməsi daxil edildi.
Azərbaycanda hökumətin 2021-ci il 22 iyun qərarı ilə iyulun 1-dən etibarən toy və nişan mərasimlərinin keçirilməsinə icazə verilib. Şənlik mərasimlərində isə iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalıdır.
Amma hələ ki, yas mərasimlərinin təşkili ilə bağlı hər hansı yumşalma baş verməyib. Dünəndən isə Baş nazir Əli Əsədovun yanvarın 22-də imzaladığı qərarı ilə ölkəmizdə COVID-19 virusunun yeni mutasiyasına yoluxmuş şəxslərin karantin müddəti 14 gündən azaldılaraq 7 günə endirildi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Peyvənd olunanlar virusa yoluxduqda xəstəliyi yüngül keçirirlər - Rəsmi
Cəhalət, xurafat, mövhumat və Əlixan Rəcəbov
Karantin qaydalarına görə rəisə xəsarət yetirdi
Xəbər lenti
0