SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İran generalının Azərbaycanla bağlı açıqlaması özünü doğruldacaqmı?

© AP Photo / Jon GambrellIran
Iran - Sputnik Azərbaycan, 1920, 01.02.2022
Abunə olmaq
Politoloq Əhməd Əlili qeyd edib ki, biz yaxın keçmişdə İranın Ermənistandakı səfirinin ölkəsinin Ermənistana hərbi yardım edəcəyi ilə bağlı açıqlamalarını unutmamışıq.
BAKI, 1 fevral — Sputnik. Son dövrlər Azərbaycan-İran münasibətlərində müşahidə olunan yaxınlaşmanı intensiv səfərlər və iki ölkə rəsmiləri tərəfindən verilən açıqlamalardan da görmək olur.
Ötən günlərdə İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmmədhüseyn Baqeri AZƏRTAC-a müsahibəsində deyib ki, ölkəsi hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və suverenliyinə hörmətlə yanaşıb: "Azərbaycanın ərazilərini işğaldan azad etməsi İranı sevindirir. Biz öz ölkəmizin ərazi bütövlüyü kimi, Azərbaycanın da ərazi bütövlüyünə həssaslıqla yanaşırıq".
Sputnik Azərbaycan İran BQ rəisinin dostcanlı açıqlamalarının real hərbi-diplomatik müstəvidə özünü təsdiqləməsi imkanlarını araşdırıb. Mövzu ilə bağlı politoloqlar Əhməd Əlili və İlyas Hüseynov fikirlərini bölüşüblər.
Politoloq Əhməd Əlili qeyd edib ki, biz yaxın keçmişdə İranın Ermənistandakı səfirinin ölkəsinin Ermənistana hərbi yardım edəcəyi ilə bağlı açıqlamalarını unutmamışıq: "Azərbaycan müdafiə nazirinin bir müddət əvvəl İrana səfəri də bu mövzu ilə bağlı ölkəmizin narazılıq və narahatlıqlarını İrana çatdırmaq niyyəti daşıyırdı. Görünən odur ki, İran tərəfi də Azərbaycanla bağlı ritorikasında dəyişiklik edib".
Politoloqun sözlərinə görə, İranın BQ rəisi ayrı-ayrı vaxtlarda İran rəsmilərinin verdiyi bəyanatları neytrallaşdırmaq üçün belə bir bəyanatla çıxış edib:
"Azərbaycan Qoşulmama Hərəkatının üzv dövlətidir. Bu da ölkəmizin hər hansı hərbi bloka qoşulmasını məhdudlaşdırır. Bununla belə, ölkəmiz müdafiəsini gücləndirmək üçün müxtəlif əməkdaşlıqlar içərisindədir. Azərbaycanın Rusiyadan, Türkiyədən, İsraildən, Pakistandan və digər ölkələrdən hərbi təyinatlı məhsulların alınması ilə bağlı əməkdaşlığı mövcuddur".
"Azərbaycan təkcə bir ölkənin dəstəyi ilə öz müdafiə və təhlükəsizliyini limitləndirmək niyyətində deyil. Azərbaycanın bu gün mövcud olan silah arsenalı müasirdir. Hətta deyərdim ki, qonşu ölkələr öz ordularının təminatını bu səviyyəyə çatdırmalıdırlar", - deyə politoloq bildirib.
Politoloq İlyas Hüseynov isə hesab edir ki, İran BQ rəisinin son açıqlamaları iki ölkə arasındakı mehriban qonşuluq siyasətindən irəli gəlir: "Azərbaycan İranı tarixi bağları olan və mehriban qonşuluq siyasəti çərçivəsində əməkdaşlıq münasibəti formalaşmış bir ölkə kimi nəzərdən keçirir. Amma ötən il iki ölkə arasında müxtəlif mövzularla bağlı fikir ayrılığı var idi. İran tərəfi regionun yeni reallıqlarını tamam başqa cür qəbul edirdi".
İlyas Hüseynovun fikrincə, görünən odur ki, İran regionda yeni reallıqlar fonunda əməkdaşlıq münasibətlərinin genişləndirilməsində maraqlıdır: "Amma burada qeyd etmək istədiyim bir önəmli məqam da dövlətlərin nüfuz dairələrinə bölünməsi ilə bağlıdır. Çox mənfi tendensiya kimi qeyd edə biləcəyimiz qütbləşmə, konfrontasiya müşahidə olunur. Bu, dünyada ziddiyyətlərin genişlənməsinə xidmət edir. Belə bir zamanda İran BQ rəisinin Azərbaycana hərbi-diplomatik müstəvidə dəstək xarakterli çıxışı təqdir olunur".
Belə bir bəyanat gələcəkdə əlaqələrin daha da sıxlaşdırılmasına xidmət edir deyən politoloq əlavə edib ki, bundan sonra münasibətlərin əhatə dairəsi daha da genişlənəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0