Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Kəlbəcərdə həlak olan zabitlə vida mərasimi keçirilir

© Sputnik / Ilham MustafayevŞəhid dəfni, arxiv şəkli
Şəhid dəfni, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.02.2022
Abunə olmaq
Dörd hərbçimiz yanvarın 29-da çovğun zamanı yolu azaraq itkin düşmüşdü.
BAKI, 1 fevral - Sputnik. Azərbaycan Ordusunun Kəlbəcərdə çovğun nəticəsində itkin düşərək həlak olan baş leytenantı Bağırov Fuad Allahverdi oğlu ilə Şirvan şəhərində vida mərasimi keçirilir.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, zabitin nəşi Şirvanda yaşadığı evə gətirilib.
Vida mərasimində hərbçinin yaxınları, şəhər ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak edirlər.
---------
10:21
Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən itkin düşəndən üç gün sonra meyiti tapılan baş leytenant Fuad Bağırovun nəşi Şirvan şəhərinə gətirilib.
Sputnik Azərbaycan Report-a istinadən bildirir ki, zabitin üçrəngli bayrağa bükülmüş tabutu bu gün səhər saatlarında ailəsinə təhvil verilib.
Onun nəşi Şirvan şəhər Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, F.Bağırov ailəsi ilə birlikdə Gəncə şəhərində yaşayıb. Ailəli idi, bir oğlan və bir qız yadigarı qalıb.
---------------
31.01.2022
19:42
Kəlbəcərdə çovğun nəticəsində itkin düşərək həlak olan baş leytenant Bağırov Fuad Allahverdi oğluna şəhid statusu veriləcək.
APA-nın xəbərinə görə, qanunvericiliyə uyğun olaraq xidmət zamanı həlak olmuş Bağırov Fuad Allahverdi oğluna şəhid statusu veriləcək. Məlumatı Müdafiə Nazirliyindən APA-ya təsdiq ediblər.
Kəlbəcər rayonunun Alagöllər ərazisində çovğun səbəbindən itkin düşən və bu gün nəşi tapılan baş leytenant Fuad Bağırov Şirvan şəhərində dəfn olunacaq.
"Report"un Qərb bürosunun məlumatına görə, hərbçinin nəşi ərazidən götürülərək Gəncə şəhərində olan morqa aparılıb. Daha sonra Şirvan şəhərinə göndəriləcək və sabah orada torpağa tapşırılacaq.
Qeyd edək ki, əslən Şirvan şəhərindən olan F.Bağırov ailəsi ilə birgə Gəncə şəhərində yaşayırmış. Onun 3 aylıq bir qızı yadigar qalıb.
Allah rəhmət eləsin!
***
Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələrinin şəxsi heyəti və xüsusi texnikanın cəlb olunması, eləcə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində itkin düşən baş leytenant Bağırov Fuad Allahverdi oğlunun nəşi yanvarın 31-i saat 12:30 radələrində tapılaraq müvafiq qaydada ərazidən təxliyə edilib.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.
Allah rəhmət eləsin!
11:52
Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azan hərbi qulluqçumuz - baş leytenant Bağırov Fuad Allahverdi oğlunun axtarışı aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqədə davam edir.

Keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında tapılan digər üç hərbçimiz isə artıq helikopterlə təxliyə edilərək Bakı şəhərində yerləşən hərbi hospitala yerləşdirilib. Hərbi qulluqçularımızın müalicəsi ixtisaslaşdırılmış həkimlərin nəzarəti altında davam edir və onların səhhətində həyati təhlükə yoxdur.
***
Yanvarın 29-na olan məlumat
Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən dörd nəfər hərbi qulluqçumuz - baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAHHXHQ kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu ərazidə istiqaməti itirərək azıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, hərbi qulluqçularımızın tapılması məqsədilə dərhal təxirəsalınmaz tədbirlərə başlanılıb.
Keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında kiçik çavuş C.Hüseynov, əsgər M.Hüseynov və əsgər Y.Kərimov tapılıb. Onlar Kəlbəcərdəki hərbi hospitala yerləşdirilərək həkim nəzarətinə götürülüblər.
Baş leytenant F.Bağırovun tapılması məqsədilə axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0