Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İşğaldan azad edilmiş ərazilərdə turizm zonaları minalardan təmizlənəcək

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidBozena 5 mina təmizləyən maşını
Bozena 5 mina təmizləyən maşını - Sputnik Azərbaycan, 1920, 28.01.2022
Abunə olmaq
Turizm, dağ mədən sənayesinin inkişafı məqsədilə ərazilərin minalardan təmizlənməsi nəzərdə tutulur.
BAKI, 28 yanvar — Sputnik. Keçən il ərzində 20 mindən hektardan çox ərazi minalardan təmizlənib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Nazirlər Kabinetinin Aparat rəhbəri Rüfət Məmmədov bildirib.
R.Məmmədov deyib ki, 2021-ci ilin əvvəlindən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı təmizləmə işlərinə start verilib: "Bu işlərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, eləcə də fəaliyyət göstərdikləri istiqamətlər üzrə Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidmətinin müəyyən kontingenti cəlb olunub. Həmin ərazilərdə 52 mindən çox piyada, texnika əleyhinə minalar, partlamamış hərbi sursatlar aşkar olunaraq zərərsizləşdirilib".
Nazirlər Kabinetinin Aparat rəhbəri nəzərə çatdırıb ki, keçən il ərzində ümumilikdə 95 layihə icra edilib. Bu layihələrin əsas məqsədi ərazilərdə lazımı əsas infrastrukturun, xüsusilə nəqliyyat, energetika, su təsərrüfatı, eləcə də digər infrastrukturun yaradılması, ərazilərin iqtisadi dövrəyə buraxılması, xüsusilə kənd təsərrüfatı, sənaye parkları üçün nəzərdə tutulan ərazilərin, eyni zamanda artıq vətəndaşlarımızın bu ərazilərə qayıtması məqsədilə yaşayış yerlərinin bərpası, yenidən qurulması işlərinin aparılmasına əlverişli şəraitin yaradılmasından ibarətdir.
Bu işlərin davam etdirilməsi məqsədilə bu ildə daha geniş miqyasda minatəmizləmə işlərinin aparılması nəzərdə tutulub. 2022-ci ildə Nazirlər Kabinetinin təsdiq etdiyi minatəmizləmə planına uyğun olaraq 40 min hektar ərazinin təmizlənməsi nəzərdə tutulur. Yəni keçən ilə nisbətən 2 dəfə artıq bir ərazi təmizlənəcək. Turizm, dağ mədən sənayesinin inkişafı məqsədilə ərazilərin minalardan təmizlənməsi nəzərdə tutulur. Həmçinin daha geniş miqyasda yaşayış məntəqələrinin bərpası, yenidən qurulması planlaşdırılır.
R.Məmmədovin sözlərinə görə, bu ərazilərin digər yerlərdən daha çox çirkləndiyini nəzərə alaraq, keçən ildən süni intellekt əsasında çalışan, uzaq məsafədən, yəni, havadan mina sahələrinin tədqiqatı sisteminin tətbiqinə başlanıb:
"Bu sahədə ümumiyyətlə, Azərbaycan dünyada bu tətbiqdən istifadə edən ilk ölkələrdən biridir. Bu sistemlə minaların yerini dəqiq müəyyən etmək olur".
İşçi qrup yaradılıb
DTA-dan bildirilib ki, agentlik işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzində fəaliyyət göstərən 5 alt İşçi Qruplarına üzv təyin edilib.
İşğaldan azad edilmiş ərazilərin turizm resurslarının qiymətləndirilməsi, turizm nümayiş obyektlərinin uçotunun aparılması, turizm potensialdan səmərəli istifadə edilməsi, sağlamlıq, dağ, mədəni turizm resurslarının araşdırılması ilə bağlı "Turizm resurslarının qiymətləndirilməsi" adlı ilkin metodologiya sənədi hazırlanıb. Agentlik tərəfindən layihə sənədinin genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə turizm resurslarının qiymətləndirilməsi ilə bağlı işlərin aparılması planlaşdırılır.
Qarabağ bölgəsində Füzuli hava limanı dayanıqlı turizmin inkişafı baxımından önəmli layihə hesab edilir. Əlavə olaraq, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi, tikintisi Füzuli, Xocavənd, eləcə də Şuşanın turistlərə əlçatan olmasını təmin edəcəkdir. Bununla yanaşı, Kəlbəcər-Laçın istiqamətinə Göygöl rayonundan başlayaraq magistral yol salınması nəzərdə tutulub.
Bölgəyə turistlərin əlçatanlığının təmin edilməsi məqsədilə dəmir yol xətlərinin bərpası mühüm hesab edilir. Bununla bağlı ümumi uzunluğu 45 kilometr olan Bərdə-Ağdam dəmir yol xəttinin bərpası üzrə işlər həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı turizmin, turizm klasterlərinin inkişafı, təşviqedici, tənzimləyici siyasət mexanizmlərinin işlənilməsi, innovativ texnologiya alətlərinin tətbiqi, turizm infrastrukturu, dövlət-özəl əməkdaşlıq, həmçinin digər prioritet istiqamətlər əsasında Qarabağ Turizm Strategiya layihə sənədi hazırlanıb.
"Yolumuz Qarabağa" konseptual turizm marşrutlarının layihələri təqdim edilib
Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərin geniş turizm potensialı nəzərə alınaraq, Dövlət Turizm Agentliyi tərəfindən "Yolumuz Qarabağa" konseptual turizm marşrutlarının layihələri təqdim edilib.
Layihə sənədi əsasında Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi ilə müvafiq əməkdaşlıq əsasında "Yolumuz Ağdama" turizm marşrutunun təşkili ilə bağlı tələb olunan müvafiq infrastruktur işləri həyata keçirilib. Dövlət Turizm Agentliyi tərəfindən "Şahbulaq Qalası"na dair ilkin memarlıq, turizm inkişaf konsepsiyası hazırlanıb.
Qarabağ regionunun müxtəlif ərazilərində turizm, rekreasiya zonalarının yaradılması potensialı mövcuddur. Şuşanın zəngin təbiət ətrafında yerləşməsi, tarix-mədəni turizm obyektlərinə yaxınlığı, turizm fəaliyyətlərinin mümkünlüyü, əsas magistral yola yaxınlığı baxımından imkanları yüksək qiymətləndirilir.
Kəlbəcərdə İstisu bölgəsinin böyük imkanları mövcuddur. Uzun müddət İstisu bulağından sağlamlıq, eləcə də kurort məqsədilə istifadəsi ərazinin inkişafına zəmin yaradır. Bununla bağlı, Kəlbəcərdə İstisu, Vəng, Zülfüqarlı kimi təbiət ərazilərində rekreasiya imkanları yüksəkdir.
Kəlbəcər, Zəngilan, Xocavənd, Qubadlı, Laçın bölgələrində yaradılması planlaşdırılan turizm və rekreasiya zonalarının əraziləri Dövlət Turizm Agentliyi tərəfindən müəyyən edilib. Burada həmçinin Şuşada Xarıbülbül, Qarabağ mehmanxanaları ən son standartlara uyğun formada təmir edilib.
Sənəddə həmçinin vurğulanıb ki, qeyd olunanlar ilə yanaşı, Dubayda "ATM 2021" (Arabian Travel Market 2021), Moskvada "OTDYKH Leisure" turizm sərgilərində Qarabağın turizm potensialı təqdim edilib: "Dövlət Turizm Agentliyi tərəfindən qəbul edilmiş "İşğaldan azad edilmiş ərazilərdə turizmin inkişafına dair Fəaliyyət Planı"na uyğun olaraq strateji inkişaf, turizmin inkişafı, təşviqi, turizm və rekreasiya zonalarının yaradılması, sağlamlıq və qış turizmi resurslarının layihələndirilməsi və digər tədbirlərin icrası nəzərdə tutulub".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0