CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəzgək deyil, ceyran: Dövlət Qoruğunun mühafizə rejimini pozdular

© AR Ministry of Ecology and Natural ResourcesCeyranlar
Ceyranlar - Sputnik Azərbaycan, 1920, 28.01.2022
Abunə olmaq
Qanun pozucularının Daşkəsən rayon sakinləri Elnur Şadiyev və Mirzəli Orucov olduğu müəyyən edilib.
BAKI, 28 yanvar — Sputnik. Korçay Dövlət Təbiət Qoruğunun əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Qoruğun mühafizə rejimini pozan şəxslər saxlanılıblar.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, araşdırma zamanı qanun pozucularının Daşkəsən rayon sakinləri Elnur Şadiyev və Mirzəli Orucov olduğu müəyyən edilib.
Onun sözlərinə görə, mühafizə rejimini pozan təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.
Korçay qoruğu prezidentin 2008-ci il 01 aprel tarixli 2745 nömrəli Sərəncamına əsasən Göranboy rayonunun inzibati ərazinin 4833,6 hektar sahəsində yaradılılıb.
Onun yaradılmasında əsas məqsəd Bozdağın təbii landşaftının, nadir, eləcə də nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin qorunub saxlanılmasıdır. Korçay Dövlət Təbiət Qoruğunda 300 ceyran məskunlaşdırılıb.
Xatırladaq ki, bir neçə gün öncə sosial şəbəkələrdə bir qrup xarici ölkə vətəndaşının Tovuz rayonu ərazisində, Ceyrançöldə "Bəzgək" ovlamalarına dair məlumat yayılmışdı. Ceyrançöldə ərəblərin "Bəzgək" ovlamaları barədə görüntülər haqda Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova açıqlama verərək, Ceyrançöl ərazisinə nazirliyin regional idarələrinin əməkdaşları tərəfindən baxış keçirildiyini, lakin heç bir qanunsuz ov aparılması faktının aşkar edilmədiyini bildirmişdi.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir qrup xarici ölkə vətəndaşının Tovuz rayonu ərazisində, Ceyrançöldə "Bəzgək" ovlamalarına aydınlıq gətirərək bildirmişdi ki, Ceyrançöldə ərəblərin "Bəzgək" ovlamalarının görüntülərindən xəbərdardırlar: "Sosial şəbəkədə yayılan foto, videogörüntülərdən xəbərdarıq. Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcək, qanun pozucularının cərimələnməsi həyata keçiriləcək".
Ovda iştirak edən ərəblərdən biri "Binthaninayef" adlı "Instagram" hesabında Azərbaycanda ov edərkən çəkilmiş fotosunu paylaşıb. O, sözügedən fotonun 23 yanvar 2022-ci ildə Azərbaycanda çəkildiyini deyib. Məlumata görə, ərəblər artıq Azərbaycanı tərk ediblər, fotoları da bundan sonra paylaşıblar.
Bundan əvvəl, ötən ilin dekabr ayının 3-də Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Saatlı rayonunda Azərbaycanın ovçuluq haqqında qanunvericiliyinin tələblərini pozan xarici ölkə vətəndaşları saxlanılıblar. Bunu Xidmət rəisi Hikmət Əlizadə bildirib.
O bildirib ki, araşdırma zamanı onların Küveyt vətəndaşları Jarrah Alazemi, Ahmad Alazemi, Saad Alazmi, Marzooq Alazmi, Rashed Alazemi, Ayedh Alazimi, Bəhreyn vətəndaşları Abdulla Rebai Hameed Khalaf, Mohamed Abdulvahab Ahmed Alharmasi Alhajrı və İmişli rayon sakini Dilavər İbişov olduğu müəyyən edilib.
Faktla əlaqədar akt, protokol tərtib edilib, təqsirkarlar ümumilikdə 10352 manat məbləğində cərimə olunublar.
Azərbaycanda dəfələrlə ərəb turistlərin qanunsuz ov etməsi barədə faktlar aşkarlanıb. Onlar bundan əvvəl Qax Dövlət Təbiət Yasaqlığının ərazisində, Acınohur çölündə böyük düşərgə quraraq nadir quş, heyvanları ovladıqları üçün ictimai qınağa səbəb olmuşdular. Nəticədə canlarını cərimə ödəməklə qurtardılar.
Ondan əvvəl isə ərəb turistlər Salyan, Hacıqabul, Neftçala, Masallı rayonları ərazisində qanunsuz ovla məşğul olarkən saxlanılıblar.
Xəbər lenti
0