Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Şərqi Zəngəzurda 40 ədəd ikimərtəbəli ev inşa olunub

Abunə olmaq
Kənd ərazisində bir-birinə oxşar şəkildə 4 inzibati bina tikilib. Həmin inzibati binaların giriş tağları diqqəti cəlb edir.
BAKI, 27 yanvar — Sputnik. Ötən il aprelin 28-də Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan “Ağıllı kənd” layihəsinin icrası həmin gündən başlayaraq sürətlə davam etdirilir. 3 kəndin sakinlərinin yaşayışı üçün nəzərdə tutulan kənddə fərdi yaşayış evləri ilə yanaşı, inzibati və ictimai binalar da inşa olunur.
Kəndin giriş hissəsi meydan adlanır. Meydanda iki mərtəbədən ibarət inzibati binalar tikilib. Burada bələdiyyə, ASAN xidmət, poçt, polis, tibb məntəqəsi, market və digər xidmət sahələri yerləşəcək. Həmin inzibati binalarda da son tamamlama işləri görülür.
Kənd ərazisində bir-birinə oxşar şəkildə 4 inzibati bina tikilib. Həmin inzibati binaların giriş tağları diqqəti cəlb edir. Bu giriş tağlarında istifadə olunan daşlar erməni vandalizmi nəticəsində dağıdılmış evlərdən götürülüb. Kəndin məktəb və bağça binası da giriş hissədə yerləşir.
360 şagird yerlik məktəb binası müasir standartlara cavab verəcək şəkildə inşa olunur. Onun yaxınlığındakı isə 80 çarpayılıq körpələr evi və uşaq bağçasının binasıdır. Hər iki binada əsas işlər görülüb, son tamamlama işləri aparılır.
“Ağıllı kənd” pilot layihəsi əsasən 5 komponent üzrə icra edilir. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi yaşayış evi tikilib. Evlərdə beton işləri başa çatdırılıb, dam örtükləri vurulub.
Yaşayış evlərinin bir qismi yaşayış üçün tam olaraq hazırdır. Qalanlarının isə daxilində suvaq, rənglənmə və digər işlər görülür. Bütün binaların hasar hissəsinin iki tərəfi betonlanıb. Ortada isə xüsusi izolyasiya qatı var. Bu da qışda və yayda içərinin temperaturunun tənzimlənməsində birbaşa rol oynayır. Tikilən 200 fərdi yaşayış evindən 160-ı birmərtəbəlidir.
Evlər 3-4 və 5 otaqdan ibarətdir. Gələcəkdə ehtiyac olarsa, evlərinin sayının artırılması da nəzərdə tutulur. Kənd ərazisində 40 ədəd ikimərtəbəli ev də inşa olunub. İkimərtəbəli evlər kəndin müxtəlif ərazilərində tikilib. Bu evlər ailə üzviləri çox olan ailələrə veriləcək. Ağıllı kənddə müasir şəhərsalma standartları da tətbiq olunur. Evdaxili mühəndis-kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulur. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin edilir.
Müasir şəhərsalma standartlarının tətbiqi, küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, su elektrik stansiyalarının, günəş paneli stansiyalarının quraşdırılması, bioqaz enerjisindən istifadə kimi amillər bu konsepsiyanın əsas komponentləri sırasındadır. Kənddəki bütün evlər 0,12 hektar torpağın içərisində tikilib.
Burada evlə yanaşı 2 otaqdan ibarət yardımçı tikili də inşa olunub ki, sakinlər burdan məişət əşyalarının saxlanılması üçün istifadə edə biləcəklər. Evin arxa hissəsi tərəvəz bitkilərinin, qarşı hissəsi isə meyvə ağaclarının əkilməsi üçün nəzərdə tutulub.
Həyətlərdəki yardımçı tikilidə sakinlər toyuq-cücə də saxlaya biləcək. Mal-qara saxlamaq üçün isə kəndin kənarında əlavə ferma tikiləcək. Əlavə olaraq kənddə 300-400 başlıq camış ferması da tikiləcək. Ferma “ağıllı” texnologiya ilə işləyəcək.
Belə ki, fermada məlumatların təhlili üzrə proqram təminatı yaradılacaq. Mal-qaranın yemlənməsi, sağlamlığı və sağılması xüsusi nəzarət altında olacaq. Heyvanlar xüsusi sensorlarla təchiz ediləcək. Ferma ərazisində peyin emalı da həyata keçiriləcək. Peyindən gübrə və bioqaz alınacaq. Qeyd edək ki, Zəngilan rayonunun 1-ci, 2ci- və 3-cü Ağalı kəndləri 2020-ci ilin oktyabrın 28-də işğaldan azad edilib.
Xəbər lenti
0