CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qafqaz Müsəlmanları İdarəsi din xadimlərinə çağırış edib

© Sputnik / Murad OrujovBakıda məscid, arxiv şəkli
Bakıda məscid, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.01.2022
Abunə olmaq
"Dini etiqad azadlığı haqqında" qanuna yeni dəyişikliklər ediləcək.
BAKI, 27 yanvar — Sputnik. Qafqaz Müsəlmanları İdarəsi din xadimlərinə müraciət edib.
Sputnik Azərbaycan xəbər verir ki, müraciətdə deyilir:
"Son günlər "Dini etiqad azadlığı haqqında" qanuna yeni dəyişikliklər ediləcəyi ilə bağlı yayılan müxtəlif fikir və şərhləri nəzərə alaraq aşağıdakıları bildiririk:
Qafqaz Müsəlmanları İdarəsi olaraq ölkəmizdə din-dövlət münasibətlərinin tənzimlənməsi istiqamətində aparılan işləri son illər qanunvericilik müstəvisində gedən islahatların davamı olaraq qiymətləndiririk.
QMİ dindarları və din xadimlərini "Dini etiqad azadlığı haqqında" qanuna nəzərdə tutulan yeni dəyişikliklər qəbul ediləcəyi təqdirdə qanunun bütün müddəalarına birmənalı şəkildə əməl etməyə çağırır. Din xadimlərindən İdarənin mövqeyini nəzərə almaları, cəmiyyətimizdən isə bu mövzuda sui-istifadə hallarına yol verilməməsi xahiş olunur.
Dini mərkəz olaraq QMİ dövlətin müvafiq icra qurumu ilə birgə əməkdaşlıqda dövlətimizin dini-mənəvi sahədə siyasətinin həyata keçirilməsində hər zaman yaxından iştirak edir və din-dövlət münasibətlərinin yüksək səviyyəsinin təmini işinə bundan sonra da öz töhfəsini verəcək.
Din-dövlət münasibətlərinin yüksək səviyyəsinin qorunub saxlanılması vacibdir. Uca Allahın köməyi ilə, müstəqil dövlətçiliyimizin mənafeləri naminə atılacaq bütün addımların xeyirlərə vəsilə olacağına, xalqımızın milli-mənəvi maraqlarına xidmət edəcəyinə inanırıq".
Qeyd edək ki, "Dini etiqad azadlığı haqqında" qanunun 8-ci maddəsinə dəyişiklik ediləcək.
Azərbaycanda İslam dininə aid ibadət yerlərinə, ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsindən alınır. Bu, "Dini etiqad azadlığı haqqında" qanunun 8-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.
Dəyişikliyə əsasən, İslam dininə aid ibadət yerlərinə, eləcə də ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum) verilir. Müvafiq qurum təyinatla bağlı sadəcə Qafqaz Müsəlmanları İdarəsinə məlumat verəcək.
Qeyd edək ki, qanunun 8-ci maddəsinin hazırkı variantı belədir: "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunur və hər beş ildən bir attestasiyadan keçir".
Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edəcək.
Bu, "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinə təklif olunan digər dəyişiklik layihəsində əksini tapıb.
Dəyişikliklə dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul edəcək.
Qeyd edək ki, "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinin uyğun bəndi hazırda belədir: "Dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri qəbul edə bilər".
Digər dəyişikliyə əsasən, Azərbaycanda məscidlərə təyin edilmiş din xadimi tutduğu vəzifədən azad edildikdə dini icma öz dini fəaliyyətini dayandırmayacaq.
Dəyişikliklə qanun 8-ci maddəsinin VII hissəsi ləğv edilir.
Qanunun hazırkı variantı belədir: "Dini ibadət yerinə və ziyarətgaha təyin edilmiş din xadimi tutduğu vəzifədən azad edildikdə, həmin vəzifəyə yeni din xadimi təyin olunanadək dini ibadət yerinin və ziyarətgahın dini icması öz dini fəaliyyətini dayandırır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Qafqaz Müsəlmanları İdarəsinin bu səlahiyyəti əlindən alındı
Allahşükür Paşazadə Roma Papası ilə görüşüb
Xəbər lenti
0