CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uçot intizamını pozan mikro sahibkarlar iyirmi faiz vergi ödəyəcək - VİDEO

Manat - Sputnik Azərbaycan, 1920, 26.01.2022
Abunə olmaq
Mikro sahibkarlıq subyektlərinə tətbiq edilən gəlirdən 75 faizlik güzəşt bundan sonra yalnız şəffaf işləyən vergi ödəyicilərinə şamil ediləcək. Məsələnin detalları Sputnik Azərbaycan-ın materialında
BAKI, 26 yanvar — Sputnik. Bu ildən mikro sahibkarlıq subyekti olan vergi ödəyicilərinin mənfəətlərinə (gəlirlərinə) tətbiq edilən 75 faiz vergi azadolması yalnız gəlir və xərclərinin uçotunu aparan şəxslərə tətbiq ediləcək. "Kölgə iqtisadiyyatı"nın qarşısının alınması və uçotun şəffaflaşdırılması məqsədilə bu güzəşt bütün vergi ödəyicilərinə deyil, yalnız gəlir və xərclərin uçotunu aparan və şəffaf şəkildə fəaliyyət göstərən vergi ödəyicilərinə şamil ediləcək.
İndiyədək uçot intizamını pozanlar da, pozmayanlar da bu güzəştdən istifadə edirdi
Məsələni şərh edən vergi üzrə mütəxəssis Anar Bayramov Sputnik Azərbaycan-a bildirib ki, uçot intizamını pozmaqla gəlirlərini gizlədən və vergidən yayınan vergi ödəyicilərinin belə güzəştlərdən istifadə etməsi intizamlı vergi ödəyicilərinə münasibətdə ədalətsiz rəqabət mühiti yaradır:
"Məsələn, şəxs 100 min manatlıq malı vergi ödəyicisinə təqdim edib, amma onda həmin malın alışına aid heç bir sənəd yoxdur. Bu zaman həmin şəxs uçotu düzgün aparmamaqla yanaşı, gəlirdən 75 faiz güzəşt əldə edirdi. Bu da uçotunu doğru-düzgün aparan vergi ödəyicilərinə münasibətdə ədalətsiz rəqabətə gətirib çıxarırdı. Başqa sözlə, indiyədək uçot intizamını pozanlar da pozmayanlar da bu güzəştdən istifadə edirdilər. Amma bundan sonra ancaq uçotunu doğru, düzgün aparanlar bu güzəştdən yararlanacaqlar".
© Photo : Courtesy of Anar Bayramovİqtisadçı-ekspert Anar Bayramov
İqtisadçı-ekspert Anar Bayramov - Sputnik Azərbaycan, 1920, 25.01.2022
İqtisadçı-ekspert Anar Bayramov
Gəlir və xərc uçotunu doğru-düzgün aparmayanlar güzəştdən məhrum olacaqlar
O bildirib ki, düzdür, malların alışını təsdiq edən sənəd olmasa, qanunvericilikdə 10 faiz maliyyə sanksiyası nəzərdə tutulur:
"Yəni mütləq təqdim edilən malların mədaxilini təsdiq edən sənəd olmalıdır. Amma bu vergi ödəyicisinə yoxlama nə vaxt açılarsa, o zaman bu sanksiya tətbiq edilir. Bəzən elə ola bilər ki, yoxlama açılmasın və ona görə də maliyyə sanksiyası tətbiq edilməsin. Deməli, şəxs həm maliyyə sanksiyasından yayınır, həm də 75 faiz güzəşt əldə edir. İndi isə gəlir və xərc uçotunu doğru-düzgün aparmayanlar bu güzəştdən məhrum olacaqlar".
Uçot intizamını pozanlar 20 faiz gəlir vergisi verəcəklər
"Gəlir və xərclərinin uçotunu aparmayan mikro sahibkarlar 20 faiz gəlir (mənfəət) vergisi ödəyəcəklər. Məsələn, əgər uçot intizamını pozan fərdi sahibkarın 800 manat gəliri olarsa, 160 manat vergi (800x20%=160 manat) ödəyəcək. Uçot intizamını pozmayan, uçotunu doğru-düzgün aparan fərdi sahibkarın gəliri 800 manat olarsa, 40 manat vergi (800x5%=40 manat) ödəyəcək. Beləliklə, arada 120 manat fərq yaranacaq", - deyə ekspert əlavə edib.
Gəlir və xərclərinin uçotunu aparan şəxslərə vergi güzəşti tətbiq ediləcək
Dövlət Vergi Xidmətindən bildiriblər ki, qanunvericiliyə edilmiş növbəti dəyişikliklərdən biri də mikro sahibkarlıq subyekti olan vergi ödəyicilərinin mənfəətlərinə (gəlirlərinə) tətbiq edilən 75 faiz vergi azadolmasının yalnız gəlir və xərclərinin uçotunu aparan şəxslərə tətbiq edilməsi ilə bağlıdır.
Məqsəd "Kölgə iqtisadiyyatı"nın qarşısının alınmasıdır
Mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin (fərdi sahibkarların) sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin (gəlirin) 75 faizi mənfəət (gəlir) vergisindən azaddır. "Kölgə iqtisadiyyatı"nın qarşısının alınması və uçotun şəffaflaşdırılması məqsədilə qanunvericiliyə edilmiş dəyişiklik nəticəsində həmin güzəştin bütün vergi ödəyicilərinə deyil, yalnız gəlir və xərclərin uçotunu aparan və şəffaf şəkildə fəaliyyət göstərən vergi ödəyicilərinə şamil edilməsi nəzərdə tutulur. Belə ki, vergi ödəyicilərinin fəaliyyəti üzrə uçot intizamının təmin olunması vergi siyasətinin əsas istiqamətlərindən birini təşkil edir və malın (işin, xidmətin) təqdim olunması üzrə uçot intizamını pozan vergi ödəyicilərinə münasibətdə cəza tədbirləri sərtləşdirilir.
Bu dəyişiklik son illər ərzində uçotun şəffaflaşdırılması ilə bağlı həyata keçirilən vergi siyasətinin ümumi prinsipləri baxımından xüsusi əhəmiyyət kəsb edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
İcbari Tibbi Sığortanın ƏDV-dən azad edilmə müddəti artırılıb
Sahibkarlıq sahəsində yoxlamalar daha bir il dayandırılır
Qiyməti fiksə etsələr, ərzaq yoxa çıxacaq. Hökumət nə tədbir görəcək - VİDEO
Xəbər lenti
0