SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan məcburi köçkünlərin geri qaytarılmasına mane olur

© Sputnik / Zulfiyya GuluyevaZəngilanlı məcburi köçkünlər
Zəngilanlı məcburi köçkünlər - Sputnik Azərbaycan, 1920, 26.01.2022
Abunə olmaq
BAKI, 26 yanvar — Sputnik. Azərbaycan dinc sakinlərə hücumları və beynəlxalq humanitar hüququn pozulmalarını qətiyyətlə pisləyir. Şəhər rayonlarında baş verən silahlı münaqişələr mülki əhaliyə və baza strukturuna ciddi ziyan vurur. Bəzən hərbi hədəflər və ya mütənasib hərbi üstünlük olmayan rayonlarda hərbi qüvvə tətbiq edilir, silah tətbiq edilən mülki şəxslər və mülki obyektlər bilərəkdən hədəfə çevrilir. Belə hallarda mülki şəxslər kor-koranə hərəkətlərin yüksək riskinə məruz qalırlar.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu yanvarın 25-də Birləşmiş Millətlər Təşkilatının (BMT) mənzil-qərargahında Təhlükəsizlik Şurasının “Şəhərlərdə hərbi əməliyyatlar: şəhər şəraitində mülki şəxslərin müdafiəsi” mövzusuna həsr edilmiş iclasında ölkəmizin BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev deyib.

Azərbaycanda mülki şəxslərin qorunmasının pozulması təsadüfi hallar olmayıb

Azərbaycanlı diplomat çıxışında qeyd edib ki, ötən illər ərzində hərbi əməliyyatların aparılmasını nizamlayan hüquqi baxımdan məcburi normaların möhkəm təməli işlənib hazırlanıb. İnkişaf etməkdə olan beynəlxalq məhkəmə praktikası beynəlxalq hüququ möhkəmlətməyə kömək edib, ən ciddi cinayətlərə görə təqsirkarların cəzalandırılmasına, belə cinayətlərin təkrarlanmasının qarşısının alınmasına, hüququn aliliyinin təmin edilməsinə, sülhün bərpasına və dünyanın inkişafına şərait yaradıb.
Bununla belə, ciddi problemlər hələ də qalır. BMT-nin Baş katibi mülki şəxslərin müdafiəsi haqqında son məruzəsində qeyd edib ki, silahlı münaqişələr hələ də mülki şəxslər arasında böyük itkilərə, yaralanma və psixoloji travmalara, seksual zorakılığa, işgəncələrə, insanların yoxa çıxmasına, habelə evlərin, məktəblərin, bazarların, xəstəxanaların, əsas mülki infrastruktur obyektlərinin zədələnməsinə və dağıdılmasına gətirib çıxarır.
Azərbaycanın BMT yanında nümayəndəliyinin rəhbəri qeyd edib ki, 1990-cı illərin əvvəlində Azərbaycan Ermənistan tərəfindən təcavüzün dağıdıcı nəticələrindən ciddi zərər çəkib. Beynəlxalq humanitar hüquqa uyğun olaraq bütün müharibə dövründə mülki şəxslərin qorunmasının pozulması yeganə və ya təsadüfi hallar olmayıb, çünki Azərbaycandakı mülki şəxslər və müxtəlif yaşayış məntəqələri dəfələrlə belə hücumlara məruz qalıb.

Ermənistanın Azərbaycanın dinc sakinlərini açıq-aşkar öldürmək niyyəti

Y.Əliyev deyib ki, mülki əhaliyə, infrastruktur obyektlərinə, yaşayış evlərinə, məktəblərə və xəstəxanalara hücumların tezliyi və vaxtı, onların qəsdən hədəfə alınması, əhalisi sıx olan rayonlara qarşı ağır partladıcı silahların və beynəlxalq səviyyədə qadağan edilmiş bombaların tətbiq edilməsi və bunun doğurduğu dağıntıların miqyası onu göstərir ki, Ermənistan açıq-aşkar Azərbaycanın dinc sakinlərini qorxutmaq və öldürmək, onları öz evlərini və əmlakını qoyub getməyə məcbur etmək niyyətindədir.
Ən ciddi pozuntuların bir neçə saat ərzində yüzlərlə dinc sakinin həlak olması ilə nəticələnməsini vurğulayan azərbaycanlı diplomat qeyd edib ki, gələn ay Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş münaqişə zamanı törədilmiş böyük soyqırımının otuz illiyi tamam olur. Ermənilər tərəfindən Xocalıya hücum və şəhərin tutulması nəticəsində yüzlərlə dinc sakin, o cümlədən qadınlar, uşaqlar və qocalar vəhşicəsinə qətlə yetirilib və ya ağır yaralanıb, girov götürülüb və işgəncələrə məruz qalıb, şəhər isə yerlə-yeksan edilib.
2020-ci ilin payızında 44 günlük müharibə nəticəsində bu münaqişə həll edilib. Azərbaycan işğaldan azad edilmiş ərazilərin reabilitasiyası və yenidən qurulması, məcburi köçkünlərin təhlükəsiz qaytarılması və münaqişədən sonrakı dövrdə dünya nizamı məsələlərinə birinci dərəcəli diqqət yetirir.

Ermənistan vətəndaşlarımızı minalarla öldürməyə davam edir

Buna baxmayaraq, döyüş əməliyyatları dayandırılandan, müharibə başa çatandan sonra Azərbaycanın yüzlərlə dinc sakini piyadalar əleyhinə minalara düşərək həlak olub və ya yaralanıb. Ermənistan Azərbaycan ərazisində yerləşdirdiyi yüz minlərlə mina barədə dəqiq məlumat verməyib, beləliklə məcburi köçkünlərin geri qaytarılmasına mane olmağa çalışıb. Üstəlik, münaqişə dövründə Azərbaycanın şəhərlərinə, qəsəbə və kəndlərinə hərbi zərbələr endirmək və hücum etmək barədə əmr verənlər hələ də cəzasız qalır. Əksinə, onların çoxu Ermənistanda milli qəhrəmanlar kimi şöhrətlənir, ali siyasi və hərbi vəzifələrə irəli çəkilirlər.

Yeni cinayətlər törədilməsinə rəvac verən katalizator

Y.Əliyev daha sonra bildirib ki, S/2022/23 nömrəli konseptual məktubda bir sıra məsələlər qaldırılır. Təhlükəsizlik Şurasının bu iclasında, o cümlədən şəhər rayonlarında hərbi əməliyyatlar zamanı mülki şəxslərin üzləşdiyi problemlərin qarşısının alınması və onlara cavab verilməsi üçün Təhlükəsizlik Şurasının sərəncamında olan vasitələrdən daha səmərəli istifadə etməyin yolları və ölkələrin beynəlxalq humanitar hüquqa riayət olunmasını necə yaxşılaşdıra biləcəkləri barədə müzakirələr zamanı həmin konseptual məktubda qeyd olunan məsələlər rəhbər götürülməlidir.
Diplomat deyib ki, beynəlxalq humanitar normalarına tam riayət edilməsinin təmin olunması bütün silahlı münaqişələrdə əsas vəzifədir. Cəzasız qalan hüquq pozuntuları çox vaxt münaqişələrin təkrarlanmasına və yeni cinayətlər törədilməsinə rəvac verən katalizator qismində çıxış edir. Azərbaycanlı diplomat vurğulayıb ki, BMT-nin Baş katibinin öz məruzəsində vurğuladığı kimi, qaydalara riayət olunması və qabaqcıl praktikanın tətbiq edilməsi, habelə təqsirkarların məhkəmə qaydasında təqibinin reallaşdırılması və qurbanlara dəymiş ziyanın ödənilməsinin təmin edilmişi üçün siyasi iradə tələb olunur.

Humanitar təşkilatlardan siyasi məqsədlər üçün istifadə edilməməlidir

Y.Əliyev qeyd edib ki, humanitar təşkilatların rolu əvəzedilməzdir. Bu təşkilatların münaqişəli və münaqişədən sonrakı hallarda iştirakı müstəsna olaraq humanitar xarakter daşımalı, bundan siyasi məqsədlər üçün istifadə edilməməli, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə müvafiq olaraq dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və milli birliyinə tam hörmət edilməklə zərərçəkmiş ölkənin razılığı, neytrallıq və qərəzsizlik prinsiplərinə uyğun şəkildə həyata keçirilməlidir.
Y.Əliyev çıxışının sonunda deyib ki, Təhlükəsizlik Şurası mülki şəxslərin müdafiəsinə xüsusi diqqət yetirməli, daim tələb etməlidir ki, silahlı münaqişədə bütün tərəflər beynəlxalq humanitar hüquq üzrə öz öhdəliklərinə tam riayət etsinlər.
Yazıda AZƏRTAC-ın materialından istifadə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0