Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İran XİN rəhbərinin Azərbaycanla bağlı açıqlaması nədən xəbər verir?

© REUTERS / Kirill Kudryavtsev/ POOLİranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan  - Sputnik Azərbaycan, 1920, 25.01.2022
Abunə olmaq
"Orta Doğu" Araşdırma Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan isə deyib ki, İran üçün qeyri-adi olan hadisələr Azərbaycan tərəfindən adi qarşılana bilər.
BAKI, 25 yanvar — Sputnik. İran-Azərbaycan əlaqələrində önəmli hadisələr gözlənilir. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.
Xatırladaq ki, ötən gün İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin Azərbaycana səfərə gedib, bu gün isə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun İrana səfəri başlayıb.
Sputnik Azərbaycan İran XİN rəhbərinin açıqlaması və iki ölkə arasında səfərlərin intensivləşməsi fonunda Azərbaycan-İran münasibətlərinin perspektivləri ilə bağlı millət vəkili Fazil Mustafanın və "Orta Doğu" Araşdırma Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltanın fikirlərini öyrənib.
Millət vəkili Fazil Mustafa bildirib ki, Azərbaycan bütün hallarda Cənub qonşusu İranla münasibətlərin normal olmasında maraqlıdır: "Azərbaycanın İranla bağlı hər hansı problemi yoxdur. Bizim münasibətlərimizdə ziddiyyət yaradan məqam İranın Ermənistanla bağlı tutduğu mövqedir. Bu mövqe bizim münasibətlərimizdə müəyyən problemlər yaşadır".
Millət vəkili bildirib ki, İranın bu mövqeyinə görə Azərbaycan tərəfinin narahatlıq duymasında əsaslı səbəblər var: "Bu da İranın həddindən artıq ermənipərəst mövqeyini sərgiləməsidir. Azərbaycanın marağı odur ki, bölgədə kommunikasiya xətlərinin bərpası ilə həm Azərbaycan, həm İran, həm də Ermənistanın yararına ola biləcək faydalı mühit yaransın".
"İran bu məsələyə isti yanaşacaqsa, bu onun da yararına olacaq. İran tərəfi sanksiyalar şəraitində ciddi çətinliklərlə üz-üzədir. Ona görə də Azərbaycanla münasibətlərdə müsbət tendensiyanın müşahidə olunması yaxşı haldır. Azərbaycan İranla münasibətlərin inkişafında maraqlıdır", – deyə millət vəkili bildirib.
"Orta Doğu" Araşdırma Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan isə deyib ki, İran üçün qeyri-adi olan hadisələr Azərbaycan tərəfindən adi qarşılana bilər: "Cənub qonşumuz işğaldan azad edilmiş ərazilərimizin bərpası prosesində iştirakçı ola bilər. Müdafiə naziri Zakir Həsənovun İran səfərində isə hansısa sensasion hadisənin baş verəcəyini ehtimal etmirəm. Düşünürəm ki, bu səfər hərbi-diplomatik münasibətlərin davamıdır".
Politoloq bildirib ki, Azərbaycan bir müddət əvvəl İranın təhdid üçün sərhədlərimizə qoşun yığmasını unutmayıb: "Ola bilsin ki, ölkələr arasında həmin ərazidə birgə hərbi təlimlərin keçirilməsi barədə razılıq əldə olunsun. Bundan başqa, mən İranın Zəngəzur dəhlizinin açılmasında fəallıq göstərə biləcəyini ehtimal edirəm".
Onun sözlərinə görə, "3+3" formatında da İran özünün birmənalı mövqeyini ortaya qoyub: "Bu baxımdan da İranın rolu əhəmiyyətlidir. Ehtimal etmək olar ki, yaxın zamanlarda enerji nəqliyyatı ilə bağlı önəmli müqavilələr imzalanacaq. Azərbaycanın İrana əvvəl etdiyi çoxsaylı təkliflər var idi. Ancaq İranın Azərbaycana qarşı sərgilədiyi mövqe proseslərə əngəl yaradırdı. İndi İran regionda yaranmış yeni reallıqlara nəzər alaraq özü üçün gözlənilməz saydığı addımları atır".
Xəbər lenti
0