CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ceyrançöldə "Bəzgək" ovlayan ərəblərin aqibəti nə oldu? Nazirlikdən açıqlama

© AFP 2024 / KARIM SAHIBƏrəb ovçu, arxiv şəkli
Ərəb ovçu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.01.2022
Abunə olmaq
Nazirlik hesab edir ki, araşdırmanın nəticəsinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcək, qanun pozucularının cərimələnməsi həyata keçiriləcək.
BAKI, 25 yanvar — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir qrup xarici ölkə vətəndaşının Tovuz rayonu ərazisində, Ceyrançöldə "Bəzgək" ovlamaları ilə bağlı məlumata aydınlıq gətirib.
Sputnik Azərbaycan-ın sorğusuna Nazirliyin mətbuat katibi İradə İbrahimova cavabda bildirib ki, Ceyrançöldə ərəblərin "Bəzgək" ovlamaları ilə bağlı yayılan görüntülərdən xəbərdardırlar: "Sosial şəbəkədə yayılan foto, videogörüntülərdən xəbərdarıq.
Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcək, qanun pozucularının cərimələnməsi həyata keçiriləcək".
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə sosial şəbəkələrdə bir qrup xarici ölkə vətəndaşının Tovuz rayonu ərazisində, Ceyrançöldə "Bəzgək" ovlamaları ilə bağlı məlumat yayılmışdı. Ceyrançöldə ərəblərin "Bəzgək" ovlamaları görüntüləri ilə bağlı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova açıqlama verərək, Ceyrançöl ərazisinə nazirliyin regional idarələrinin əməkdaşları tərəfindən baxış keçirildiyini, lakin heç bir qanunsuz ov aparılması faktının aşkar edilmədiyini bildirmişdi.
Xatırladaq ki, "Ecofront" səhifəsi Ceyrançöldə ərəblərin "Bəzgək" ovlamalarını gündəmə gətirərək, həmin ərazidə ov edən ərəblərin görüntülərini yayıb. İddia olunub ki, ərəblərin iştirakı ilə lentə alınmış görüntülər Tovuzda ov düşərgəsində çəkilib. Əcnəbi qonaqlar ovlanması qadağan olunan "Bəzgək" ovlayıblar.
Qeyd edək ki, ovda iştirak edən ərəblərdən biri "Binthaninayef" adlı “Instagram” hesabında Azərbaycanda ov edərkən çəkilmiş fotosunu paylaşıb. O, sözügedən fotonun 23 yanvar 2022-ci ildə Azərbaycanda çəkildiyini qeyd edib. Məlumata görə, ərəblər artıq Azərbaycanı tərk ediblər, fotoları da bundan sonra paylaşıblar.
Xatırladaq ki, ötən ilin dekabr ayının 3-də Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Saatlı rayonunda Azərbaycanın ovçuluq haqqında qanunvericiliyinin tələblərini pozan xarici ölkə vətəndaşları saxlanılıblar. Bunu Xidmət rəisi Hikmət Əlizadə bildirib.
O qeyd edib ki, araşdırma zamanı onların Küveyt vətəndaşları Jarrah Alazemi, Ahmad Alazemi, Saad Alazmi, Marzooq Alazmi, Rashed Alazemi, Ayedh Alazimi, Bəhreyn vətəndaşları Abdulla Rebai Hameed Khalaf, Mohamed Abdulvahab Ahmed Alharmasi Alhajrı və İmişli rayon sakini Dilavər İbişov olduğu müəyyən edilib.
Faktla bağlı akt, protokol tərtib edilib, təqsirkarlar ümumilikdə 10352 manat məbləğində cərimə olunublar.
Qeyd edək ki, Azərbaycanda dəfələrlə ərəb turistlərin qanunsuz ov etməsi barədə faktlar aşkarlanıb. Onlar bundan əvvəl Qax Dövlət Təbiət Yasaqlığının ərazisində, Acınohur çölündə böyük düşərgə quraraq nadir quş, heyvanları ovladıqları üçün ictimai qınağa səbəb olmuşdular. Nəticədə canlarını cərimə ödəməklə qurtardılar.
Ondan əvvəl isə ərəb turistlər Salyan, Hacıqabul, Neftçala, Masallı rayonları ərazisində qanunsuz ovla məşğul olarkən saxlanılıblar.
Xəbər lenti
0