Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Həftənin adrenalin qaynaqları: AMEA-da maaş sevinci, baha ərzaq, SOCAR və ermənilər

Manat - Sputnik Azərbaycan, 1920, 23.01.2022
Abunə olmaq
Yola saldığımız həftə Azərbaycanda baş verən mühüm iqtisadi hadisələri oxucuların diqqətinə çatdırırıq.
BAKI, 23 yanvar — Sputnik. Ötən həftə bir sıra sahələrdə əməkhaqlarının artırılması, ərzaq təhlükəsizliyi, qiymət artımı ilə bağlı müşavirənin keçirilməsi, istehlak bazarında qiymətlərin dəyişməsi barədə statistik məlumatlar diqqət çəkir.
Nazirlər Kabineti "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" qərar verib. Qərara əsasən, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan işçilərə vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 60 manat əlavələr ödəniləcək.
Sənədə əsasən, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin yeni aylıq vəzifə maaşları da təsdiqlənib.

AMEA işçilərinin aylıq maaşı artırılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşları artırılıb.
Bu, Nazirlər Kabinetinin "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" qərarında əksini tapıb.
Belə ki, AMEA prezidentinin aylıq vəzifə maaşı 3084 manat, 1-ci vitse-prezidentin 2136 manat, AMEA vitse-prezidentinin, akademik katibin 1974 manat, AMEA Rəyasət Heyəti üzvlərinin, elmi bölmələrin akademik katiblərinin, müşavirlərin, AMEA prezidentinin müşavirinin, katibliyin rəisinin, AMEA Gəncə bölməsinin akademik katibinin aylıq vəzifə maaşı 1476 manat, İdarə rəisinin maaşı isə 1428 manat olub.
Bundan başqa, AMEA Rəyasət Heyətinin elmi katibi, AMEA və AMEA-nın Gəncə bölməsinin aparatında: əsas şöbənin rəisi, işlər müdiri, idarə rəisinin müavininin aylıq vəzifə maaşı 1380 manat, idarənin tərkibində şöbənin rəisi, baş mühasib, əsas şöbənin rəisinin müavini, AMEA elmi bölməsinin katibi, AMEA Gəncə bölməsinin elmi katibi, AMEA prezidentinin köməkçisi, AMEA-nın akademik-katibinin köməkçisinin aylıq maaşı 1176 manat olub.
Qeyri-əsas şöbənin rəisi, sektor müdirinin 858 manat, Qeyri-əsas şöbənin rəisinin müavini, AMEA vitse-prezidentinin köməkçisinin maaşı 810 manat, baş mütəxəssis, mülki müdafiə qərargahının rəisi, qaraj müdiri 756 manat, aparıcı mütəxəssis 684 manat, mütəxəssisin aylıq vəzifə maaşı isə 624 manata çatdırılıb.

Uşaq bağçalarında işçilərin maaşı artıb

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər təhsil müəssisələri və uşaq evləri İdarəsinin işçilərinin aylıq vəzifə maaşları müəyyənləşib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Məsələn, idarə rəisinin aylıq vəzifə maaşı 864 manat, idarə rəisinin müavini 624 manat, məsləhətçi 486 manat, metodistin maaşı 470 manat olacaq.

Müəllimlərin maaşı artırılıb

Bəzi təhsil müəssisələrinin direktorlarının, direktorun müavinlərinin, müəllimlərin və gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşları artırılıb.
Nazirlər Kabineti bununla bağlı müvafiq qərarında dəyişiklik edib.
Beləliklə, 1 yanvar 2022-ci ildən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 799 manat, direktorun müavinlərinin aylıq vəzifə maaşı 719 manat müəyyən edilib. Qərara əsasən, 1 yanvar 2022-ci ildən dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları artırılıb.

Ərzaq təhlükəsizliyi, qiymət artımı ilə bağlı müşavirə keçirilib

Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
2021-ci ilin makroiqtisadi göstəricilərinə nəzər salan Baş nazir ümumi daxili məhsulun 5,6 faiz artdığını, onun həcminin 92,8 milyard manat təşkil etdiyini bildirib. Vurğulanıb ki, qeyri-neft sektoru üzrə artım 7,2 faiz olub, sənaye istehsalı 5,2 faiz, qeyri-neft sənayesi isə 18,9 faiz artıb.
Ölkənin strateji valyuta ehtiyatlarının 2,5 milyard dollara yaxın artaraq 53,2 milyard dolları ötdüyü və xarici dövlət borcunu 6 dəfədən çox üstələdiyi bildirilib. Bütövlükdə 2021-ci ildə ölkədə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub.
Qeyd edilib ki, bununla belə, orta illik inflyasiya 6,7 faiz, o cümlədən ərzaq inflyasiyası 8,1 faiz, qeyri-ərzaq inflyasiyası 5,1 faiz təşkil edib. İnflyasiyanın illik səviyyəsi 12 faiz olub.
Bildirilib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2021-ci ildə dünyada ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatıb. Qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycanda da yerli istehsalı az olan və ya idxalın üstünlük təşkil etdiyi məhsullar üzrə qiymət artımları müşahidə olunur.
İnflyasiyanın formalaşmasında ərzaq məhsullarının payı yüksək olub. Ümumi inflyasiyanın təqribən 60 faizi ərzaq inflyasiyasının payına düşür.
Belə ki, kənd təsərrüfatı və ərzaq idxalımız 2,1 milyard dollar olmaqla ümumi idxalın 18 faizini təşkil edir. 2021-ci ildə inflyasiyanın xarici amilləri əhəmiyyətli dərəcədə aktivləşib və Azərbaycanda xarici mənşəli ərzaq inflyasiyasının təsiri çox olub.
Aidiyyəti dövlət qurumlarına qısa müddət ərzində "Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında" Tədbirlər Planı barədə təkliflərini Hökumətə təqdim etmələri tapşırılıb.

Staj tələbi azaldılıb

Prezident İlham Əliyevin təsdiq etdiyi yeni qanunla "İşsizlikdən sığorta haqqında" qanuna edilmiş dəyişikliyə görə, işsizlikdən sığorta ödənişinin təyin olunması şərtləri bir qədər də yumşaldılıb.
Dəyişikliyə əsasən, müddətli əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən işdən azad olunan şəxslər üçün tələb olunan staj müddəti 36 aydan 30 aya endirilib.
Sığorta ödənişinin təyin olunması üçün əmək qabiliyyətli şəxslərin işsiz kimi qeydiyyata alındığı tarixdən sonra 3 ay gözləmə müddəti isə ləğv edilib.
Yəni, sığorta ödənişi sığorta hadisəsinin baş verdiyi tarixdən təyin olunacaq, işini itirən şəxsin müraciət etdiyi aydan etibarən işsizlikdən sığorta ödənişi almaq hüququ yaranacaq.
Qeyd edək ki, işsizlikdən sığorta ödənişi 3 halda ödənilir:
İşəgötürən ləğv edildikdə;
Ştat ixtisar edildikdə;
Müddətli əmək müqaviləsinin müddəti bitdikdə.
İşsizlikdən sığorta ödənişi almaq hüququnun yoxlanılması üçün ilk olaraq "Məşğulluq" altsistemində (DOST Mərkəzlərinə və ya ərazi məşğulluq filiallarına müraciət etməklə) qeydiyyatdan keçmək tələb olunur.
Şəxs üçün münasib iş tapmaq mümkün olmadıqda ona işsiz statusu verilir və şəxs işsiz kimi qeydiyyata alındıqdan sonra sistemdə yerləşdirilmiş ərizəni təsdiq edir.
Sığorta ödənişinin təyin və ya imtina edilməsi barədə qərar çıxarılaraq bu barədə vətəndaşa məlumat verilir.
Qeyd edək ki, 2020-ci ildə də qanunvericiliyə dəyişiklik edilərək, işsizlikdən sığorta ödənişi müddətli əmək müqaviləsinin bitməsi nəticəsində işsiz qalan şəxslərə də şamil olunub.
Son bir ildə 3,7 min nəfərə işsizlikdən sığorta ödənişi təyin olunub.

Bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI

2021-ci ildə 2020-ci ilə nisbətən istehlak qiymətləri 6,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 8,1%, qeyri-ərzaq məhsulları 5,1%, əhaliyə göstərilmiş ödənişli xidmətlər 5,8% bahalaşıb.
2021-ci ilin dekabr ayında istehlak qiymətləri əvvəlki aya nisbətən 1,6%, əvvəlki ilin dekabr ayına nisbətən 12% artıb.
2021-ci ilin dekabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları qiymətləri əvvəlki aya nisbətən 2,6%, əvvəlki ilin dekabr ayına nisbətən 15,8% bahalaşıb.

Bu ərzaq məhsulları bahalaşıb

Ötən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, çörəyin, unun, makaron məmulatlarının, düyünün, toyuq, mal və qoyun ətinin, təzə və dondurulmuş balığın, qatılaşdırılmış şəkərli və pasterizə olunmamış üzlü südün, pendirin, kəsmiyin, yoqurtun, xamanın, yumurtanın, kərə və günəbaxan yağlarının, süfrə marqarininin, narın, heyvanın, bananın, almanın, armudun, qozun, fındığın, xiyarın, pomidorun, balqabağın, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, limonadın qiymətlərində baş verib.

Portağal, limon ucuzlaşıb

Ucuzlaşma isə əsasən portağalın, limonun, xurmanın, kivinin, kələmin və yerkökünün qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2021-ci ilin dekabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,7%, əvvəlki ilin dekabr ayına nisbətən 7,7% faiz artıb.

Minik avtomobilləri üçün ehtiyat hissələri bahalaşıb

Ötən ilin dekabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma minik avtomobilləri üçün ehtiyat hissələrinin, mebellərin, məişət cihazlarının, noutbukların, geyim və ayaqqabıların, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların və mobil telefonların qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2021-ci ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,9 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 10 faiz bahalaşıb.

Bərbərxana və kosmetoloji xidmətlərin qiyməti qalxıb

2021-in dekabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin, paltarların təmiri, kimyəvi təmizlənməsi və kirayəsi, ayaqqabı və televizorların təmiri, minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Xatırladaq ki, 2021-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-noyabr aylarına nisbətən 106,2%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 107,4%, qeyri-ərzaq məhsulları üzrə 104,8%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,4 faiz təşkil etmişdi.

Azərbaycan neftinin qiyməti rekord vurub

"Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,4 dollar artaraq 92,89 dollar olub. Azərbaycan neftinin bir bareli sonuncu dəfə 2014-cü il oktyabrın 9-da 92 dollardan baha (92,84) satılıb.
Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti yanvarın 20-də (92,49) qeydə alınmışdı.
"Brent" markalı neftin qiyməti ötən günlərdə 2014-cü ilin oktyabr ayından bəri ilk dəfə 87 dollar həddini keçib.
Xatırladaq ki, son günlər dünyada neftin qiyməti bahalaşmaqda davam edir. Neft çatışmazlığı qiymətləri daha da artıra bilər.
Ekspertlər ötən ildən bahalaşmağa başlayan neft qiymətlərinin daha da artacağını gözləyir. "Omikron"un yoluxma sürətinə baxmayaraq, neftə olan tələb yüksək olaraq qalır.

SOCAR Ermənistanda zavod alır?

Şənbə günü Ermənistan mətbuatında SOCAR-ın bu ölkədə bitum zavodunu alınmasına dair məlumatlar yer alıb.
Şayiələrə reaksiya verən şirkətin nümayəndəsi İbrahim Əhmədov qeyd edib ki, bu cür absurd iddialar SOCAR-ın miqyası ilə uzlaşmır.

“SOCAR-ın Ermənistanın hansısa vilayətindəki bitum sexinə ehtiyacı və ümumiyyətlə bu ölkədə marağı yoxdu”, - deyə SOCAR sözçüsü bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0