Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ulduz effekti: Günəşdən necə qazanmaq olar? - VİDEO

© AFP 2024 / ALFREDO ESTRELLAGünəş panellərinin quraşdırılması, arxiv şəkli
Günəş panellərinin quraşdırılması, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.01.2022
Abunə olmaq
Bu gün hər kəs öz evində günəş panelləri quraşdıra bilər, icazə almağa ehtiyac yoxdur. Panellərin istismar müddəti, qiyməti, ölkədə günəş enerjisinin potensialı və digər məsələlər Sputnik Azərbaycan-ın materialında
BAKI, 22 yanvar — Sputnik. Bu gün istənilən vətəndaş öz evində günəş panellərindən istifadə edə bilər. Hazırda ölkədə 150 kilovatt gücünədək günəş elektrik sistemlərinin istifadəsi üçün heç bir icazə tələb olunmur. Lakin 150 kilovatt həddən çox böyük həcmdir. Bir yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsi üçün 2-5 kilovatt gücündə günəşlə elektrik qurğularının quraşdırılması kifayətdir. Bazarda 200-380 vatlıq günəş panelləri mövcuddur. Öncə evin elektrik enerjisinə olan tələbatı müəyyənləşdirilməli, daha sonra tələbata uyğun günəş paneli əldə edilməlidir.
Bunu Energetika Nazirliyinin Mətbuat sektorunun müdiri – mətbuat katibi Cahid Mikayılov Sputnik Azərbaycan-a açıqlamasında günəş panellərindən danışarkən deyib.

Günəş panellərinin 20-25 il istismar müddəti var

"Ola bilsin ki, günəş panellərinin ilkin investisiya dəyəri, kapital qoyuluşu bahadır, ancaq bu qurğuların 20-25 il istismar müddəti var. Günəş panellərinin qiyməti müxtəlifdir", - deyə o qeyd edib.

İlin istənilən vaxtında günəş panelləri quraşdırmaq olar

C.Mikayılov bildirib ki, ilin istənilən vaxtında günəş panelləri quraşdırmaq və ondan elektrik enerjisi almaq mümkündür: "Amma burada günəş radiasiyasının miqdarı çox vacibdir. Panelin 1 kvadratmetrinə 1000 vatt günəş radiasiyası düşdükdə maksimal elektrik enerjisi istehsal olunur. Hava tutqun olduqda düz radiasiyaya nisbətən səpələnən radiasiyanın miqdarı çox olduğundan elektrik enerjisi istehsalı azala bilir, ancaq yenə də istehsal prosesi davam edir".

Panel 18-22 faiz faydalı iş əmsalı ilə işləyir

"Günəş panelləri 18-22 faiz faydalı iş əmsalı ilə işləyir. Bu, o deməkdir ki, qurğunun üzərinə düşən günəş radiasiyasının 18-22 faizi elektrik enerjisinə çevrilə bilir. Məsələn, 200 vatlıq günəş panelinin 1 kvadratmetrinə 1000 vatt günəş radiasiyası düşdükdə o maksimum, yəni 200 vatt-saat elektrik enerjisi istehsal edəcək", - deyə o qeyd edib.
© Photo : Ministry of Energy of AzerbaijanEnergetika Nazirliyinin Mətbuat sektorunun müdiri – mətbuat katibi Cahid Mikayılov
Cahid Mikayılov - Sputnik Azərbaycan, 1920, 24.01.2022
Energetika Nazirliyinin Mətbuat sektorunun müdiri – mətbuat katibi Cahid Mikayılov

Günəş panelləri təkrar emala göndərilə bilir

O diqqətə çatdırıb ki, 20-25 il istifadədən sonra günəş panelləri təkrar emala göndərilə bilir: "Məsələn, Yaponiyada günəş panellərinin təkrar emal zavodları var. Bu zavodlar özəl investisiya hesabına qurulub. Eyni təcrübə azərbaycanlı iş adamları tərəfindən də tətbiq edilə bilər.
Hazırda Azərbaycanda günəş panellərinin təkrar emalı yoxdur. Ölkəmizdə 2010-2011-ci illərdə günəş panellərindən sənaye həcmli istifadə edilməyə başlanılıb və hələlik öz istifadə müddətini bitirməyib. Günəş panelləri hazırda istismar olunmaqdadır, ona görə də təkrar emalına başlanılmayıb. Zərurət yarandıqda investorlar təkrar emal zavodlarının tikilməsinə investisiyalar ayıra bilərlər. Yəqin, mövcud panellərin istismar müddəti bitəndə təkrar emal mümkün olacaq".

Qiymətlər istehsalçıdan, təchizatçıdan asılıdır

Nazirlik sözçüsü bildirib ki, Azərbaycanda hazırda günəş panellərinin quraşdırılması, satışı ilə bağlı kiçik şirkətlər yaranmaqdadır: "Dünyada günəş panellərinin müxtəlif qiymətləri var. Qiymətlər istehsalçıdan, təchizatçıdan asılıdır. Azərbaycanda şirkətlərin yaranması o deməkdir ki, artıq günəş panellərindən istifadə edənlər var.
Eyni zamanda, böyük həcmli günəş elektrik stansiyalarının özəl investisiya hesabına reallaşdırılması təcrübəsi də artıq formalaşır. Belə ki, ölkəmizdə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti tərəfindən 230 meqavatt gücündə günəş elektrik stansiyası quraşdırılacaq. Artıq müvafiq sənədlər imzalanıb. Bu da onu deməyə əsas verir ki, kommersiya cəhətdən artıq günəş enerjisi rəqabətqabiliyyətli hesab edilə bilər".

Azərbaycanda günəş enerjisinin potensialı 23 min meqavatt ətrafındadır

"Azərbaycanda günəş radiasiyasının miqdarı kifayət qədər yüksəkdir. Ölkəmizdə günəş enerjisinin potensialı 23 min meqavatt ətrafında qiymətləndirilir. Ümumi potensialı isə 27 min meqavatdır, bunun 23 min meqavattı günəş enerjisinin payına düşür. Son illər Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə özəl investisiyaların cəlbi istiqamətində işlər görülür", - deyə o qeyd edib.

"Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanun qəbul edilib

C.Mikayılov diqqətə çatdırıb ki, ötən il ölkədə "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanun qəbul edilib: "Bu qanun çərçivəsində alt qanunvericilik aktları da hazırlanmaqdadır. Burada bir çox mexanizmlər - investisiyaların cəlbi, bərpa olunan enerji hərraclarının keçirilməsi, aktiv istehlakçının dəstəklənməsi nəzərdə tutulur".

Hazırda Azərbaycanda günəş elektrik stansiyaları işləyir

Nazirlik rəsmisinin sözlərinə görə, hazırda Azərbaycanda günəş elektrik stansiyaları işləyir, hansı ki, günəş panelləri quraşdırılıb və onlar şəbəkəyə qoşulub. Onlar hazırda elektrik enerjisi istehsal edirlər. Məsələn, Qobustanda, Samuxda, Suraxanıda, Naxçıvanda fəaliyyət göstərən günəş elektrik stansiyalarını nümunə göstərmək olar.

Elektronlar nüvənin ətrafında fırlanırsa, deməli, onların enerjisi var

Günəş panellərinin iş prinsipi haqqında C.Mikayılov deyib: "Günəş panellərinin iş prinsipi fotoeffekt hadisəsinə əsaslanır. Bildiyiniz kimi, bütün maddələr atomlardan, atomlar isə müsbət yüklü nüvədən və ətrafında dövr edən mənfi yüklü elektronlardan ibarətdir.
Elektronlar nüvənin ətrafında fırlanırsa, deməli, onların enerjisi var və biz bu enerjidən istifadə edə bilərik. Bunun üçün yarımkeçiricilərdən ibarət fotoelementlər istehsal edilir. Fotoelementlərin üzərinə günəş şüası düşdükdə burada elektron qopması hadisəsi müşahidə olunur.
Elektronların nizamlı hərəkəti isə bizə elektrik enerjisini verir. Hazırda sənaye həcmli günəş elektrik stansiyalarında silisium əsaslı fotoelementlərdən istehsal edilmiş günəş panellərindən istifadə olunur. Günəş panellərində ənənəvi enerji istehsalı texnologiyaları ilə müqayisədə heç bir hərəkətli hissə yoxdur. Bu da qurğuların istismar müddətinin kifayət qədər uzun olmasına gətirib çıxarır".
Onu da bildirib ki, günəş, külək və hidroenerji kimi bərpa olunan enerji qurğularında yanma prosesi olmadığından onlar ekoloji təmiz "yaşıl enerji" növləri hesab olunurlar.

Günəş panellərinin quraşdırılması qiymətləri

"Provitaz" şirkətindən Sputnik Azərbaycan-a deyiblər ki, günəş panelinin quraşdırılması qiyməti standart deyil, evdə işlədilən elektrik avadanlıqlarına görə hesablanma aparılmalıdır: "Evdə hansı elektrik avadanlıqlarından istifadə olunursa, bunlar hesablanmalı və ondan sonra qiymət müəyyənləşdirilməlidir. Məsələn, birmərtəbəli kiçik ev üçün günəş panellərinin quraşdırılması təxminən 5 min manata başa gəlir. Günəş panellərinin çatdırılması, quraşdırılması həmin məbləğin içərisində gedir. Zəmanət 1-5 illikdir. Ümumiyyətlə, günəş panellərinin quraşdırılması qiyməti sabit deyil, istifadə edilən kilovatt-saatdan asılıdır".

"Ağıllı bağ"da günəş panelləri quraşdırılıb

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktor müavini Vahid Əliyev Sputnik Azərbaycan-a bildirib ki, Qubada müasir texnologiyaların tətbiqi ilə yaradılan "Ağıllı bağ"da Günəş panelləri və örtük sistemi quraşdırılıb:
"Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun "Ağıllı bağ" layihəsi çərçivəsində salınan meyvə bağının becərilməsi tamamilə avtomatlaşdırılıb. Su mənbəyi üçün qazılan subartezian quyusu günəş panellərindən alınan elektrik enerjisi ilə çalışır. Bu, elektrik enerjisi olmayan ərazilərdə effektiv fəaliyyət növüdür.
Elə ərazilər var ki, oraya elektrik xətləri çəkmək çətindir. Həmin yerlərdə günəş panellərinin quraşdırılması vasitəsilə günəşdən elektrik enerjisi alaraq bağların suvarılması mümkündür. Alternativ enerjiyə keçmək üçün fermerlərin maarifləndirilməsi həyata keçirilir.

Yarım hektar sahə üçün bunu quraşdırmağa ehtiyac yoxdur

"Alternativ enerjidən böyük ərazilərdə istifadə edilməsi daha səmərəlidir. Kiçik ərazilər üçün isə maliyyə tutumu çoxdur. Yarım hektar sahə üçün bunu quraşdırmağa ehtiyac yoxdur. Əgər fermerin 10 hektardan çox sahəsi varsa, bunu quraşdıran zaman daha effektiv olur. Böyük ərazisi olan, təxminən 10-50 hektar ərazisi olan fermerlər buna maraq göstərirlər. Ümid edirik ki, fermerlər gələcəkdə bundan daha geniş istifadə edə biləcəklər", - deyə o qeyd edib.

Fermer kommersiya müqayisəsi aparmalıdır

Enerji məsələləri üzrə ekspert İlham Şaban Sputnik Azərbaycan-a deyib ki, burada fermer kommersiya müqayisəsi aparmalıdır: "Fermer bilməlidir ki, ənənəvi enerji üçün xərci nə qədərdir, alternativ enerjidən istifadə edərsə, xərci nə qədər olacaq. Bundan sonra qərar verməlidir. Məsələn, bağ evlərinə günəş panellərini quraşdırmaq kommersiya baxımından sərfəli deyil. Burada günəş panellərinin keyfiyyət məsələsinə də diqqət etmək lazımdır. Texniki parametrlərinə görə keyfiyyətli mal olmalıdır".

Ölkədə günəş panelləri istehsal olunur

Sumqayıtda inşa olunmuş "Azgüntex" MMC iki zavodu özündə birləşdirir: "Azgüntex" günəş modulları zavodu və "Azgüntex" LED lampaları zavodu.
Şirkətin saytında məlumat verilib ki, açılışı Prezident İlham Əliyev tərəfindən qoyulan günəş modulları zavodu 2012-ci ildən günəş panellərinin istehsalı ilə məşğul olur. Avropa ölkələrinin aparıcı şirkətlərinin ən müasir texnologiyaları əsasında yaradılmış zavod 30 meqavatt gücündə günəş panelləri istehsal etmək potensialına malikdir.
Avtomatlaşdırılmış texnologiyalar vasitəsilə istehsal olunan günəş modullarının üstünlüyü möhkəmliyi, yüksək faydalı iş əmsalının olması, son model polikristallik hücrə texnologiyasından istifadəsi ilə seçilir. Quraşdırılması az vaxt alan, etibarlı, asandır.
Modullara 25 il zəmanət verilir, istifadəyə yararlılıq müddəti 30-40 ildir.
Eləcə də oxuyun:
* Qazın artığını satarıq: BOE Azərbaycana daha nə vəd edir?
* İşləməyən günəş panelləri: Deputatlar enerji sahəsindəki problemləri topa tutdular
* Bakıda üzən günəş stansiyası tikiləcək
Xəbər lenti
0