CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şuşa və Ağdama sərnişin daşıyacaq sürücülərə təlimlər keçirilib

© Baku Transport AgencyAvtobus, arxiv şəkli
Avtobus, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.01.2022
Abunə olmaq
Təlim iştirakçılarına mina və partlayıcı qurğuların törədə biləcəyi xəsarətlər barədə geniş məlumat verilib, ən kiçik ehtiyatsızlığın ölümlə nəticələnə biləcəyi diqqətə çatdırılıb
BAKI, 21 yanvar — Sputnik. İşğaldan azad edilmiş ərazilərə müntəzəm marşrutlar üzrə sərnişindaşımanı həyata keçirəcək sürücülər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən mina təhlükəsinə dair maarifləndirmə təlimlərinə cəlb edilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yanvarın 24-dən Bakı – Şuşa, Bakı – Ağdam, Əhmədbəyli – Şuşa, Füzuli Beynəlxalq Hava Limanı – Şuşa, Bərdə – Ağdam istiqamətlərində şəhərlərarası müntəzəm avtobus marşrutları istifadəyə veriləcək.
Təlimlərdə partlayıcı sursatların təhlükəsi, təhlükəli ərazinin əlamətləri, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə təqdimat olub. Həmçinin müxtəlif növ mina, partlayıcı sursatların vizual tanınması üçün maketlər nümayiş etdirilib.
Təlim iştirakçılarına mina, partlayıcı qurğuların törədə biləcəyi xəsarətlər barədə geniş məlumat verilib, ən kiçik ehtiyatsızlığın ölümlə nəticələnə biləcəyi diqqətə çatdırılıb. Bəzən partlayıcı qurğuların təhlükəli əşyaya bənzəmədiyi və zərərsiz göründüyü, su borusu, bidonlar, qaz balonu və digər məişət əşyalarının içərisinə yerləşdirilə biləcəyi vurğulanıb.
Sürücülərə yalnız müəyyən edilmiş, daha əvvəl sınaqdan keçirilmiş marşrut xətti üzrə hərəkət etmələri, heç bir halda marşrutdan kənara çıxmamaları barədə xəbərdarlıq edilib.
Sonda iştirakçılara xəbərdaredici posterlər, broşürlər, sertifikat, Təlimat kitabçaları təqdim olunub.
Qeyd edək ki, avtobuslarda sərnişinlərin məlumatlandırılması, təlimatlandırılması üçün ANAMA-nın mina təhlükəsi ilə bağlı təqdim etdiyi videoçarxlar nümayiş etdiriləcək. Həmçinin hər bir oturacağın üzərinə təlimat broşürü yerləşdiriləcək.
Qeyd edək ki, yanvarın 24-dən etibarən Ağdam və Şuşaya müntəzəm avtobus marşurutları təşkil olunacaq. Bakı-Şuşa-Bakı marşrutunun birtərəfli qiyməti 10.40 manat, Bakı-Ağdam-Bakı marşrutunun birtərəfli qiyməti 9.40 manat təşkil edəcək. Həmçinin yanvarın 24-dən Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa, Bərdə-Ağdam istiqamətində də marşrutlar açılacaq. İşğaldan azad edilmiş ərazilərə sərnişin marşrutlarına biletləri “Yolumuz Qarabağa” portalından əldə etmək olacaq. Vətəndaşlar portala daxil olduqdan sonra "ASAN login" vasitəsilə bilet ala biləcəklər.
Şuşa və Ağdama səfər etmək istəyənlər yolumuzqarabaga.az saytından qeydiyyatdan keçməlidirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0