CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

20 Yanvar faciəsi - Qərənfilin hekayəsi - FOTO - VİDEO

Qərənfil - Sputnik Azərbaycan, 1920, 20.01.2022
Abunə olmaq
20 Yanvar faciəsindən 32 il ötsə də, qərənfil matəm rəmzi olaraq qalır.
BAKI, 19 yanvar — Sputnik. Qərənfil şəhid qanı,
Qan götürdü dünyanı...
20 Yanvar faciəsi - 1990-cı ildən bir qədər öncə:
Qərənfil uzun illər sevgi, sevinc, şadlıq rəmzi olaraq toyların, şadlıqların əvəzolunmaz bəzəyinə çevrilmişdi. Qərənfil tarixən həmçinin sevgililərə görə simvolik məna ifadə edərdi. Lakin 1990-cı ilin 20 Yanvar faciəsindən sonra hər şey dəyişdi. Sevgi rəmzi olan qərənfil 20 Yanvar - 1990-cı il tarixindən küçələrə, tabutların üzərinə səpilməyə başladı.
Məhz 1990-cı ilin 20 Yanvar faciəsindən sonra qərənfil matəm rəmzi hesab edilir, yalnız yas mərasimlərinə, qəbirüstünə alınıb aparılır.
Sputnik Azərbaycan 20 yanvar faciəsinin 32-ci ildönümü ərəfəsində həm qərənfillə bağlı tarixçəni, həm də qərənfil bazarındakı vəziyyəti araşdırıb.
II Fəxri Xiyabana gedən yolda kiçik köşkdə gül satan Bayram Balıyev deyir ki, qərənfil satdığı güllər arasında ən çox alınandır. Onun sözlərinə görə, xüsusən cümə axşamları qərənfilə tələbat artır: "Alıcılar elə yalnız yas mərasimləri və qəbirüstünə qərənfil alırlar. Xüsusən müharibədən sonra qərənfilə tələbat artıb".
Satışda qərənfil qönçələri çoxluq təşkil edir. Satıcı deyir, tələbat çox, istehsal az olduğundan, qıtlıq yaranır. İstehsalçılar məcbur qalaraq elə qönçə ikən qərənfilləri dərərək satışa çıxarırlar:
"Ötən il şəhidlərimiz çox oldu. Hər kəs şəhidləri yad etmək məqsədilə bayram, cümə axşamlarında qəbirüstünə getmək istəyir. İstər-istəməz, gedən əliboş getmir, hərə bir cüt qərənfil alıb aparır. Şəhid ailələri elə hər həftə gəlib qərənfil aparırlar. Belə daimi alıcılar çoxdur. Hər həftə övladının, yaxud da əzizinin qəbrinin üstünə gül aparırlar".
O özü tez-tez şəhidlərin məzarı üstünə qərənfil aparıb qoyur:
"II Fəxri Xiyaban çox yaxındır, özüm şəhidlərimizin qəbrinin üstünə gül aparıb qoyuram. Gedəndə 20-30 qərənfil aparıram. Bu sadəcə bizim özümüzə verdiyimiz təsəllidir. Hamı bir-birinə göz qoymalıdır, kim istəyər ki, əzizinin qəbrinin üstü boş qalsın".
İstixanada yetişdirildiyindən qazın qiymətindəki artım qərənfilin müəyyən qədər bahalaşmasına səbəb olub. Belə ki, əvvəllər 50 qəpiyə satılan qərənfil hazırda 60 qəpiyə satılır.
7 ildir ki, gülçülüklə məşğul olan həmsöhbətimiz deyir ki, hamı bayramda qəbirüstünə getdi deyə, yanvarda alıcılıq qabiliyyəti zəif olub.
Bununla belə, min bərəkət deyib, qazancına qane olur.
Digər gül satanlar isə yerli istixanalarda qaz sərfiyyatının daha az olduğu, ona görə qərənfillərin yaxşı yetişmədiyi, qoza boyda qaldığını, məhz ona görə Türkiyədən gətirilən qərənfillərə daha çox marağın olduğunu deyirlər.
Qərənfilin əsas vətəni isə Bakı kəndləridir. Xüsusən Maştağa uzun illərdir qərənfilin Azərbaycanda əsas vətəni olaraq tanınıb.
Qocaman bir gülçünün fikirlərini öyrənmək maraqlı oldu. Öncələr qərənfili sevgi rəmzi kimi satan Fikrət Məmmədov sonradan qərənfili ancaq yas, matəm rəmzi olaraq əkib-becərib, satıb.
Maştağada yaşayan 57 yaşlı Fikrət Məmmədovun atası, babası da uzun illər gülçülüklə məşğul olub, ailələrini dolandırıblar. Özü isə 1984-cü ildən - təxminən 12 il ərzində bu işlə məşğul olub: "O vaxtlar Maştağada ailələrimizi məhz gül-çiçək əkib-becərək dolandırırdıq, çoxlu qərənfillərimiz olurdu. Amma ona baxmaq elə asan iş deyil, xüsusi qulluğa ehtiyacı var, dərmanını vaxtında vermək lazımdır".
© Photo : courtesy of Fikret Mammadov Fikrət Məmmədov
Fikrət Məmmədov - Sputnik Azərbaycan, 1920, 19.01.2022
Fikrət Məmmədov
Fikrət dayının sözlərinə görə, 1990-cı ilin 20 Yanvar faciəsinədək qərənfil sevgilililərin ən çox sevdiyi bir gül olub:
"O zamanlar toy-nişanları, şadlıqları qərənfillə bəzəyərdilər. Hətta gəlin maşınlarının önünü xüsusi qərənfildən bağlanan bir çələnglə bəzəyərdilər. Biri-birinin qapısını döyəndə qərənfil alıb aparardılar. Yadımdadır, 20 Yanvar faciəsinədək ad günləri, toy məclisləri üçün gözəl buketlər bağlayardım. Lakin məlum 20 Yanvar faciəsindən sonra artıq qərənfil əkənlərin, gülçülüklə məşğul olanların sayı azaldı".
20 Yanvar faciəsindən sonrakı illərdə qazın qiymətinin qalxmasının da qərənfil istehsalına təsiri oldu. Beləcə, istehsal daha da azaldı və Azərbaycanın qərənfilə görə xarici bazardan asılılığı yarandı.
Qısa haşiyə:
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 222,09 min ABŞ dolları dəyərində 4543,07 min ədəd qərənfil idxal olunub. Qeyd olunan müddətdə 49.24 min ABŞ dolları dəyərində 471,85 min ədəd qərənfil ixrac olunub. 2020-ci ildə - II Qarabağ müharibəsinin baş verdiyi ildə isə ölkəmizə 2634,84 min ədəd qərənfil idxal olunub.
Azərbaycana Almaniyadan 0.6, Fransadan 0.64, Ekvatordan 3.27, Keniyadan 0.15, Kolumbiyadan 1.68, Litvadan 0.08, Niderlanddan 2.4, Türkiyədən 4530, 08, İtaliyadan 4.08 min ədəd qərənfil idxal olunub. Göründüyü kimi, Azərbaycanın qərənfil ixracı potensialı 0-a bərabərdir.
Uzun illər gülçülüklə, qərənfil əkib-becərib, satmaqla məşğul olan Fikrət dayı deyir ki, bütün bunlara baxmayaraq hazırda da dolanışıq üçün qərənfili əkib pul qazananlar var. Elə özü Rusiyada olarkən uzun illər digər güllər kimi qərənfilin satıb, pul qazanıb:
"11 il Rusiyada gülçülük biznesindən qazanmışam. Lakin sonradan Hollandiya və Ekvadordan Rusiyaya gül axını daha çox olduğundan bizim oradakı bazarımız öldü, ümumiyyətlə, bizim güllər alınmadı. Beləcə, mən biznesdən uzaqlaşdım".
© Photo : courtesy of Ceyhun BabazadeCeyhun Babazadə
Ceyhun Babazadə - Sputnik Azərbaycan, 1920, 19.01.2022
Ceyhun Babazadə
Uzun illər Rusiyada yaşayıb məhz Vətən müharibəsində iştirak etmək məqsədilə Azərbaycana geri dönən, Maştağa sakini 31 yaşlı Ceyhun Babazadə uzun illər gülçülüklə məşğul olub. Vətən müharibəsi başlayan günədək o, Rusiyada gül satıb, pul qazanıb.
Bir müddət öncə Rusiyadan ailəsinə pul göndərdiyindən II Qarabağ müharibəsi başladıqda Ceyhun Babazadənin əlində demək olar ki, Vətənə qayıtmağa pulu qalmır. Belə bir dövrdə gül satmağı özünə ar bilən Ceyhun telefonunu sataraq, lazım olan məbləğdə borc pul toplayaraq Azərbaycana geri qayıdır.
Sərt pandemiya dövründə isə Azərbaycana qayıdarkən 3 təyyarə dəyişməli olan Ceyhun nəhayət ki, uşaqlıqdan olan ən böyük arzusuna qovuşmuş olur. Lakin müharibəyə gedişi barəsində ailəsinə məlumat vermir, amansız döyüşlərdə yaxından iştirak edir.
© Photo : courtesy of Ceyhun BabazadeCeyhun Babazadə
Ceyhun Babazadə - Sputnik Azərbaycan, 1920, 19.01.2022
Ceyhun Babazadə
Ceyhun deyir ki, 2 il öncəyə qədər onun ata-babaları üçün qərənfil əsas gəlir mənbəyi hesab edilirdi, qərənfil elə ən çox Bakı kəndlərində əkilirdi.
Qeyd edək ki, "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilən Ceyhun Babazadə Rusiyadan qayıtdıqdan sonra gülçülük sahəsindən uzaqlaşıb, dekorativ ağacların satışından pul qazanır.
20 Yanvar Faciəsi - Ümumxalq Hüzn Günü
1990-cı il 20 Yanvara keçən gecə, saat 23:30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilib, dinc əhaliyə divan tutulub, nəticədə yüzlərlə insan qətlə yetirilib, yaralanıb, itkin düşüb.
Sovet ordusu qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub.
Xəbər lenti
0