SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Fransa XİN-in Azərbaycan Prezidentindən üzr istəməsi tələb edilir

© AFP 2024 / CLEMENS BILANFransa XİN-nin binası, arxiv şəkli
Fransa XİN-nin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.01.2022
Abunə olmaq
Milli Məclis və parlament partiyası Fransa Milli Assambleyasını, eləcə də bu ölkənin rəsmilərini beynəlxalq qanunları kobud şəkildə pozan cinayət xarakterli əməllərə son qoymağa çağırır.
BAKI, 19 yanvar — Sputnik. Demokratik İslahatlar Partiyası Fransa prezidentliyinə namizəd Valeri Pekressin Azərbaycana qanunsuz səfəri ilə əlaqədar iki ölkə arasında yaranmış diplomatik gərginliklə bağlı bəyanat verib.
Sputnik Azərbaycan-a daxil olan bəyanatda deyilir:
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa prezidentliyinə namizəd Valeri Pekressin Azərbaycana qanunsuz səfəri ilə bağlı şərhi doğru və məntiqlidir.
Lakin Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drianın ölkənin Milli Assambleyasında (MA) Azərbaycan prezidentinə qarşı işlətdiyi qeyri-korrekt ifadələr isə siyasi və diplomatik etikadan kənardır.
Lö Drian MA-nın Respublikaçılar partiyasından olan üzvü Erik Siottiyə Azərbaycan Prezidentini təhqir etməyə hədəflənmiş çıxışına görə irad bildirmək əvəzinə ona qoşulub prezidentin Valeri Pekressin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri ilə əlaqədar söylədiyi fikirləri “forma və mahiyyət etibarilə qəbuledilməz” adlandırıb.
Fransa kimi böyük dövlətçilik ənənələri olan ölkənin xarici işlər naziri öz ifadələrinin nə dərəcədə məsuliyyətsiz, Prezident İlham Əliyevin Valeri Pekress, Mişel Barniyer və Brüno Retayyonun Azərbaycan ərazilərinə qanunsuz səfərləri ilə bağlı açıqlamasının isə tam qanuni və adekvat olduğunu anlamır.
O dərk etmir ki, Pekressin Fransa prezidentliyinə namizədlik statusu ona heç bir halda Azərbaycan qanunlarından üstün olmaq imtiyazı vermir. O da Azərbaycan ərazilərinə səfər edən digər xarici ölkə vətəndaşları ilə eyni dərəcədə qanunsuzluq edib.
Pekressin, Siottinin, Lö Drianın hərəkətləri və açıqlamaları Fransa hökumətinin Azərbaycana qarşı tutduğu qərəzli mövqenin məntiqi davamıdır. Rəsmi Fransanın 44 günlük müharibə və ondan sonrakı dövrdə işğalçı Ermənistanın tərəfində olduğu heç kimə sirr deyil. Fransa MA-nın hər iki palatası hətta Ermənistanın belə tanımadığı qondarma “Dağlıq Qarbağ Respublikasını” tanımağa çağıran sənədlər qəbul etməklə bunu sübuta yetirib.
ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa dövlətinin rəsmilərinin Azərbaycana qarşı radikal, qərəzli mövqe tutub, Ermənistanın işğalçılıq siyasətinə dəstək verməsi qədim dövlətçilik ənənəsinə malik bir Avropa dövləti adına rüsvayçılıqdır.
Baş verənlər onu da göstərir ki, 15 dekabr 2021-ci il tarixində Fransa Prezidenti Emmanuel Makronla İlham Əliyev arasında keçirilmiş görüş zamanı qarşı tərəfin verdiyi mesajlarla Lö Drianın açıqlaması ziddiyyət təşkil edir. Bu, nəinki iki ölkə arasında münasibətlərin normallaşmasına xidmət edir, əksinə, onun daha da pisləşməsinə hesablanıb.
Fransada keçiriləcək prezident seçkilərində namizəd olan Valeri Pekressin erməni əsilli seçiciləri və onlara simpatiya bəsləyən lobbiləri cəlb etməyə yönələn təxribatçı hərəkətləri, Qarabağa qanunsuz səfəri Azərbaycanla münasibətlərə ağır zərbə vurur.
Bu, həm də Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına, münaqişə tərəfləri arasında münasibətlərin yaxşılaşmasına doğru atılan addımları pozmağa yönəlmiş təxribatçı hərəkətlərdir. Nazir Lö Drianın Azərbaycanın dövlət başçısının açıqlamasını əsassız və kobud şəkildə şərh etməsi isə qətiyyən qəbuledilməzdir.
Biz Fransanın dövlət və hökumət nümayəndələrini, onun prezidentliyə namizədini, eləcə də parlament üzvlərini Azərbaycanla münasibətlərə həssas yanaşmağa, Azərbaycanın ərazi bütövlüyünə, suveren hüquqlarına, prezidentinə münasibətdə beynəlxalq hüququn prinsiplərini, siyasi və diplomatik etikanı əsas götürməyə çağırırıq.
Eyni zamanda Fransa Parlament üzvlərini beynəlxalq qanunları kobud şəkildə pozan cinayət xarakterli əməllərinə son qoymağa, Azərbaycanın nəzarətindən kənarda qalan qanuni ərazilərinə icazəsiz səfərlər etməməyə səsləyirik.
Hesab edirik ki, Jan İv Lö Driandan özünün məlum çıxışını geri götürməsi, Azərbaycan Respublikasının Prezidentindən üzr istəməsi tələb edilməlidir”.
***
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Fransa xarici işlər nazirinin Milli Assambleyada söylədikləri ilə bağlı bəyanat yayıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bəyanatda deyilir ki, Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drian tərəfindən bu ilin 18 yanvar tarixində bu ölkənin Milli Assambleyasında diplomata qətiyyən yaraşmayan və beynəlxalq hüquqa məhəl qoymayan bir tərzdə açıqlama verilib.
Qeyd olunub ki, bu tərzdə edilən açıqlama diplomatiya ənənələrinə tam ziddiyyət təşkil etməklə yanaşı, Fransanın bəzi hökumət və bir sıra parlament nümayəndələrinin cinayət xarakterli əməllərini ört-basdır etməyə yönəlmiş bəyanatdır:
"Milli Assambleyanın Respublikaçılar Partiyasından olan üzvü Erik Siottiyə təxribatçı məqsədlərlə Azərbaycan Respublikası Prezidentini təhqir etməyə cəhd göstərməsi ilə bağlı sərt cavab verilməməsi və ona həddinin bildirilməməsi bunu sübut edən amillərdən biridir.
Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Valeri Pekressin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri ilə əlaqədar öz haqlı mövqeyini bildirib. Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təməl prinsiplərinə bu cür etinasız münasibət qəbuledilməzdir və buna sərt reaksiyanın verilməsi təbii haldır, tam məntiqlidir və düzgündür.
Fransada keçiriləcək prezident seçkilərində namizəd olan xanım Pekressin seçiciləri cəlb etməyə yönələn bu səpkili cəhdləri hər zaman beynəlxalq hüquq prinsiplərinə böyük əhəmiyyət verən Azərbaycanla münasibətlərə zərbə vurmaqla yanaşı, həm də Qafqaz regionunun sabitliyini və inkişafını da pozmağa yönəlmiş təxribatçı addımdır.
Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə 2021-ci il dekabrın 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə konstruktiv görüşündən sonra nazir Lö Drianın hökumət nümayəndəsi kimi bu cür bəyanatı öz hökumət başçısının apardığı siyasətə tam qarşıdır. Nazir Lö Drian tərəfindən digər ölkənin dövlət başçısının açıqlamasının əsassız və kobud şəkildə şərh edilməsi qətiyyən qəbuledilməzdir.
Fransa hökumətinin 44 günlük müharibə və ondan sonrakı dövrdə işğalçı Ermənistanın tərəfində olduğu heç kəsə sirr deyil. Fransa Parlamentinin hər iki palatası, hətta Ermənistanın belə tanımadığı qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımağa çağıran sənədlər qəbul etmişdir. Bu cür hallar Fransa hökuməti tərəfindən pislənməli və aradan qaldırılmalı olduğu halda, əksinə onlar bu təxribatları dəstəkləyir və ört-basdır etməyə çalışırlar.
Azərbaycan hökuməti hər zaman olduğu kimi, öz ərazi bütövlüyünü və suveren hüquqlarını müdafiə edəcək, dövlət sərhədlərinin təhlükəsizliyinin və toxunulmazlığının qorunması isə ali vəzifəmiz olaraq qalacaq.
Azərbaycan Parlamenti isə Prezidentimizin bu istiqamətdə gördüyü işlərə hər zamankı kimi bundan sonra da dəstək verərək Fransa Parlament üzvlərini beynəlxalq qanunları kobud şəkildə pozan cinayət xarakterli bu cür əməllərə son qoymağa çağırır.
Eyni zamanda, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tövsiyə edirik ki, Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Driana müraciət ünvanlayaraq, onun diplomata yaraşmayan açıqlamasını təkzib etməsi və Azərbaycan Respublikasının Prezidentindən üzr istəməsi tələb edilsin".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Rəsmi Bakı Fransaya dərs keçir: "Diplomata yaraşmayan tərzdə..."
Xəbər lenti
0