Baha da olsa, məcburuq: ərzaq qiyməti necə dəyişir - VİDEO-FOTO
© Sputnik / Murad OrujovSupermarket
Abunə olmaq
İqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, ölkəmizdə ərzaq inflyasiyası çox sürətlə gedir.
BAKI, 19 yanvar - Sputnik. Azərbaycanda çörəyin qiymətinin bahalaşması digər ərzaq məhsullarından da yan keçməyib. Çörəyin bahalaşma səbəbi dünyada buğdanın qiymətinin bahalaşması ilə izah olunsa da, ölkəmizdə digər ərzaq məhsullarının da çörəyin qiyməti artan kimi bahalaşmasına hələ ki bir səbəb göstərilmir.
Ərzaq mağazalarında apardığımız müşahidələr zamanı bəlli olub ki, çörəyin qiyməti bahalaşdıqdan sonra digər gündəlik ərzaq məhsullarının da qiymətində artım baş verib.
Kərə yağlarının qiymətində 1 manatdan çox bahalaşma var
Ən çox qiymət artımı isə qeyd etdiyimiz kimi, gündəlik istehlak etdiyimiz ərzaqlardadır. "Araz" supermarketlər şəbəkəsində apardığımız müşahidələr göstərdi ki, yağların qiymətində nəzərəçarpacaq artım var. "Ankor" kərə yağının bir kiloqramının qiyməti bayramdan əvvəl 17 manat civarında olsa da, hazırda 18.59 - 18.70 manata satılır.
© Sputnik / Zulfiyya GuluyevaBakıda mağazarda məhsulların qiymətləri
Bakıda mağazarda məhsulların qiymətləri
© Sputnik / Zulfiyya Guluyeva
"Valio" kərə yağının qiyməti isə 16.95-dən 17.69 manatadək qalxıb. "French Cow" kərə yağının qiyməti isə yeni ildən bahalaşaraq 19.59 manata çatıb. "West Gold"kərə yağı 17.90-dan 18.60 manata çatıb. "Yeni Zellandiya" yağlarının da qiymətində bahalaşma var. Bu yağlar yeni ildən alıcılara 18.59 manata təklif olunur. Halbuki, yeni ildən öncə qiyməti 17.78 manat civarında idi. Ölkədə istehsal olunan bitki tərkibli spreyd yağların da qiymətində bahalaşma müşahidə olunur. "Kərəm" yağının qiyməti 3 manat 95 qəpiyə qalxıb. Qiymət artımı duru yağlarda da müşahidə olunur.
Pendir yağın qiymətinə çatıb
"Bravo Market" "Sun Palermo" qarğıdalı yağı 11.45 manata qalxıb. Qiymət artımı təkcə yağların qiymətində müşahidə olunmur. Pendirin, digər süd məhsullarının da qiymətində çörəyin bahalaşmasından sonra qiymətlər artıb.
© Sputnik / Zulfiyya GuluyevaBakıda mağazarda məhsulların qiymətləri
Bakıda mağazarda məhsulların qiymətləri
© Sputnik / Zulfiyya Guluyeva
Yuvarlaq pendirin bir kiloqramı bayramdan öncə 8 manata satılırdısa, hazırda satışda 8.99 manatdır. Gürcü pendirinin qiyməti isə 15 manat 99 qəpiyə çatıb. "Pal süd" bəyaz pendirlərinin kiloqramında da 80 qəpikdən çox bahalaşma var. Hazırda bu məhsul satışda 8.89 manatadır. "İvanovka" pendiri də 6.50-dən 6.99-a qalxıb. "Yurdum" yağlı pendir 9.30, MPRO çanaq pendiri 8.60 manatdır. Halbuki MPRO çanaq pendiri ötən ilin son ayı 7 manat 95 qəpik idi. Satıcılar birdəfəlik qablarda qablaşdırılan çöplü uşaq südlərinin qiymətində 5-10 qəpik bahalaşma olduğunu bildirdilər.
Undan hazırlanan şirniyyatlar da bahalaşıb
Bəzi undan hazırlanan məhsulların qiyməti bahalaşıb. Bulkaların qiyməti 40 qəpikdən 49 qəpiyə çatıb. Kişmişli bulkalar isə yeni ildən öncə 50 qəpiyə satıldığı halda 55 qəpiyə təklif olunur.
© Sputnik / Zulfiyya GuluyevaBakıda mağazarda məhsulların qiymətləri
Bakıda mağazarda məhsulların qiymətləri
© Sputnik / Zulfiyya Guluyeva
Şirniyyat mağazalarından da bildirdilər ki, unun qiyməti bahalaşdığından bütün şirniyyatların qiymətində 10-15 qəpik bahalaşmanın olması qaçılmazdır.
İnflyasiya sürətlə gedir
İqtisadçı Natiq Cəfərli bildirib ki, ölkəmizdə ərzaq inflyasiyası çox sürətlə gedir. Hətta rəsmi rəqəmlərdə belə 15 faiz ərzaq inflyasiyasının olduğu görünür: "Normal indikatorlarla hesablasaq, bu rəqəmlərin iki dəfə artıq olması üzə çıxa bilər. Təəssüf ki, bizdə alternativ stastistik məlumatları əldə etmək imkanı yoxdur. Ona görə də rəsmi statistik rəqəmlərlə kifayətlənməli oluruq. Ərzaq infilyasiyası ölkəmizdə sürətlə getməkdədir".
Monopolistlər qiyməti diktə edirlər
N.Cəfərli deyir ki, çörəyin qiymətinin artması hazırda psixoloji olaraq digər məhsulların qiymətinin bahalaşmasına təsir edə bilər. Amma bunun birbaşa təsiri yoxdur:
© Sputnik / Zulfiyya GuluyevaBakıda mağazarda məhsulların qiymətləri
Bakıda mağazarda məhsulların qiymətləri
© Sputnik / Zulfiyya Guluyeva
"Çörəyin qiyməti artırsa, ölkəmizdə ənənəvi olaraq həmişə digər ərzaq məhsulların da qiymət artımı baş verir. Çünki çörək strateji məhsuldur. Hazırda ərzaq məhsullarının qiymətlərinin bahalaşmasına dünyada gedən proseslər və ölkəmizdə rəqabət mühitinin olmaması səbəb olur. İdxalda oyunçu sayının az olması, idxal şirkətlərinin qiyməti diktə etməsi qiymət artımına səbəb olan əsas amillərdir.
İdxal məhsulları ƏDV və gömrük rüsumundan azad olunmasa...
İqtisadçı deyir ki, çörəyin qiyməti artan kimi yağın da qiymətinin bahalaşmasının qarşısını almaq üçün ƏDV-dən azad olunması labüddür. Bu zaman qiymətlərin 18 faiz aşağı düşməsini gözləyə bilərdik. N.Cəfərli bildirir ki, gündəlik tələbat mallarının qiymətinin tənzimlənməsi birbaşa dövlətin iştirakı ilə mümkün deyil. Amma dövlətin əlində müəyyən iqtisadi rıçaqların olması qiymətlərin ucuzlaşmasına gətirib çıxarda bilər:
"Dövlətin əlində çox vacib iqtisadi və inzibati alətlər var. Bu ƏDV və gömrük rüsumlarının ölkədə istehsalı olmayan, yaxud da çox az olan məhsullara tətbiqi ilə baş verə bilər. Amma təəssüf ki, dövlətin bu alətlərdən istifadəsi gecikdirilir. Ona görə də qiymət artımı çox sürətlə davam edir".
Bahalaşma marta qədər davam edəcək
N.Cəfərlinin sözlərinə görə, bahalaşmasının mart ayında da davam edəcəyi gözləniləndir. Yalnız mövsümi amillərin təsirindən, yerli məhsulların bazara çıxması qiymət artımı qismən iyun-iyul aylarında səngiyəcək. Amma idxal məhsullarında qiymət artımı davam edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.