CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Smart tipli sayğaclar, borclar və digər suallar - "Azəriqaz" cavab verir

© Photo : AzeriGas Production UnionQaz sayğacı, arxiv şəkli
Qaz sayğacı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.01.2022
Abunə olmaq
İl yenicə başlayıb. Qaz abonentlərinin problemləri də yenilənib - birinə borc çox gəlib, biri kartını yükləyə bilmir. Sputnik Azərbaycan suallara cavab axtarıb.
BAKI, 18 yanvar — Sputnik. Yaxın bir neçə il ərzində "Azəriqaz" İstehsalat Birliyi əvvəlcədən ödənişli smart-kart tipli sayğacların alınmasını dayandıracaq. Bununla bağlı qurumun sədri Ruslan ƏIiyev jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, "Azəriqaz" İB hələ smart-kart tipli sayğaclardan imtina etməyib və 2022-ci ildə 80 min belə tipli sayğacın alınması nəzərdə tutulub.
Lakin abonentlər üçün müəyyən məsələlər sual doğurur. Sputnik Azərbaycan həmin sualları "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevə ünvanlayıb.

"Azəriqaz" İB-nin smart kartlarına niyə pul yükləmək olmur?

Eldəniz Vəliyev bildirib ki, "Zenner" smart-kart tipli sayğaclarının kartına pulun yüklənməsi ancaq "e-manat" tipli terminallarda mümkündür. Ancaq terminallarda proqram dəyişikliyi olduğundan ödənişləri həyata keçirmək mümkün olmurdu:
"Bununla əlaqədar olaraq rəsmi şəkildə "e-manat" şirkətinə də müraciət etmişik. Oradan bildirilib ki, terminallarda problemin həlli üçün iş aparılır. Hazırda metrolarda yerləşən terminallarda "Zenner" smart-kart tipli sayğaclarının kartına pul yükləmək olur".
Porblemin tezliklə həllini tapacağı vurğulanıb.

Əvvəlcədən ödənişli smart-kart tipli sayğacların alınması niyə dayandırılır?

Qurum rəsmisi bildirib ki, ümumiyyətlə, indiki halda "Azəriqaz" İB smart-kart tipli sayğaclardan imtina eləmir: "Sadəcə olaraq, yaxın gələcəkdə belə sayğaclardan imtina nəzərdə tutulub. Ola bilsin ki, 2023-cü ildən belə sayğacların gətirilməsi dayandırılsın. Həmin sayğaclar ağıllı sayğaclar deyil, sadəcə olaraq öncədən ödəniş edildiyi üçün belə sayğaclar nisbətən ağıllı hesab edilir".
Qurum rəsmisi deyir ki, mexaniki sayğaclara isə xüsusi cihazlar quraşdırılacaq və onların köməyi ilə qaz sərfiyyatı ölçüləcək, borcun olub-olmadığı müəyyənləşəcək, borcun ödənilməsi üçün müvafiq vaxt bitdikdən sonra avtomatik olaraq qazın verilişi dayandırılacaq: "Eyni zamanda borc ödənildikdən sonra avtomatik şəkildə qazın verilişi təmin ediləcək. Yeniliklərdən sonra həmin kartlara onlayn qaydada ödənişlər etmək mümkün olacaq. Qeyd edim ki, hər ilin sonu limitin yenilənməsi prosesi həyata keçirilir, bununla proses daha da mobilləşəcək".

Nə üçün abonentlər evdə olmadıqları halda "Azəriqaz" İB-yə məlumat verməlidirlər?

E.Vəliyev deyir ki, abonentlər evdə olmadıqda sayğaclara hansısa müdaxilədən söz gedə bilməz, bu mümkünsüzdür: "Yəni belə bir şey "Azəriqaz" İB-nin marağında ola bilməz. Hər bir abonentin sayğacı qurumun əməkdaşları tərəfindən qorunur. Abonentlər bir ay və daha artıq müddətdə evdə olmayacaqlarsa, qanuna müvafiq şəkildə müraciət etməlidirlər. Çünki hansısa fors-major hadisə baş verə bilər, belə olan halda öncədən xəbərdarlıq edilməlidir ki, həmin mənzildə sızmalar baş verməsin. Ona görə də abonentlərə belə bir tövsiyə verilir. Bir daha xahiş eidirik ki, belə hal yaranacaqsa, abonentlər "Azəriqaz" İB-nin ərazi üzrə idarəsinə, yaxud ASAN Kommunala yaxınlaşıb xəbər versinlər".
Eldəniz Vəliyev deyib ki, abonent evdə olmadıqda qaz sərfiyyatı olmayacaq. Lakin sayğaclarda müəyyən problemlərin yaranacağı istisna edilmir: "Sızmalar, geri saymalar ola bilər. Yəni səbəblər bunlardır, bunu böyütməyə və yaxud nəsə neqativ bir amil axtarmağa dəyməz".

İl yekunlaşdıqdan sonra abonentlərə daha çox borc gəlib və səbəb nədir?

Mexaniki, yəni sonradan ödənişli sayğacların çox pul yazması məsələsinə gəldikdə isə Eldəniz Vəliyev qeyd edib ki, "Azəriqaz" İB buna dəfələrlə aydınlıq gətirib: "Qeyd edim ki, istər smart-kart tipli sayğaclar, istərsə mexaniki sayğaclar olsun, onların sərfiyyatında, vəsaiti yazmasında qətiyyən fərq ola bilməz. Hər ikisi dövlətin yoxlanışından keçir və eyni qayda ilə vəsait yazır. Buna xüsusi olaraq dövlətin nəzarəti var".
Abonentlərin borcların çox yazılması haqda şikayətini cavablandıran E.Vəliyev qeyd edib ki, hazırkı qəbzlər dekabr ayının sərfiyyatıdır.
Qeyd edək ki, "Azəriqaz" İstehsalat Birliyi sayğac göstəricilərinin oxunmasını başa çatdırıb, limitlə bağlı sayğac şəkillərinin qəbulu dayandırılıb. Artıq sayğaclar sıfırlanıb, limitlərin yenilənməsi prosesi cari ayın 10-da yekunlaşıb. Qaz sayğaclarının sıfırlanması ilə bağlı 104 Çağrı Mərkəzinə 144 min müraciət daxil olub.
Xatırladaq ki, "Azəriqaz" sonradan ödənişli smart qurğularla təmin olunmuş mexaniki sayğacların quraşdırılmasına da başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0