SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan XİN Ermənistanın bəyanatına cavab verdi

© Sputnik / Murad OrujovЗдание Министерства иностранных дел Азербайджанской Республики в Баку
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan, 1920, 14.01.2022
Abunə olmaq
XİN sözçüsü vurğulayıb ki, ermənilərin qurban şəklində təqdim edildiyi hekayələr onilliklər ərzində erməni millətçiliyinin ideoloji əsasını təşkil edib və elə bu da Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına təkan verib.
BAKI, 14 yanvar - Sputnik. Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan XİN-in 1990-cı ilin yanvar ayında Bakıda guya erməni əhalisinə qarşı qırğın törədilməsi ilə bağlı tamamilə əsassız və uydurma iddiasına cavab verib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in “Bakıda ermənilərə qarşı qırğın” törədildiyi barədə bəyanatını şərh edib.
O qeyd edib ki, sözügedən bəyanat Ermənistan tərəfinin Azərbaycanın dinc əhalisinə qarşı tarixən həyata keçirdiyi soyqırımı, etnik təmizləmə siyasətini, Xocalı şəhərində bir gecədə 613 mülki şəxsi vəhşicəsinə qətlə yetirdiyini gizlətmək məqsədini güdən propaqandadır.
L.Abdullayeva təəssüflə qeyd edib ki, ermənilərin qurban şəklində təqdim edildiyi hekayələr onilliklər ərzində erməni millətçiliyinin ideoloji əsasını təşkil edib və elə bu da Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına təkan verib, Ermənistanla Azərbaycan arasında yüz minlərlə insanın böyük iztirablarına səbəb olan dağıdıcı münaqişəyə gətirib çıxarıb.
Hazırda münaqişədən sonrakı dövlətlərarası münasibətlərin normallaşması məsələlərinin müzakirə mövzusu olduğu bir vaxtda Ermənistan XİN-in yenidən bu kimi əsassız və destruktiv bəyanatlarla çıxış etməsi qarşı tərəfin münasibətlərin normallaşmasına çalışmadığını, əksinə zərərli fikirlərlə öz cəmiyyətlərini zəhərlədiklərini göstərir. Bu isə təəssüf doğurduğu qədər təhlükəlidir.
"Azərbaycanda ermənilərin “poqromları” adlandırılan uydurma iddiaya gəldikdə, istintaq materialları, eləcə də bir sıra beynəlxalq müstəqil qurumların təkzibedilməz müşahidələri sübut edir ki, əslində bu, Azərbaycan xalqının müstəqilliyi və suverenliyi uğrunda artan mübarizə şəraitində sovet xüsusi xidmət orqanları tərəfindən hazırlanmış təxribatçı əməllər idi", - XİN sözçüsü bildirib.
O xatırladıb ki, 1980-ci illərin sonlarından etibarən Ermənistanın Azərbaycana qarşı açıq ərazi iddiaları kütləvi qətl, işgəncə və təqib kampaniyası ilə, etnik azərbaycanlıların sistemli şəkildə hədəfə alınması nəticəsində 250.000-ə yaxın azərbaycanlının Ermənistan SSR-dəki tarixi yerlərindən zorla köçürülməsi ilə müşayiət edilib. Təəssüf ki, bu günədək Ermənistan tərəfindən Azərbaycanlılara qarşı törədilən bu və digər çoxsaylı cinayətlərə görə heç bir nəfər də məsuliyyətə cəlb edilməyib.
L.Abdullayeva onu da xatırladıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu dinc azərbaycanlılara qarşı qırğın törədib və bu cinayətə görə məsuliyyəti keçmiş sovet rəhbərliyi daşıyır. 1990-cı ilin yanvar hadisələri Azərbaycan xalqının müstəqillik əzmini qıra bilmədi və ölkəmiz dövlət müstəqilliyini bərpa etdi.
"Ermənistan XİN-i Azərbaycanı əsassız şəkildə ittiham etməkdənsə, keçmiş prezidentlərinin şəxsən təsdiq etdiyi etnik təmizləmə siyasətini və 30 ilə yaxın davam edən işğalçı siyasəti çərçivəsində yüz minlərlə azərbaycanlının fundamental hüquqlarını onilliklər ərzində kobudcasına pozduqlarını etiraf etməlidir. Etiraf etməlidir ki, günahkar şəxslər məsuliyyətə cəlb edilsin, gələcəkdə bu kimi cinayətlər bir daha törədilməsin", - XİN sözçüsü əlavə edib.
Xəbər lenti
0