Şamaxı yolunda böyük təhlükə: baş verən sürüşmədə iri çatlar yaranıb
14:53 13.01.2022 (Yenilənib: 15:23 13.01.2022)
© AP Photo / Marcio Jose SanchezYolda çatlar, arxiv şəkli
© AP Photo / Marcio Jose Sanchez
Abunə olmaq
Yolun digər tərəfində isə asfalt örtüyü dağılaraq iri qabarmalar əmələ gəlib ki, sürücülər üçün təhlükə yaradır.
BAKI, 13 yanvar — Sputnik. Şamaxı rayonunun Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi kəndlərini birləşdirən avtomobil yolunda intensiv yağıntılardan sonra çiyin hissədə və bərkidici zolağın kiçik hissəsində yuyulma qeydə alınıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Sputnik Azərbaycan-a verilən məlumata görə, yuyulma yol kənarında baş verdiyi üçün avtonəqliyyat vasitələrinin hərəkətinin fasiləsizliyi və təhlükəsizliyinə hər-hansı bir problem yaratmır.
“Hazırda qeyd edilən ərazidə çiyin hissənin bərpası istiqamətində iş aparılır. Bərpa işinin yaxın saatlarda yekunlaşdırılması nəzərdə tutulub”, - agentlikdən bildirilib.
***
Şamaxı Çuxuryurd–Sis–Qaleybuğurd–Keçməddin–Qaladərəsi avtomobil yolunda sürüşmə hadisəsi baş verib. Uzunluğu 9 km olan yolun 7 kilometrlik hissəsində asfalt qatı dağılaraq yararsız vəziyyətə düşüb, örtüyündə çökmələr və iri çatlar əmələ gəlib. Sürücülərin sözlərinə görə dumanlı, qarlı havada və axşam saatlarında yoldan istifadə etmək onlar üçün təhlükəyə çevrilir.
© Sputnik / Reshad RashidovÇuxuryurd–Sis–Qaleybuğurd–Keçməddin–Qaladərəsi avtomobil yolunda sürüşmə
Çuxuryurd–Sis–Qaleybuğurd–Keçməddin–Qaladərəsi avtomobil yolunda sürüşmə
© Sputnik / Reshad Rashidov
Şamaxı rayon icra hakimiyyətinin yerli nümayəndəsi Ariz Vahidovun sözlərinə görə sürüşmə baş verən ərazi asfalt qatı çəkilməzdən əvvəl də sürüşmə zonası olub. Yol çəkildikdən sonra da aktiv torpaq sürməsi yolun bir hissəsində yenə də davam edir. Amma bu sürücülər üçün hər hansısa bir təhlükə yaratmır.
Movcud vəziyyətlə bağlı yol idarəsinin əməkdaşları əraziyə cəlb edilib, yaxın saatlarda uzunluğu 8 metr eni 60/80 santimetr ölçülərində dağılmış asfalt qatı yenisini ilə əvəz ediləcək.
***
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Şamaxı rayonunda Çuxuryurd-Sis-Qaleybuğurd-Keçməddin-Qaladərəsi avtomobil yolundakı vəziyyətlə bağlı əraziyə baş çəkib.
Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib ki, bu zona Basqali-Pirəküşkül örtük kompleksi strukturu üzərindədir. Bu kompleksin süxurları dayanıqlı olmadığı üçün mövsümdən asılı olaraq zaman-zaman lokal sahələrdə belə hallar baş verir. Mövsümi xarakterli atmosfer çöküntülərinin artması ilə əlaqədar orada bəzi kiçik sahələrdə uçma prosesi olur.
© Sputnik / Reshad RashidovÇuxuryurd–Sis–Qaleybuğurd–Keçməddin–Qaladərəsi avtomobil yolunda sürüşmə
Çuxuryurd–Sis–Qaleybuğurd–Keçməddin–Qaladərəsi avtomobil yolunda sürüşmə
© Sputnik / Reshad Rashidov
Əli Əliyevin sözlərinə görə, yolun kənarında 3 metr hündürlüyündə, 10 metr uzunluğunda uçma prosesi baş verib. Bu, 9-10 metrlik yolun kənarında klassik uçma prosesidir. Ağsu, İsmayıllı, Şamaxıda belə proseslər tez-tez baş verir.
Xidmət rəisi hazırda yolun bağlı olmadığını bildirib:
“Yolun asfalt örtüyünə ciddi ziyan dəyməyib. Mövsümdən asılı olaraq bu zona üçün xarakterik prosesdir. Ciddi sürüşmə prosesi deyil. Yolun sol çiynində 1.5 metrlik çat əmələ gəlib. Bu da yol üçün elə bir təhlükə yaratmır. İntensiv uçma deyil, böyük ərazini də əhatə etmir".
"Burada bir neçə dəfə belə hallar baş verib. Hazırda qabaqlayıcı tədbirə ehtiyac yoxdur. Yəqin ki, müvafiq qurumlar qarşısını alacaqlar. Bu, sürüşmə deyil, sadəcə uçma prosesidir”, - Ə.Əliyev əlavə edib.
***
Şamaxı rayonunda Çuxuryurd–Sis–Qaleybuğurd–Keçməddin–Qaladərəsi avtomobil yolunda torpaq sürüşməsi baş verib. Sputnik Azərbaycan-ın xəbərinə görə, rayon mərkəzindən 22 km aralı məsafədə yerləşən yolda baş verən sürüşmə nəticəsində təhlükəli vəziyyət yaranıb.
© Sputnik / Reshad RashidovÇuxuryurd–Sis–Qaleybuğurd–Keçməddin–Qaladərəsi avtomobil yolunda sürüşmə
Çuxuryurd–Sis–Qaleybuğurd–Keçməddin–Qaladərəsi avtomobil yolunda sürüşmə
© Sputnik / Reshad Rashidov
2020-ci ilin əvvəllərində yenidən qurularaq istifadəyə verilən, uzunluğu 16 kilometr olan Çuxuryurd–Sis–Qaleybuğurd–Keçməddin–Qaladərəsi avtomobil yolunun bir neçə hissəsi dağılıb, asfalt örtüyündə çökmələr,yolun ortasında iri çatlar əmələ gəlib.
Ən çox sürüşmə yolun 6-8-ci kilometrliyində qeydə alınır. 8-ci kilometrlikdə yolun bir hərəkət zolağı dərəyə doğru sürüşərək dağılıb, 3 metr dərinliyində iri çuxur yaranıb. Yolun digər tərəfində isə asfalt örtüyü dağılaraq iri qabarmalar əmələ gəlib ki, sürücülər üçün təhlükə yaradır.
Əsasən də dumanlı havada və axşam saatlarında yoldan istifadə edən sürücülər çətinliklə üzləşirlər. Digər tərəfdən, sürüşmə ərazisində təhlükədən xəbər verən yol nişanlarının olmaması da sürücülərin qəza törətməsinə səbəb olur.
Dörd kəndi birləşdirən və turizm əhəmiyyətli yolda ilk dəfədir ki, torpaq sürüşməsi baş verib. Sakinlərin sözlərinə görə, çatlar hər gün genişlənir, çökmələr böyüyür.
Uzun illər yolun yenidən qurulmasını arzulayan sakinlər yeni yolun qısa vaxt ərzində yararsız vəziyyətə düşəcəyindən narahatdırlar. APA-nın xəbərinə görə, hazırda sürüşmə aktiv fazadadır.