Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dollar üçün geri sayım başladı - Gözlər FED-in iclasında

© AFP 2024 / OZAN KOSEDollar, arxiv şəkli
Dollar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.01.2022
Abunə olmaq
BVF deyib ki, inkişaf etməkdə olan ölkələr FED-in faiz artımına hazır olmalıdır. FED-in gözləniləndən daha sürətli addım atması valyutaların ucuzlaşmasına səbəb ola bilər. Faiz artımının Azərbaycana təsirləri məsələsi Sputnik Azərbaycan-ın materialında
BAKI, 13 yanvar — Sputnik. İnkişaf etməkdə olan ölkələr ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) faiz artımına hazır olmalıdır. Bu barədə Beynəlxalq Valyuta Fondu (BVF) açıqlama yayıb. BVF-in məlumatına görə, FED-in gözləniləndən daha sürətli addım atması kapital axınına və inkişaf etməkdə olan ölkələrdə valyutaların ucuzlaşmasına səbəb ola bilər.
Gözləniləndən daha sürətli inflyasiya FED-i faizləri daha sürətli artırmağa sövq edəcək. Bu isə maliyyə bazarlarını sarsıda, qlobal miqyasda maliyyə şərtlərini sərtləşdirə bilər.
Sputnik Azərbaycan FED-in addımının Azərbaycana təsirləri məsələsini iqtisadçı Xalid Kərimli ilə danışıb.
© Photo : Social media page of Khalid KarimliXalid Kərimli
Xalid Kərimli - Sputnik Azərbaycan, 1920, 13.01.2022
Xalid Kərimli

Dolların bahalaşması davam edir

İqtisadçı qeyd edib ki, BVF-in xəbərdarlığı əsaslıdır: "Çünki FED sərt şəkildə mövcud siyasətdən imtina etməyi planlaşdırır. Hətta 3-4 dəfə faiz artımına gediləcəyi ilə bağlı investisiya şirkətlərinin proqnozları var. Gözləntilər 2021-ci ilin ilk rübündən formalaşıb. Ötən il gözləntilər fonunda dollar digər əsas valyutalar qarşısında 6,7 faiz bahalaşıb.
Dolların bahalaşması davam edir. Dollar gücləndikcə inkişaf etməkdə olan ölkələrin milli valyutaları təzyiq altında qalır. Başqa sözlə, investorlar tərəfindən həmin ölkələrin milli valyutalarını satıb dollarda aktivlərə qoymaq daha maraqlı olur".

FED 3-4 dəfə faiz artımına gedə bilər

Ekspert bildirib ki, 2020-ci ildə pandemiya başlayanda ucuz pul siyasəti həyata keçirən FED 2022-ci ilin sonunadək faizləri qaldırmasının gündəmdə olmadığı bildirilirdi: "Lakin 2021-ci ildə xüsusən inflyasiya sürətləndikdən sonra gözləntilər dəyişdi, FED 2 dəfə faiz artımının real göründüyünü söylədi. Hazırda bazarlarda hətta FED-in 3-4 dəfə faiz artımına gedə biləcəyi ilə bağlı gözləntilər var".

FED iqtisadiyyata pul buraxılışını dayandıracaq

O bildirib ki, FED 2021-ci ilin noyabrınadək hər ay iqtisadiyyata 125 milyard dollar pul buraxırdı: "Lakin qurum yanvar ayında cəmi 70 milyard dollar iqtisadiyyata pul buraxacaq. FED-in prosesdən sürətlə imtina edəcəyi, mart ayına qədər iqtisadiyyata pul buraxılışını dayandıracağı gözlənilir. Çünki inflyasiya sürətlənir, qurum inflyasiyanın xüsusən də ABŞ-da ev təsərrüfatlarına ciddi şəkildə mənfi təsir göstərdiyini düşünür".

Manat bahalaşacaq

FED-in faiz artımının Azərbaycana təsirlərinə gəlincə ekspert bildirib ki, manat dollarla fiksasiya olduğuna görə proses manatın dollarla paralel şəkildə bahalaşacağına səbəb olacaq: "Söhbət manat-dollar paritetindən yox, manatın avro və digər valyutalar qarşısında bahalaşmasından gedir. Bu, bir qədər Azərbaycanda inflyasiyanı cilovlayacaq, amma orta və uzunmüddətli dövrdə manatın baha olması Azərbaycanın qeyri-neft sektoru üçün yaxşı deyil".

Növbəti illərdə devalvasiya riski var, əgər...

"Enerji qiymətlərinin, inflyasiyanın yüksək olması yaxın aylarda manatın dollar qarşısında devalvasiya ediləcəyinə dair gözləntiləri aradan qaldırır. Lakin proseslər orta və uzunmüddətli dövrdə manatın devalvasiya riskini artırır. Mərkəzi Bank istəsə, cari ildə rahat şəkildə devalvasiya etməyə bilər. Ancaq əgər dollarda baş verən proseslər dayanıqlı və biristiqamətli olarsa, biz növbəti illərdə devalvasiya riskini gözləyirik", - deyə iqtisadçı əlavə edib.

Pandemiya ilə əlaqədar FED uçot dərəcəsini 0 faizə salıb

Qeyd edək ki, FED sonuncu dəfə 2015-2018-ci illərdə uçot dərəcəsini kəskin artıraraq 2,5 faizədək qaldırıb. Pandemiya ilə əlaqədar FED uçot dərəcəsini 0 faizə salıb.
FED üzvləri artıq mart ayında ilkin faiz artımının mümkünlüyü barədə danışmağa başlayıblar.

BVF yüksək inflyasiya olan ölkələrə faiz artırmağı tövsiyə edir

BVF onu da qeyd edib ki, yüksək dövlət, özəl borcu, yüksək valyuta volatilliyi riskləri, aşağı cari əməliyyatlar balansına malik inkişaf etməkdə olan ölkələr artıq dollara qarşı valyutalarının ucuzlaşmasını hiss edib. Fond tövsiyə edir ki, yüksək inflyasiya təzyiqi olan ölkələr valyutalarının dollara qarşı ucuzlaşmasına imkan yaratmalı, faiz dərəcələrini artırmalıdır.

FED-in iclası nə vaxt olacaq?

Xatırladaq ki, FED-in 2022-ci ilin ilk iclası yanvar ayında keçiriləcək. FED 2021-ci ilin son iclasını dekabr ayında keçirib, gözləntilərə uyğun olaraq uçot dərəcəsini 0-0.25 səviyyəsində saxlayıb.
FED-in faiz qərarı 25-26 yanvar tarixlərində keçiriləcək ilin ilk toplantısından sonra ictimaiyyətə açıqlanacaq. İkinci iclas martın 15-16-da, üçüncü iclas isə 3-4 may tarixlərində keçiriləcək.
Onu da bildirək ki, Azərbaycan Maliyyə Nazirliyinin açıqladığı 2022-2025-ci illər üzrə makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə əsasən, 2022-ci ildə dolların məzənnəsinin son 3 ildə olduğu kimi 1,7 manat həddində qalacağı gözlənilir.

"Manatın məzənnəsinə heç bir təhdid yoxdur"

Ötən ilin oktyabr ayında Azərbaycan Mərkəzi Bankının sədri deyib ki, manatın məzənnəsinə heç bir təhdid və təzyiq yoxdur. Əksinə, manatın məzənnəsinin möhkəmlənməsinin əhəmiyyətli təzyiqi var.
Xəbər lenti
0