DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya və NATO arasında görüş bitdi: yekunlar

© Sputnik / Владимир ТрефиловRusiya və ABŞ dövlət bayraqları
Rusiya və ABŞ dövlət bayraqları - Sputnik Azərbaycan, 1920, 12.01.2022
Abunə olmaq
Rusiya-NATO Şurasının iclasından bir gün sonra ATƏT-in Vyana platformasında məsləhətləşmələr keçiriləcək.
BAKI, 12 yanvar — Sputnik. Şimali Atlantika Alyansının genişlənməsi prosesi qəbuledilməz risklər daşıyır və Moskva bunlara qarşı olacaq. Bu barədə Rusiya-NATO Şurasının iclasının yekunlarına dair mətbuat konfransında Rusiya XİN rəhbərinin müavini Aleksandr Qruşko deyib.
Rusiya XİN nümayəndəsi xatırladıb ki, 1997-ci ildə “NATO-nun qapısını RF-lə ümumi sərhədi olan ancaq bir ölkə döyürdü”.
“Hazırda NATO-nun tərkibinə bir çox ölkə daxil olub və onların ərazisi aşkar şəkildə Rusiya istiqamətində müxtəlif strateji dərinliyə yönəlmiş gücün toplanması üçün istifadə olunur”, - diplomat deyib.
Qruşko vurğulayıb ki, bu, ölkənin təhlükəsizliyini ciddi şəkildə pisləşdirir və onun üçün qəbuledilməz risklər yaradır. Rusiya isə buna müqavimət göstərəcək. Eyni zamanda RF Alyansın “soyuq müharibə” dövründəki təhlükəsizlik sxemlərinə qayıtmasından narahatdır.
““Açıq qapı” siyasəti dayandırılmalı və Rusiyaya NATO-nun şərqə doğru irəliləməyəcəyinə dair hüquqi zəmanətlər verilməlidir”, - Qruşko deyib.
O həmçinin qeyd edib ki, Rusiya və NATO-nu birləşdirəcək pozitiv gündəm yoxdur: “NATO-nun qərarı ilə alyansla bizim aramızda ümumi maraqlar zonasındakı bütün təcrübi əməkdaşlıq dayandırılıb”.
Qruşko deyib ki, Rusiya deeskalasiya üzrə tədbirlər təklif etsə də, Alyans onlara etina etməyib. Danışıqlar isə açıq və dolğun olsa da, proses zamanı fundamental məsələlərdə xeyli fikir ayrılığı meydana çıxıb.
Rusiya XİN başçısının müavini onu da bildirib ki, Rusiya-NATO Şurasının iclası zamanı təhlükəsizliyin arxitekturasının deqradasiyasına təsir göstərən amillər də nəzərdən keçirilib.
Rusiya Avropa təhlükəsizliyi sahəsində böhranın aradan qaldırılması üçün öz fikrini bildirib, Qruşko deyir. Onun sözlərinə görə, Rusiya tərəfinin təşəbbüsü sayəsində baş tutan görüş məhz Avropa təhlükəsizliyinin deqradasiyasına təsir edən bütün amillərin analizinə həsr edilmişdi.
“Tərkibinə hərbçilərimizn də daxil olduğu Rusiya nümayəndə heyəti bu təhlükəsizlik landşaftının pisləşməsinə təsir edən amillərin analizini təqdim etdi. Bu, bütün ölkələrin təhlükəsizlik baxımdan maraqlarını əhatə edir, əlbəttə ki, bizim üçün də ilk növbədə Rusiya Federasiyasının təhlükəsizlik maraqları vacibdir”.
“Biz düzgün və aydın qaydada, müəyyən düzgün siyasi formullardan istifadə edərək situasiyanın bundan sonrakı gedişinin Avropanın təhlükəsizliyi üçün çox ağır və ehtimal oluna bilməyən nəticələrə gətirib çıxaracağını göstərdik. Rusiya belə bir ssenari ilə razı deyil”, - Qruşko mətbuat konfransında deyib.
ABŞ və müttəfiqlərinin bütün sahələrdə və bütün mümkün hərbi əməliyyat səhnələrində (quruda, havada, dənizdə, indi isə kosmos və kibermühitdə) üstünlüyü ələ almağa çalışmasına diqqət çəkən Qruşko qeyd edib ki, NATO siyasəti Rusiyanı cilovlamağa yönəlib.
“Bunun üçün nəhəng vəsaitlər ayrılır, bunun Alyansın əsas məramı olduğu gizlədilmir, faktın özü isə ümumavropa təhlükəsizliyini başqa prinsiplər əsasında qurmaq cəhdlərini dağıdır”, - Qruşko hesab edir.
O qeyd edib ki, ancaq Alyans “cilovlamaq” xəttini davam etdirsə, Rusiya da əks-tədbir görəcək.
“Əgər bu, qorxutma olacaqsa, biz də qorxudacağıq. Əgər bu, RF müdafiə sistemində hansısa boşluqların axtarılması olacaqsa, deməli, bu, NATO tərəfindən zəifliklərin axtarılması olacaq. Bu bizim seçimimiz deyil, ancaq indiki hadisələrin təhlükəli gedişatını qıra bilməsək, başqa yolumuz qalmayacaq”, - Qruşko deyib.
O həmçinin vurğulayıb ki, NATO-nun qlobal təhlükəsizliyi Rusiyanın iştirakı olmadan qurmaq cəhdləri məhsuldar deyil və rəsmi Moskva buna yol verməyəcək. Eyni zamanda Rusiya, Alyans ümumi təhlükəsizliyin təminatı üzrə cəhdlərə yanaşmasını dəyişərsə, NATO yanında özünün diplomatik missiyasının bərpasını istisna etmir.
---------
17:41
Brüsseldə Şimali Atlantika Alyansının baş-qərargahında keçirilən Rusiya-NATO Şurasının iclası yekunlaşıb. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadla məlumat yayıb.
Danışıqlar Bakı vaxtı ilə saat 13:00-da başlayıb və planlaşdırıldığından daha çox – 4 saatdan artıq davam edib.
Rusiya -NATO Şurasının Brüsseldə keçirilən son iki ildəki ilk iclasında Rusiya qurumlararası nümayəndə heyətini Cenevrədə Rusiya-ABŞ danışıqlarında iştirak edən xarici işlər nazirinin müavini Aleksandr Qruşko və müdafiə nazirinin müavini Aleksandr Fomin təmsil edir. NATO tərəfindən isə iclasa alyansın baş katibi Yens Stoltenberq və quruma üzv 30 ölkəsinin nümayəndələri qatılıblar.
Danışıqların nəticələri hələlik açıqlanmayıb, tərəflər yalnız gələcək dialoqa hazır olduqlarını bildiriblər.
NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, tərəflər Brüsseldə açıq müzakirə aparıblar və görüş faydalı olub.
"NATO müttəfiqləri Rusiya ilə münasibətlərdə irəliləyiş əldə etməyi hədəfləyiblər", - Stoltenberq əlavə edib.
Stoltenberq onu da bildirib ki, tərəflər Moskvada və Brüsseldə diplomatik missiyaların işinin bərpasında maraqlı olduqlarını ifadə ediblər.
Qeyd edək ki, görüş yanvarın 9-10-da Cenevrədə Rusiya və ABŞ arasında təhlükəsizlik zəmanətləri üzrə danışıqlardan sonra baş tutub.
Rusiya-NATO Şurasının iclasından bir gün sonra Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Vyana platformasında məsləhətləşmələr keçiriləcək.
Xatırladaq ki, yanvarın 9-10-da Cenevrədə ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının Cenevrə Bürosu yanındakı Daimi Nümayəndəliyində Moskva və Vaşinqtonun təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqları baş tutub. Görüşdə Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Ryabkov və müdafiə nazirinin müavini Aleksandr Fomin, Amerika tərəfinə isə dövlət katibinin müavini Vendi Şerman rəhbərlik edib.
2021-ci ilin sonunda Rusiya ABŞ ilə saziş layihələrini və NATO ilə təhlükəsizlik təminatlarına dair sazişləri dərc etdi. Moskva xüsusilə Qərb tərəfdaşlarından NATO-nun şərqə doğru daha da genişlənməsindən,
NATO-Rusiya Şurası 2002-ci ildə qarşılıqlı fəaliyyət və koordinasiyanın inkişafı platforması kimi yaradılıb. 2008-ci ildən sonra Şuranın işi səngiyib, 2014-cü ildə isə münasibətlər daha da gərginləşib. Sonuncu dəfə NATO-Rusiya Şurasının iclası 2019-cu ildə baş tutub.
Ötən ilin oktyabrında NATO-nun səkkiz rus diplomatını akkreditasiyadan məhrum etməsindən sonra qarşılıqlı fəaliyyətdə problemlər yaranıb. Buna cavab olaraq Rusiya Federasiyası NATO-nun Belçikadakı mənzil-qərargahındakı daimi nümayəndəliyinin işini dayandırmaq, həmçinin Moskvada blokun hərbi rabitə missiyasını və informasiya bürosunu bağlamaq qərarına gəlib.
Xəbər lenti
0