Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Buraxılış imtahanlarının vaxtı çəkilib, bəs BSQ keçiriləcək?

© AR Ministry of EducationMəktəbdə dərs prosesi, arxiv şəkli
Məktəbdə dərs prosesi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.01.2022
Abunə olmaq
Buraxılış imtahanları XI siniflərdə mart, IX siniflərdə isə apreldə keçiriləcək. BSQ keçirilməsi məsələsinə TN aydınlıq gətirib.
BAKI, 11 yanvar — Sputnik. Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanlarının XI siniflərdə mart, IX siniflər üçün isə apreldə keçirilməsi nəzərdə tutulur. Elə isə buraxılış imtahanı verdikdən sonra tədris ilinin sonunda Böyük Summativ Qiymətləndirilmənin (BSQ) keçirilməsinin nə əhəmiyyəti var?
Məsələ ilə bağlı Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları"na əsasən, dövlət nümunəli təhsil sənədində (attestatda) müvafiq fənlər üzrə buraxılış imtahanlarının nəticələri ilə yanaşı, fənlər üzrə illik qiymətlər də qeyd olunur.
Fənlər üzrə illik qiymətlər isə Təhsil Nazirliyinin Kollegiyasının 2018-ci il 28 dekabr tarixli 8/1 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası"na əsasən, kiçik və böyük summativ qiymətləndirmələrin nəticələri əsasında müəyyənləşdirilir.
Bildirilib ki, qeyd olunanları nəzərə alaraq, tədris ilində hər yarımil üzrə Böyük Summativ Qiymətləndirmə təşkil olunmalıdır.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə builki buraxılış və qəbul imtahanlarının tarixlərini əks etdirən cədvəl paylaşılıb.
Paylaşılan cədvəldə bu il 11-ci siniflərin buraxılış imtahanları mart ayının 5-6; 12-13 tarixlərində olacağı əks olunub. Həmin məlumata görə, 15 mayda rezidenturaya, 21 mayda III qrup, 22 mayda II qrup üzrə qəbul imtahanlarının birinci mərhələsi keçiriləcək.
Qeyri-rəsmi məlumata əsasən, 29 mayda magistraturaya qəbul imtahanının birinci mərhələsi, 4-5 iyunda I və IV qruplar üzrə bakalavriat imtahanlarının birinci cəhdi keçiriləcək.
19 iyunda rezidenturaya qəbul imtahanının ikinci mərhələsi, 6 iyulda III qrup, 7 iyulda II qrup, 20 iyulda I qrup, 21 iyulda IV qrup üzrə qəbul imtahanının ikinci cəhdi keçiriləcək.
Sosial şəbəkələrdə yayılan bu məlumat abituryentlər, eləcə də müəllimlər arasında çaşqınlığa səbəb olub. Nəzərə alsaq ki, dərslər iyun ayının 14-də yekunlaşır, bu zaman 11-ci siniflərin buraxılış imtahanının martda keçirilməsi dərs proqramı başa çatmamış abituriyentlərdən imtahan götürülməsi anlamına gəlir.
Dövlət İmtahan Mərkəzi (DİM) 2022-ci ildə keçiriləcək imtahanların qrafiki haqqında məlumat yayıb.
DİM-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, mərkəz tərəfindən 2021-ci il ərzində 32 növ imtahan keçirilib. Bu imtahanlarda ümumilikdə 426 minə yaxın şəxs iştirak edib. DİM tərəfindən keçirilən imtahanlar kütləvi xarakter daşıyır. Əlbəttə ki, bu imtahanların qrafikinin layihəsi ilin əvvəlində tərtib olunmaqla aidiyyəti dövlət orqanları ilə birgə müzakirə olunur, razılaşdırılır və yekun qərar qəbul olunduqdan sonra ictimaiyyətə təqdim olunur.
Xatırlayırsınızsa, pandemiyadan öncə DİM tərəfindən növbəti il ərzində keçiriləcək imtahanların qrafiki adətən yanvar, yaxud fevral aylarında elan olunurdu. Lakin “COVID-19”la əlaqədar sanitar-epidemioloji vəziyyəti qabaqcadan müəyyən etmək çətindir. Ona görə də Mərkəz tərəfindən keçiriləcək imtahanların qrafiki 2 ildir ki, hissə-hissə təqdim olunur.
Ötən ilin sonunda DİM tərəfindən 2022-ci ilin yanvar-fevral aylarında keçiriləcək imtahanlarının qrafiki barədə məlumat verilib. Təəssüf ki, dünən axşamdan sosial şəbəkələrdə Mərkəz tərəfindən il ərzində keçiriləcək imtahanların tarixləri ilə əlaqədar layihə-qrafik paylaşılır. Bu layihə-qrafik məxfi sənəd deyil və həm DİM-in müvafiq departamentləri, həm də aidiyyəti dövlət qurumları arasında işçi qaydada müzakirə olunur.
Ona görə də imtahanların məhz bu qrafik əsasında keçirilib-keçirilməyəcəyi haqqında əvvəlcədən nəsə demək mümkün deyil. Qrafik aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra, yuxarıda da qeyd edildiyi kimi, sanitar epidemioloji vəziyyətdən asılı olaraq hissə-hissə elan ediləcək.
Öz kütləvi xaraketeri ilə seçilən buraxılış imtahanları barədə onu deyə bilərik ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının isə aprel ayı ərzində keçirilməsi nəzərdə tutulur. Bu imtahanların keçirilmə tarixləri, həmçinin yerləri yanvar ayı ərzində elan olunacaq.
Abituriyentlərdən, kütləvi informasiya vasitələri nümayəndələrindən diqqətli olmaları və yalnız rəsmi qaydada elan olunan məlumatlara istinad etmələrini xahiş edirik. Bir daha xatırladırıq ki, imtahan tarixləri məlum olan kimi dim.gov.az saytının “Təqvim” bölməsinə əlavə edilir və bununla bağlı rəsmi açıqlama verilir.
Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib ki, DİM tərəfindən keçirilən imtahanlarda tədris planları, qüvvədə olan dərsliklər və qəbul proqramları həmişə nəzərə alınır:
“Buraxılış imtahanlarında da yalnız imtahan tarixinədək keçirilən mövzulardan suallar salınır və salınacaq. Bundan əlavə, nəzərə alınmalıdır ki, fənn kurikulumlarına görə, 1-ci sinifdən 11-ci sinfədək ayrı-ayrı fənlər üzrə məzmun xətləri dəyişmir. Sadədən mürəkkəbə doğru məzmun standartlarının tələbləri dəyişir. Aşağı siniflərdən başlayaraq məzmun standartlarının tələblərinə görə müəyyən bacarıqlar formalaşır. Kurikulumların mahiyyətinin yalnız biliklərin verilməsi deyil, bacarıqların formalaşması olduğundan, buraxılış imtahanlarında əsas etibarı ilə bacarıqlar yoxlanılır və qiymətləndirilir. Bununla bağlı yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqlardan istifadə olunur. Fənn kurikulumlarına görə buraxılış fənləri üzrə əsas bilik və bacarıqlar isə mart ayınadək formalaşmış olur. Ona görə də imtahanın mart ayında keçirilməsi iştirakçılarda narahatlıq yaratmamalıdır”.
Eləcə də oxuyun:
* İmtahanın mart ayında keçirilməsi narahatlıq yaratmamalıdır - DİM mətbuat xidməti
Xəbər lenti
0