CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəstəxana əməkdaşına cinayət işi açıldı

© AFP 2024 / MARTIN BUREAUHəkim, arxiv şəkli
Həkim, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.01.2022
Abunə olmaq
İş üzrə toplanmış sübutlarla Qənitə İsmayılova Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
BAKI, 10 yanvar — Sputnik. COVID-19 infeksiyasına qarşı peyvənd olunma prosesində qanunsuz hərəkətlərə yol vermiş vəzifəli şəxslərlə bağlı cinayət işinin istintaqı yekunlaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat verib.
Bir qrup tibb işçisinin qanunsuz olaraq müxtəlif şəxslərin saxta peyvənd sertifikatı almalarını təmin etmələri ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
İstintaqla müəyyən edilmişdir ki, Qənitə İsmayılova "Abşeron Rayon Mərkəzi Xəstəxanası" PHŞ-in Mehdiabad Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri vəzifəsində işləyərkən 2021-ci ilin aprel-sentyabr ayları ərzində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirmədən "COVİD-19" vaksinasiyası üzrə prosesin düzgün və keyfiyyətli aparılmasına şərait yaratmamış, Mərkəzə məxsus möhürü özündə saxlamalı olduğu halda ayrı-ayrı tibb müəssisələrinin işçilərinə verib.
Cinayət işinin istintaqı zamanı Qənitə İsmayılovanın işinə laqeyd münasibətindən istifadə edən həmin işçilər tərəfindən hər iki doza üçün qanunsuz olaraq ümumilikdə 67 nəfərin "Sinovac" peyvəndi ilə vaksinasiya olunmalarına dair yalan məlumatların rəsmi sənədlərə, eyni zamanda "analiz.its.gov.az" rəsmi elektron portalına daxil edilməsinə, yol verilən qanunsuz əməllərin ört-basdır edilməsi məqsədi ilə 2 min 700 manat dəyərində 130 ədəd peyvənd flakonunun boşaldılaraq tullanılmasına, bununla da dövlətin epidemioloji vəziyyətin stabilləşdirilməsi, xəstələnmə və ölümlə nəticələnən halların azaldılması, eləcə də vaksinləşmənin təmin edilməsi sahəsində qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlarla Qənitə İsmayılova Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Habelə, qeyd edilən saxta vaksin sertifikatlarının ləğv olunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" Publik hüquqi şəxsə məktub ünvanlanıb.
Xatırladaq ki, bir neçə ay əvvəl Bakı şəhəri ərazisində qanunsuz olaraq pul müqabilində vətəndaşlara COVID-19 əleyhinə peyvənd vurulmadan vaksin serifikatının və aidiyyəti qurumlara təqdim etmək üçün saxta arayışlar verilməsi barədə daxil olan məlumat əsasında təxirəsalınmaz əməliyyatlar həyata keçirilib. Əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
İstintaq-əməliyyat tədbirləri ilə Bakı şəhəri 20 saylı şəhər poliklinikasında həkim-terapevt Günay Hüseynovanın həmin poliklinikada tibb bacısı Nailə Musayeva, Abşeron Rayon Mərkəzi Xəstəxanasının Mehdiabad Ailə Sağlamlıq Mərkəzində mama-ginekoloq Esmira Xudayarova, Mərkəzi Dəmir Yol Xəstəxanasının həkim–terapevti Bəsdi Behbudova və "Paşa-K" firmasının reklam üzrə mütəxəssisi İlahə Quliyeva ilə cinayətkar əlaqəyə girdiyinə əsaslı şübhələr müəyyən edilib.
Bu şəxslərin tamah niyyəti ilə Bakı şəhəri ərazisində 100 nəfərdən artıq şəxsin hər birindən 200-250 manat məbləğdə pul alınması müqabilində COVID-19 əleyhinə peyvənd vurulmadan vaksin sertifikatının verilməsini, qeydiyyata alınmasını, vətəndaşlar barədə "E-Təbib" portalında mövcud olan məlumatların dəyişdirilməsini təşkil etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak edən digər şəxslərin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
Xəbər lenti
0