Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Uşaqlar arasında yayılan virus nədir? Nazirlik və mütəxəssislər həyəcan təbili çalır

© AFP 2023 / MENAHEM KAHANAPeyvənd olunan uşaq, arxiv şəkli
Peyvənd olunan uşaq, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.01.2022
Abunə olmaq
Mütəxəssislər bildiriblər ki, sürətlə yayılan virus xüsusən balaca uşaqlar və yaşlılar üçün təhlükə yaradır.
BAKI, 10 yanvar — Sputnik. Son zamanlar uşaqlar arasında virusla xəstələnmələrin sayı artıb. Xüsusən də məktəb yaşlılar arasında xəstələnmə halları daha çox müşahidə olunur.
Yayılan virus sosial şəbəkə istifadəçilərinin hesab etdiyi kimi, H1N1 (influenza) virusudurmu və bununla necə mübarizə aparmaq olar?
Pediatr Telman Aytayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda uşaqlar arasında yayılan influenza A (H1N1) virusudur. Bu virus hər il pandemik vəziyyət yaradır. Belə xəstələrdə infeksiyanın olması təbii haldır. 3-5 gün qızdırma olur, ondan sonra xəstəlik öskürəklə davam edir.
Həkim bildirir ki, bu xəstəlik xüsusən balaca uşaqlar və yaşlılar üçün təhlükə, risk yaradır:

"Xüsusən də yaşı beşdən aşağı olan körpələr, 60-dan yuxarı olan yaşlılar və xroniki xəstəlikləri olanlar risk qruplarıdır. İnfluenza virusundan qorunmaq üçün ümumilikdə ona qarşı vaksin olunmaq vacibdir. Ən azı bu yolla influenza virusundan 60-70 faiz qorunmaq olar".

Telman Aytayevin sözlərinə görə, influenza virusunu koronavirusdan fərqləndirmək çətin ola bilər. Lakin influenzada qrip əlamətləri daha çox olur, koronavirusda isə qrip əlamətləri bəzən olur.
Bu virusdan qorunmaq üçün peyvənddən əlavə maska taxmaq, normal, sağlam, vitaminli qidalar qəbul etmək lazımdır.
İnfeksionist Fərrux Sədirov isə deyib ki, influenza virusu nəinki uşaqlar, böyüklər arasında da geniş yayılıb. İnfluenza A və İnfluenza B virusu xüsusilə geniş yayılır. B daha yüngül xəstələnməyə səbəb olur. İnfluenza A virusu isə nisbətən daha ağır keçir.
Fərrux Sədirovun sözlərinə görə, İnfluenza A virusunun koronavirusdan fərqi var: "Ani olaraq yüksək qızdırma ilə başlayıb üşümə-titrəmə ilə müşahidə olunur. Daha sonra boğucu öskürək, boğaz ağrısı, baş ağrısı müşahidə olunur. Saç dibində, göz qapaqlarında ağrılar olur. Lakin virusu dəqiq müəyəynləşdirmək üçün test vermək lazımdır".
İnfeksionist qeyd edib ki, uşaqlarda müalicə zamanı çox vaxt spesifik dərmanlara ehtiyac olmur. Lakin yaşlı olan şəxslərə influenza A virusuna qarşı ilk 24-48 saatda tətbiq etmək üçün dərman preparatı var.
"Rasional yuxu rejimi, fiziki aktivlik, qapalı məkanlarda az olmaq, qapalı yerləri havalandırmaq, gigiyenik qaydalara əməl etmək, sosial məsafənin gözlənilməsi də virusdan qorunmada önəmlidir", - o, deyib.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Əkbər Quliyev isə deyib ki, hazırda uşaqlar arasında COVID-19-dan daha çox qarşılaşdığımız "influenza” virusu yayılıb. COVID-19-un uşaqlar arasında yayılması ştamların müxtəlifliyinə görə dəyişir:
"COVID-19-un “alfa” ştammına biz daha kiçik yaşlı uşaqlarda rast gəldiyimiz halda, “delta” ştammı 10 yaş və üzəri uşaqlarda daha çox müşahidə edildi. Böyüklərdə olduğu kimi, əsas xroniki xəstəliyi olanlar, allergik bronxiti olanlar, immunosupressiv dərmanlardan istifadə edənlər, xərçəng və revmatoloji xəstəlikdən əziyyət çəkən uşaqlarda ağır COVID-19 riskini yüksəkdir".
O qeyd edib ki, COVID-19-un əlamətləri qriplə çox bənzəyir ki, bu da ayırdetməni çətinləşdirir. Çünki hər iki xəstəlik boğaz ağrısı, hərarət, yorğunluq, quru öskürək kimi əlamətlər verir, ötürülmə yolu da eynidir.
"Bəzən uşaqlarda xəstəlik zamanı olan səpgilər valideynləri narahat edir. Onlar "bu COVID-19 əlamətidir" düşüncəsinə qapılırlar. Səpkilər çox vaxt virus xəstəliklərinin əlamətlərindən biri kimi meydana gəlir. Respirator simptomlardan sonra meydana gəlir, ona görə də diaqnoz qoymaq üçün səpkiyə istinad etmək heç də yaxşı seçim deyil. Oxşar əlamətləri fərqləndirməyin ən doğru yolu PZR yaxma üsuludur", - deyə Əkbər Quliyev bildirib.
Mütəxəssisin fikrincə, son günlər uşaqlar arasında yayılan xəstəliyin törədicisi qripin bir növü olan "influenza” virusudur:
"Dekabrın əvvəlindən daha çox müşahidə olunmağa başlanılıb, artmağa davam edir, 0-5 yaş qrupunda olan uşaqlara daha çox təsir edir. Çox ağır bronxitə səbəb olur. Hazırda uşaqlar arasında COVID-19-dan daha çox qarşılaşdığımız virus qrupudur. Uşaqlar xəstələndiyi halda vaxtında həkimə müraciət etmək lazımdır. Hətta xəstəliyin ilkin simptomlarında mütləq həkimlə məsləhət edilməlidir. Uşaqlar məktəblərdə maska, məsafə və təmizlik qaydasına ciddi diqqət yetirməlidirlər. Bu məqamda həm müəllimlərin, həm də ailələrin üzərinə öhdəlik düşür".
Həkimin sözlərinə görə, risk qrupundakılar, məəsələn, ürək çatışmazlığı, şəkərli diabet, immun sistemi çatışmazlığı, xroniki ağciyər xəstəliyi olan uşaqlar dərhal qrip peyvəndi almalıdırlar. Qrip mövsümünün başlamasına 15 gün qalmış qripə qarşı peyvəndin alınması daha faydalıdır.
Ə.Quliyev "İnfluenza” virusunun müalicəsində nələrə diqqət etmək lazım olduğunu da açıqlayıb:
"Virus xəstəliklərinin müalicəsi əsasən simptomatik təyin edilir. Hərarət salıcı dərmanlar, bol maye qəbulu tövsiyə olunur. Ancaq risk qrupundakı uşaqlar, eləcə də risk qrupunda olmayıb, xəstəliyin daha ağır seyrinin görüldüyü xəstələrdə qrip virusuna təsir edən dərmanların istifadəsi lazımdır. Unutmamalıyıq ki, antibiotik hərarətsalıcı deyil. Antibiotik bakterial infeksiya varsa və təyinata göstəriş varsa, qəbul olunmalıdır. Bu cür vəziyyətlərdə mütləq həkimə müraciət edilməlidir".
Xəbər lenti
0