CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milad ənənəsi: xaçaturan zamanı hansı yemək bişməlidir

© Sputnik / Murad OrujovXaç, arxiv şəkli
Xaç, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.01.2022
Abunə olmaq
Bu gün pravoslavların xaçaturan axşamıdır, yeməklər, adət-ənənələr və inanclar haqda hər şey.
BAKI, 6 yanvar — Sputnik. Pravoslav xristianları tərəfindən qeyd olunan beş müqəddəs bayramdan biri – Milad yanvarın 7-də qeyd ediləcək. Xaçaturan ("soçelnik" - red.) axşamı isə İsa Məsihin dünyaya gəlişindən əvvəlki gecə qeyd olunur. IV əsrə kimi Xaçaçuran ("vəftiz") və xaçaturan axşamları eyni gün keçirilib.
Bu günün adı rus dilindəki "soçivo" sözündəndir ki, onun da mənası həmin gün bişirilən xüsusi yeməyin adından götürülüb. Bu yemək əvvəlcədən suda isladılmış dənli bitkilər, müxtəlif meyvə quruları, bal və xaş-xaşdan hazırlanır. Bu yolla bişirilən sıyığın xüsusi mənası var idi – darı və digər dənli bitkilər yenidən doğuluşu və ya zühuru, bal gələcək firavan həyatın şirinliyini ifadə edirdi.
"Soçelnik" sözünün mənşəyi ilə bağlı daha bir versiya da var – slavyanların duzsuz xəmirdən hazırladıqları dairəvi kökə məhz belə adlanırdı.
Həmin gün oruc tutulur, yalnız bir dəfə yemək qəbuluna icazə verilir. Bundan başqa, xaçaturan günü ilk ulduz göydə görünənə kimi yemək yeyilmirdi.
Xaçaturan axşamı açılan şam süfrəsinə 12 həvarinin şərəfinə 12 növ yemək qoyulurdu. Süfrə arxasında keçmişdə olan inciklikləri yada salmaq qadağan idi. İnsanlar yalnız xeyirxah əməllər barədə danışaraq bir-birindən halallıq alırdılar.
Milad bayramının əsas yeməyi "kutya"dır. Bu yemək həm yanvarın 6-da şam yeməyində, həm də yanvarın 7-də bayram günü süfrəyə verilə bilər.

Milad yeməyinin resepti

Buğda və xaş-xaş ayrı-ayrılıqda əvvəlcədən suda isladılır. Daha sonra buğda suda çox yumşalmayana qədər bişirilir. Xaş-xaş su ilə birlikdə blenderdən keçirilir. Bişirilmiş buğda ilıq olanda balla qarışdırılır və ona süd əlavə olunur. Daha sonra qoz, fındıq və ya başqa çərəzlər əlavə edilir. "Kutya" bütün inqrediyentlərin ətri içinə hopandan sonra süfrəyə verilir.

Milad ənənələri

Milad bayramı yanvarın 6-dan 7-nə keçən gecə qeyd olunur və gecə yarısı kilsələrdə dini mərasim başlayır. 2022-ci ildə Milad cümə gününə təsadüf edir.
Yanvarın 7-dən 18-dək olan dövr Milad bayramı günləri ("Svyatki" - red.) hesab olunur. Bu dövr inanclı pravoslavlar üçün xüsusi əhəmiyyət kəsb edir – onlar bir-birinə qonaq gedir, hədiyyələr verirlər.

Xalq inancları və əlamətlər

Pravoslav xristianlarında bu günlə bağlı inanclar da var.
Məsələn, Milad bayramında nəsə tikmək, toxumaq, təmizlik işləri ilə məşğul olmaq qadağandır.
Milad bayramı günü dalaşmaq çox pis əlamət hesab olunur. Həmin gün evdə düşən dava-dalaş dünyasını dəyişənlərin ruhlarının xilas olacağı ilə bağlı ümidini əllərindən alır.
Belə bir inanc da var ki, bayram günü qapıdan birinci qadın qonaq girsə, bütün il boyunca həmin evin qadınları xəstə olacaqlar.
Milad bayramında mütləq təzə, bir dəfə də olsun yuyulmamış paltar geyinmək lazımdır.
Bundan başqa, bayram süfrəsinə qara paltarda oturmaq olmaz, bu, uğursuzluq gətirə bilər.
Pravoslavların əcdadları bu fikirdə olublar ki, əgər bayram günü nə isə itirsələr, il boyu müxtəlif itkilərlə qarşılaşacaqlar. Əksinə, həmin gün dəyərli nə isə tapılsa, bütün il bolluq içində keçəcək.
Bayram günü süfrəyə çayın və ya qəhvənin dağılması uğura və yaxşı xəbərə işarədir.
Bu bayramın maraqlı adətlərindən biri də içinə dəmir pul qoyulmuş kökənin bişirilməsidir. Piroqun içində pul olan hissəsi kimin payına düşsə, həmin şəxsi ilboyu maliyyə uğurları gözləyir.
Bu bayramda təbiətlə bağlı inanclar da günümüzə qədər gəlib çatıb. Məsələn, həmin gün göydə yeni ay görünsə, deməli, il maliyyə baxımından bir o qədər uğurlu keçməyəcək.
Xəbər lenti
0