Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Un və çörəyin qiyməti hələ bahalaşacaq - İstehsalçılar anons verdilər

© Photo : PxhereÇörək
Çörək - Sputnik Azərbaycan, 1920, 05.01.2022
Abunə olmaq
Sputnik Azərbaycan hazırda un və çörək istehsalçılarının topdansıtışda qiyməti necə müəyyənləşdirdikləri, eləcə də pərakəndə satışda unun və çörəyin qiyməti ilə maraqlanıb.
BAKI, 5 yanvar — Sputnik. Ötən gündən Azərbaycanda unun və çörəyin qiyməti bahalaşıb. Qiymət artımı artıq ölkənin bütün rayonlarındakı satış obyektlərində müşahidə olunub.  Sputnik Azərbaycan hazırda un və çörək istehsalçılarının topdansıtışda qiyməti necə müəyyənləşdirdikləri, eləcə də pərakəndə satışda unun və çörəyin qiyməti ilə maraqlanıb. 

Unun qiyməti 10 manat bahalaşıb

Sputnik Azərbaycan-ın apardığı araşdırma zamanı məlum olub ki, hazırda alıcıların daha çox aldığı "Karmen" ununun bir kisəsinin qiyməti 36 manata satılır. Mağazalardan bildiriblər ki,  bahalaşmadan öncə  "Karmen" ununun bir kisəsinin qiyməti 26 manat olub. 
"Faduoğlu" ununun kisəsi isə 28 manatdan 38 manata qalxıb. "Sünbül" ununun kisəsisi isə hazırda satışda 39 manatadır. Mağazalardan bildirdilər ki, bahalaşmadan öncə bu un kisəsi 29 manata satılıb. Ərzaq mağazalarında satıcılar unun qiymətinin topdansatışda bahalaşdığını bildirdilər.

Çörəyin qiymətində 10-20 qəpik bahalaşma var

Unun qiymətində baş vermiş artım çörəyin qiymətindən də yan keçməyib. Bayıl ərazisində yerləşən mağazalarda hər zaman 50 qəpiyə satılan təndir çörəyinin qiyməti 70-80 qəpiyədək bahalaşıb. Bayılda, 20-ci Sahədə yerləşən ərzaq mağazasında satıcı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, təndir çörəklərinin qiymətini "pekarnı"lar bahalaşdırıb: "Biz əvvəl təndir çörəyini 55 qəpikdən alırdıq. Bu gün bizə 65 qəpiyə veriblər. Biz də 70 qəpiyə satırıq".

"Unu 12 manat baha alırıq"

Sözügedən ərazidə yerləşən təndirxanalardan isə çörəyin qiymətini artırmağa məcbur olduqlarını bildiriblər. Rüstəm adlı sahibkar bildirib ki, unu əvvəlkindən 12 manat baha qiymətə alır. Buna görə məcbur olub iri təndir çörəklərini mağazalara 75, bir qədər balaca təndir çörəklərini isə 65 qəpikdən satır: "Biz də istəyərik ki, çörəyi ucuz sataq. Amma unun qiymətini topdansatış bahalaşdırıb. Bizim bir günahımız yoxdur. Amma yenə də alıcılar hirsini bizim üzərimizə tökürlər. Elə bilirlər, biz qiyməti kefimizdən bahalaşdırmışıq. Çörək undan bişir. Unun qiymətini bahalaşdırmasalar, biz də çörəyi baha satmarıq!"
Apardığımız müşahidələr zamanı supermarketlərdə zavod çörəyinin qiymətində artım müşahidə etmədik. Satıcılar Sputnik Azərbaycan-a bu gün günortadan sonra zavod çörəklərinin qiymətində bahalaşma olacağını söylədilər: "Bizə verilən məlumata görə, zavod çörəyi 70 qəpik olacaq".

"Sosial çörək" 15 qəpik bahalaşacaq

"Nur" çörək zavodunun direktoru Söhrab Cabbarov Sputnik Azərbaycan-a müsahibəsində çörəyin qiymətində bu gündən bahalaşma olduğunu təsdiqləyib. O bildirib ki, unun qiymətində təxminən 40 faiz bahalaşma olub. Bu isə qeyd-şərtsiz çörəyin qiymətini bahalaşdırıb: "Unun qiyməti 40 faiz artıb. Bizim çörək satışda 50 qəpik idisə, bu gündən bahalaşıb 65 qəpiyə qalxacaq. Çünki biz çörəyin topdansatış qiymətini bu gündən 61 qəpik etmişik. Çörəyin mağazalara tədarük qiyməti 60-61 qəpik olub. Halbuki, mağazalar əvvəl bizdən çörəyi 45 qəpikdən alıb 50 qəpiyə satırdı".
S.Cabbarov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda topdansatışda bir kisə unun qiyməti 10 manatadək bahalaşıb: "Biz keyfiyyətinə görə, "Abşeron un" alırıq. Əvvəl kisəsini 26 manata alırdıqsa, hazırda 36 manatdır. Hər kisəyə yükləməyə görə bir manat da fəhlə pulu alınır".
Zavod direktoru onu da bildirib ki, "sosial çörək" sayılan zavod çörəyinin qiymətini dövlət tənzimləyir. Onun sözlərinə görə, çörəyin çəkisi də qiymətə uyğun tənzimlənir.

Un istehsalçılarının arqumentləri

"Abşeron un" MMC-dən  isə Sputnik Azərbaycan-a bildirdilər ki, hazırda topdansatışda əla növ - 50 kq un 35 manat  60 qəpiyə satılır. Dövlətdən subsidiya verildikdə isə unun qiyməti  26 manat olub: "Birinci növ 45 kq-lıq un kisəsi 32 manat 4 qəpiyədir. İkinci növ 30 kq-lıq un isə 10 manat 80 qəpikdir. Buğda kəpəyinin satış qiyməti - 20 kiloqramlıq kisə 5.90 qəpik təşkil edir. Biz də istəyərik ki, unun qiyməti ucuz olsun. Amma heç kəsi başa salmaq olmur ki, dünyada buğdanın qiyməti bahalaşıb".
MMC-nin adının çəkilməsini istəməyən rəhbəri qeyd edib ki, hazırda ziyanla işləyirlər: "Buğdanın qiyməti artdıqca hələ bu gün ziyana işləyirik. Bu hələ ilkin bahalaşmadır".

Bölgələrdə un və çörəyin qiyməti

Sputnik Azərbaycan bölgələrdə hazırda un və çörəyin qiymətini araşdırıb. Sputnik Azərbaycan-ın bölgə müxbirlərinin verdikləri məlumata görə, hazırda rayonlarda da un və çörəyin qiymətində bahalaşma var:
Sumqayıtda:
50 kq-lıq un kisəsinin qiyməti 26.9-dan 36.9 manata qalxıb. Çörəklərin qiymətində dəyişiklik yoxdur. Ancaq sabaha gözlənilir.
Xaçmazda:
50 kq un - 39 manat,
25 kq un - 19-20 manat arası dəyişir
20 kq un - 9 manat
Zavod çörəyi - 40 qəpik, təndir çörəyi 50-60 qəpik arası dəyişir;
Lənkəranda:
Təndir çörəyi 50 qəpikdən 60 qəpiyə, zavod çörəyi isə 40 qəpikdən 50 qəpiyə qalxıb.
Topdansatış məntəqəsində bildiriblər ki, hələlik un yoxdur, ancaq gələndə bir kisəsində 10 manat bahalaşma olacaq.
Bazarda digər mağazada 50 kq-lıq un – 38.50, 25  kq-lıq növünə görə - 19.80-19.90;
Zaqatalada:
Əksər mağazalarda un yoxdur. Cəmi 1-2 yerdə var. 50 kq-lıq kisədə Bakı unu 38,50; Gəncə unu 38 manat.
50 qəpiklik çörək 60, 60 qəpiklik çörək 70 qəpiyə satılır;
Goranboyda:
50 kq-lıq un 38-39 manat. Çörəyin qiyməti isə hələ ki dəyişməyib;
Ağsuda:
Çörəyin qiymətində ciddi artım müşahidə edilməsə də, iri və xırda marketlərdə unun satışı tamam dayandırılıb;
Göyçayda:
İstənilən mağazadan un almaq olar. Qiymətlər 50 kq-lıq un kisəsinə görə 37/39 manat arası dəyişir. Çörəyin qiymətində hələlik artım müşahidə olunmur;
Qazaxda:
Hələlik çörəyin qiymət və çəkisində dəyişiklik olmayıb. 6 çörək istehsalı sexindən çörək götürən dükançı bildirib ki, yalnız bir "pekarnı" qiyməti 5 qəpik qaldırmışdı, ona görə dükanlar götürmədi deyə o da aşağı saldı. Amma unun qiyməti bahalaşıb. 26 manata alınan bir kisə un indi 38 manat olub;
Şamaxıda:
İstənilən iri və xırda marketlərdə çörək və un kifayət qədərdir. Cörəyin qiyməti artmasa da, alıcılara anons verilib ki, sabahdan artıma hazır olun. Unun 50 kq-lıq kisəsi 37/38 manata satılır.

Artıq şikayətlər var

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bayramdan sonra unun və çörəyin qiymətində bahalaşma ilə bağlı onlara ölkənin hər yerindən çoxsaylı şikayətlər daxil olub: "Ən çox şikayət unun və sosial çörəyin bahalaşmasındandır. Vətəndaşlar şikayət edirlər ki, sosial çörək bahalaşıb. 40 qəpiklik zavod çörəyi 50, 50 qəpiyə satılan zavod çörəyi 60-70 qəpik olub. Hətta bəzi yerlərdə təndir çörəyinin qiyməti 80 qəpik-1 manatadək bahalaşıb".
E.Hüseynov bildirib ki, hökumət  mövcud vəziyyətdə zavod çörəyi istehlakçılarına müəyyən subsidiyalarla kömək etməlidir:  "Hökumət zavod çörəyinə təzyiqi azaltmalıdır.  Yaxud da sosial çörək istehsalçılarına müəyyən subsidiyalarla kömək etməlidir”.

Dövlət qurumu yenə xəbərdarlıq etdi

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkədə unun və çörəyin qiymətlərinə nəzarəti daha da gücləndirib. Sputnik Azərbaycan-a bu barədə qurumdan daxil olan məlumatda bildirilir ki,  bu ildən daxili bazarda sahibkarlıq subyektləri idxal ərzaqlıq taxıldan istehsal olunan unun qiymətini dünya bazarında olan ərzaqlıq buğdanın mövcud qiymətinə uyğunlaşdırıb. Nəticədə un və ənənəvi (dairəvi) çörəyin qiymətlərində dəyişikliyin baş verməsi müşahidə olunur.
Bununla əlaqədar nəzarət tədbirləri daha da gücləndirilib. Bu istiqamətdə preventiv tədbirlər çərçivəsində taxıl idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə görüşlər təşkil edilərək vəziyyətdən sui-istifadə hallarının qətiyyən yolverilməzliyi barədə xəbərdarlıq edilib.
Un və ənənəvi (dairəvi) çörəyin qiymətində və çəkisində əsassız dəyişikliyin qarşısının alınması və keyfiyyət parametrlərinə nəzarətin həyata keçirilməsi məqsədilə istehlak bazarında mütəmadi monitorinq aparılır, antiinhisar qanunvericiliyinə riayət olunmasına dair zəruri tədbirlər görülür. Monitorinq zamanı qanunvericiliyinin pozulması əlamətləri aşkar olunduğu təqdirdə ciddi tədbirlər görüləcək.

İstehsalçılardan müraciət

Qeyd edək ki, dünən Azərbaycanın iri un və çörək istehsalçıları müraciət yayıblar.
Sputnik Azərbaycan-a daxil olan müraciətdə deyilir ki, məlum olduğu kimi, baş verən qlobal neqativ proseslər, qeyri-müəyyənliklər, istehsala və təchizat zəncirlərinə təzyiqlər, həmçinin COVID-19 pandemiyası səbəbindən dünyada ərzaq məhsulların qiyməti kəskin artıb. Bu proseslər ərzaqlıq buğdanın qiymətinə də təsirsiz ötüşməyib:
"Azərbaycana ərzaqlıq buğdanın idxalının əsasən Rusiyadan həyata keçirildiyi üçün bu ölkənin bazarında baş verən qiymət artımı bu məhsulun ölkəmizə daha yüksək qiymətlərlə tədarükü ilə nəticələnir. Əlavə olaraq, Rusiyada 2021-ci ilin fevral ayından etibarən yüksək ixrac rüsumunun tətbiqi də qiymətlərin artmasına ciddi təsir göstərir. 2021-ci ilin dekabr ayında Rusiyada ərzaqlıq buğdanın 1 tonunun orta aylıq ixrac qiyməti 2019-cu ilin analoji dövrü ilə müqayisədə 58,7%, 2020-ci ilin dekabr ayı ilə müqayisədə isə 33,1% yüksək olub".
Qeyd olunur ki, bununla belə, qlobal qiymət artımlarının Azərbaycan bazarına neqativ təsirlərinin azaldılması məqsədilə dövlət tərəfindən il ərzində un idxalçılarına və istehsalçılarına böyük dəstək göstərilib:
"Belə ki, ölkədə ərzaqlıq buğda ehtiyatlarının lazımı səviyyəyə çatdırılması məqsədillə 2020-ci ildən başlayaraq tədarükçülərə subsidiyalı kreditlər ayrılır. Əlavə olaraq, 2021-ci ilin fevral ayından başlayaraq un istehsalçılarına subsidiyalar ödənilib, ərzaqlıq buğdanın idxalı və satışı, həmçinin unun və çörəyin satışı ƏDV-dən azad olunub. Biz sahibkarlara göstərilən dəstək tədbirlərinin nəticəsidir ki, qlobal qiymət dəyişiklikləri Azərbaycan bazarına ciddi təsir etməyib, 50 kq-lıq bir kisə unun topdan satış qiymətini 26 manat səviyyəsində saxlamağa imkan verib".
Mövcud subsidiya mexanizminin 2021-ci ilin dekabr ayının sonunadək qüvvədə olmasını nəzərə alaraq, hazırda buğda idxalının və un istehsalçılarının fəaliyyətinin davam etdirilməsi, ölkəmizin bu strateji ərzaq məhsulu ilə etibarlı təminatı, eləcə də qıtlığın yaranması təhlükəsinin qarşısının alınması məqsədilə unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılması zərurəti yaranıb:
"Hesablamalarımıza görə, uyğunlaşmanın nəticəsi olaraq, 50 kq-lıq bir kisə unun topdan satış qiyməti 36 manatadək arta bilər və bu səbəbdən ənənəvi (dairəvi "zavod" çörəyi) çörəyin qiymətinin də maksimum 10-15 qəpik artması ehtimal olunur".
"Vətəndaşlarımızın qida təchizatında önəmli rolumuzu dərk edərək, bildiririk ki, unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılacağı halda, çörək və un məmulatlarının qiymətinin 2022-ci ilin taxılın biçin-tədarük dövrünədək qeyd etdiyimiz səviyyədən yuxarı qalxmaması üçün bütün səylərimizi səfərbər edəcəyik. Qida təchizatı zəncirinin bütün iştirakçılarını bizimlə həmrəy olmağa çağırırıq", - deyə əlavə olunub.
Xəbər lenti
0