CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Detdom" uşaqlarının qaranlıq günləri: Qanun da onlardan imtina edib

© Photo : REUTERS/Toya Sarno JordanKimsəsiz
Kimsəsiz - Sputnik Azərbaycan, 1920, 04.01.2022
Abunə olmaq
İmkansızlıqdan valideyni tərəfindən internat müəssisəsinə verilən məzunlar tamamilə kimsəsiz məzunlardan fərqli olaraq dövlət tərəfindən evlə təmin olunmurlar. Bu isə onlar üçün böyük problemdir.
BAKI, 4 yanvar - Sputnik. Cəmiyyətin sosial problemlərlə yüklənən təbəqələrindən biri də internat və uşaq evini bitirənlərdir. Onların mənzil təminatı isə yox dərəcəsindədir.
"Maştağa 1 N-li internat"ın məzunu olan Elçin Əhmədov bu problemi Sputnik Azərbaycan-la bölüşüb.
O qeyd edib ki, internat müəssisəsini bitirənlərin əksərinin həll oluna bilməyən çox sayda problemləri var. İnternat evini bitirən məzunların bir qismi müəyyən qədər də olsa, evlə təmin olunurlar. Amma burada qanunlarla bağlı problem ortaya çıxır.
Ölkə qanunvericiliyinə hər iki valideyni vəfat edən, valideyn himayəsindən məhrum olan məzunların evlə təmin olunması nəzərdə tutulur. Lakin elə şəxslər var ki, onlar valideyn himayəsindən məhrum olunmayıb. Valideynlərindən biri vəfat edib və dolanışığı çətin olduğundan tək valideyn gətirib övladını internata qoyub.

"Valideyn xəstədir, işləyə bilmir, kirayələrdə qalır və övladı 18 yaşına çatanda da o eyni həyatı yaşamış olur. Elə tanışlarım var ki, onlar internatı bitirdikdə belə valideyninin maddi durumu yaxşılaşmır", - deyə E.Əhmədov bildirib.

Əhmədovun sözlərinə görə, belə şəxslərin bir validyeni, kimsəsi olduğu üçün onlara ev verilmir:
"Həmin uşaqlar buradan çıxanda yükləri daha da ağırlaşır. Onların sayı az olmasa da, diqqətdən kənarda qalırlar. Qanunda göstərilir ki, ana-ata varsa, onlara ev verilməsin. Eləsi var, valideyni onu itirib-axtarmasa da, övladından imtina kağızı yoxdur. Belə olan halda da müxtəlif problemlər olur. Yəni yalnız tamamilə kimsəsiz şəxslərə ev verilir. Məsələn, maraqlanırlar ki, nə vaxtsa bu uşağın əmisi gəlib ona dəyibsə, vəssalam, artıq bir tanışı var və ona ev düşmür".
Həmsöhbətimiz internatı bitirən insanların cəmiyyətə inteqrasiya problemini də anladıb.
O qeyd edib ki, haradasa bir bina tikib oranı sırf internat uşaqları üçün ayırmaq düzgün deyil:

"Çünki belə olan halda onlar yenə də cəmiyyətə inteqrasiya olunmurlar. Fərqli düşüncələrə sahib olmurlar, eyni simaları görürlər. Qonşular da həmin şəxslərdən ibarət olduğu üçün yenə də eyni dövrü yaşamış olurlar. Tikilən binaların hərəsindən 5-10 mənzil bu cür şəxslər üçün ayrılsa, daha yaxşı olardı".

Problem ətrafında danışan millət vəkili Fazil Mustafa bildirib ki, ehtiyacı olan belə şəxslərin evlə təminatı vacibdir. Belə müəssisələri bitirən şəxslərə xüsusi diqqət lazımdır.
"Yanlış yanaşma nəticəsində elə eləmişik ki, özəl sektor zədə alıb, insanlar yüksək gəlir əldə edərək ev problemini həll etmək imkanından məhrum olublar. Bu səbəbdən də haqqı çatan da, çatmayan da dövlətdən ev istəyir", - deyən millət vəkili hesab edir ki, internatı bitirən şəxslər üçün ayrıca binaların tikilməsi, xüsusi mənzillə təminatı vacibdir.
Lakin bu mənzillər nəzarətsiz formada verilməməlidir. Çünki imkanı oldu-olmadı, kimsə ev almağa görə övladını internata qoya bilər:

"Bizdə sui-istifadə məsələsində heç vaxt vicdan sızıldamır. Baxırlar ki, fürsətdir, haqqı çatdı-çatmadı, medalı, adı qapırlar".

Fazil Mustafa qeyd edir ki, dövlət qurumlarının xüsusi seçim üsulu ilə ehtiyacı olan bu şəxslər evlə təmin olunmalıdır. Həmçinin bu cür şəxsləri işə götürənlərə vergi güzəştləri olmalıdır.
"İş adamına şərait yaradılarsa, o, internat müəssisəsi, uşaq evini bitirən həmin şəxsi evlə, sığınacaqla təmin edə bilər", - deyə Fazil Mustafa əlavə edib.
Xəbər lenti
0