Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Həmrəylik Gününün canlı şahidi Araz Elsəs: "İndi onları edə bilmərəm" - VİDEO

© Photo : courtesy of Araz ElsesAraz Elsəs
Araz Elsəs - Sputnik Azərbaycan, 1920, 31.12.2021
Abunə olmaq
Türk dünyasının sevilən siması Araz Elsəs həmrəylik tarixi haqqında Sputnik Azərbaycan-a bəhs edib.
BAKI, 31 dekabr — Sputnik. Araz Elsəs Cənubi Azərbaycanın Sulduz şəhərində doğulub. Uşaqlıqdan musiqiyə böyük maraq göstərib, gənc yaşlarından milli ruhlu ozan kimi tanınıb. Siyasi sıxıntılara görə 1991-ci ildə Azərbaycanın paytaxtı Bakıya köçən ozan 1997-ci ildən Norveçdə yaşayıb, 2000-ci ildən isə İsveçdə məskunlaşıb.
1989-cu il dekabrın 31-i bütün azərbaycanlılar kimi, onun üçün də əhəmiyyətli bir tarixdir. Həm də ona görə ki, o bu tarixin canlı şahidi və onun bir parçasıdır. Türk dünyasının sevilən siması həmrəylik tarixi haqqında Sputnik Azərbaycan-a bəhs edib.
Qəhrəmanımız o günlər haqda fəxr hissi ilə söz açır:
"O dövrdə mən Qaradağın kəndlərində, Təbrizdə, Azərbaycanın müxtəlif yerlərində millətimizin bütövlüyünü təbliğ edənlərdən biri idim. İnanılmaz duyğular yaşadım o zamanlar. Arazın cənubundan şimala baxıb ağlamışam. Sonra tale elə gətirdi ki, 1991-92-ci illərdə şimalından cənubuna baxıb ağladım".
© Photo : courtesy of Araz ElsesAraz Elsəs
Araz Elsəs - Sputnik Azərbaycan, 1920, 26.12.2021
Araz Elsəs
Ozan bu şanlı tariximizin canlı şahidi olduğuna görə özünü xoşbəxt hiss edir: "Həmişə bir şeyi düşündüm: bu həsrət nə zaman bitəcək? Bu yaxınlarda bir video qarşıma çıxdı, Arazın şimalından çəkmişdilər. Yaşlı qadınlar, kişilər Arazın o tayından bu tayına baxıb ağlayırlar. O görüntüləri sözlə ifadə etmək mümkün deyil. O günə həsr olunan mahnılar, şeirlər, bədii əsərlər yazıldı, yazılacaq da. Amma insanların yaşadığı duyğuları heç bir mahnı ilə, heç bir şeirlə çatdırmaq mümkün deyil".
Danışdıqca göz yaşlarına hakim ola bilməyən ozan bildirir ki, bəlkə də indi o vaxt etdiklərini edə bilməz: “İndi sizinlə danışa-danışa o günləri xatırladım, bir kino lenti kimi gözümün qabağından keçdi. Düşünürəm ki, indi onları edə bilmərəm. Çünki nə o güc, nə o qüvvət, nə də o dəlilik var".
Araz bəyi indi narahat edən məsələlərdən biri son illər Urmiya gölünün suyunun səviyyəsinin aşağı düşməsidir: "Gölün yerləşdiyi yerə diqqət edin. Onların dili ilə desək, Şərqi Azərbaycan və Qərbi Azərbaycanın ortasında yerləşir. Çox önəmli yerdir bizim üçün. Orada yaşayanlar da türklərdir. Çoxu da əkinçidir.
© Photo : courtesy of Araz ElsesAraz Elsəs
Araz Elsəs - Sputnik Azərbaycan, 1920, 26.12.2021
Araz Elsəs
Gölün quruması böyük faciələrə yol açır. Orada yaşayan insanlar məcburən oradan köçəcəklər. Gedəcəklər Tehrana, orada küçə ticarəti ilə məşğul olacaqlar. Bu minvalla assimilyasiyaya uğrayacaqlar. Urmiya gölünün ətrafına da başqa millətlər gələcək, hansı ki, onlar bu işdən anlamazlar”.
Bakı üçün, Azərbaycan üçün darıxdığını söyləyən qəhrəmanımız yaxın zamanlarda ölkəmizə gələcəyini bildirir. Həmsöhbətimizin ən böyük arzusu Qarabağı görməkdir: “Övladlarım balacadır, amma istəyirəm ki, onlar da Vətənlərini görsünlər. Azərbaycan dilini bilirlər, Azərbaycan haqqında onlara çox danışmışam. Amma istəyirəm ki, onlar gəlib görsünlər”.
44 günlük müharibədən və sonda qazanılan şanlı zəfərdən söz açan həmvətənimiz bildirir ki, qələbə o taylı, bu taylı azərbaycanlıları bir daha birləşdirdi:
“Azərbaycan məsələsi ilə maraqlanmayan, milli məsələləri düşünməyən Cənubda yaşayan azərbaycanlılar belə, bu müharibədə həmrəylik nümayiş etdirdilər. Xüsusən də Xudafərin körpüsü azad olunanda hər iki tərəfdə azərbaycanlılar: “Azərbaycan var olsun, istəməyən kor olsun”, - deyərək birləşdilər. Xudafərin körpüsündə dalğalanan bayrağımız cənubda yaşayan azərbaycanlılarda böyük ruh yüksəkliyi yaratdı”.
Tanınmış ozan Zəfər tariximizə də öz töhfəsini verib. Getdiyi hər ölkədə azərbaycançılığı, türkçülüyü təbliğ edən Elsəs bildirir ki, Azərbaycan mədəniyyət nümayəndələri Vətən müharibəsinə çox dəyərli əsərlər həsr etdilər:
“Əvvəllər tək mən oxuyurdum, digər sənətçilərimizsə çox az hallarda Vətən, Qarabağ haqqında oxuyurdular. Amma bu müharibədən sonra onlar da birləşdilər, çox dəyərli işlər ortalığa çıxartdılar. İndi heç mənim oxumağıma ehtiyac qalmayıb. Ancaq yenə də bir neçə mahnı yazdırmışam. Yaxın zamanlarda ictimaiyyətə təqdim edəcəyəm. Təəssüf ki, müharibə vaxtı uzaqda oldum. Hadisələrin içində olmaq, o anı yaşamaq tamamilə başqa hissdir”.
Vətən həsrəti ilə yaşayan ozan yuxusunda Arazı gördüyünü söyləyir: “Yuxuda Arazı gördüm. Sanki Araz çayı mənim yaşadığım yerdən axırmış kimi… Sanki Araz hər yeri bürümüşdü. Bu həsrətdir, nə qədər ki biz həsrətlə yaşayırıq, mahnılarımda da bu həsrət yaşacaq.
© Photo : courtesy of Araz ElsesAraz Elsəs
Araz Elsəs - Sputnik Azərbaycan, 1920, 26.12.2021
Araz Elsəs
Yuxumda anamı, qardaşımı, doğmalarımı görürəm. Yaxşı ki, internet var, doğmalarımızla internet vasitəsi ilə əlaqə saxlayıram. Hansısa ölkədə görüşürük. Əvvəlki kimi çətin deyil. Onda çox çətin idi. Heç şəxsiyyət vəsiqəm belə, yox idi. Azərbaycanla İran qonşudurlar. Qonşu da qonşunun sağlığını istəyər. İstəyər ki, həmişə dost olsun. Mən arzu edirəm ki, Azərbaycan İranla sülh içində yaşasın".
Araz Elsəs onu sevənlər üçün gələn il konsert verəcəyini söyləyib: "Koronavirusun yeni ştammlarına görə sərt qadağalar olmasa, çox güman ki, Qarsda, İzmirdə, İstanbulda konsertlərimiz olacaq. İstəyirəm Bakıda, Gəncədə və digər bölgələrimizdə də konsertlər verim".
Xəbər lenti
0