Üç əsr görən nənənin uzunömürlülüyünün sirri - VİDEO - FOTO
© Photo : Ministry of Labour and Social Protection of the Population (Azerbaijan)Tamam Əzizova
© Photo : Ministry of Labour and Social Protection of the Population (Azerbaijan)
Abunə olmaq
On övladı, qırx iki nəvəsi, yetmiş bir nəticəsi, otuz bir kötükcəsi olan Tamam nənə uzunömürlülüyün sirrini Sputnik Azərbaycan-a açıb.
BAKI, 30 dekabr — Sputnik. Üç əsri görmək hər kəsə qismət olmur. Lənkəranlı Tamam Əzizova isə artıq üç əsrin şahididir.
Sputnik Azərbaycan Tamam Əzizova və onun qızı Telnaz Əzizova ilə söhbətləşib.
Ögey uşaqları doğmalardan ayırmayıb
Öncə 131 yaşlı nənə haqda qısa məlumat verək: Tamam Əzizovanın ögey və doğma olmaqla ümumilikdə 10 övladı, 42 nəvəsi, 71 nəticəsi, 31 kötükcəsi olub. Ögey övladları dünyasını dəyişib.
Üç əsr yaşayan Tamam nənənin həyat yoldaşı öncə ailəli olub: "O zaman mənə başqasının gözü düşmüşdü, onu istəmirdim. Ailə həyatı qurduğum Nehmətin birinci həyat yoldaşı dünyasını dəyişmişdi, o da ailə həyatı qurmağa bir qız axtarırdı. Beləcə, o, məni qaçırdı, Lənkərandan Cəlilabada getdim".
Həyat yoldaşının birinci evliliyindən olan övladlarını da özü böyüdən nənə deyir ki, onları özünün doğma övladlarından heç zaman ayırmayıb: "Nehmətlə ailə qurduqdan sonra biri qız olmaqla 4 övladımız oldu. Hazırda özümün 9 nəvəm, altı nəticəm var. Nəvələrim, nəticələrim də sağdır".
Onun 67 yaşlı qızı Telnaz Əzizova deyir ki, atası bir dəfə anasına əl qaldırıb: "Atam əsəbləşəndə anamı döyüb, sonradan hər dəfə zarafatyana deyib ki, bax, sizinkilər gələndə deyəcəm ki, qızınızı döymüşəm".
Hörüklərini ağacdan asan qız
Nənənin hələ məktəb yaşlarında uzun hörükləri varmış. Sonradan yatalaq xəstəliyinə tutulduğundan hörüklərini kəsdirməli olub: "Yatalaq xəstəliyi də o dövrdə geniş yayılmışdı. Anam da bu xəstəliyə yoluxmuşdu. Anamın uzun hörükləri olub, yatalaq xəstəliyinə yoluxanda nənəm onun saçını kəsib, ağaca bağlayıb. Hər dəfə dərsə gedəndə hörüklərini saçına bağlayıb ki, kimsə onun kəsildiyini bilməsin".
Corabların pulu ilə oğullarını oxudub
Telnaz xanım deyir ki, anasının doğulduğu il şəxsiyyət vəsiqəsində 1890 kimi yazılıb: "Vəsiqədə anamın yaşını artıq yazıblar. Çünki ailə quranda atamın 50 yaşı olub, anamdan yaşca çox böyük olub. Bu səbəbdən də anamın yaşını daha çox göstəriblər. Amma dəqiq yaşı nə qədərdir, bunu bilmirəm, böyük qardaşımın 80 yaşı olar. Böyük qardaşım doğulanadək anamın bir neçə övladı olub, qalmayıb".
Tamam nənə ailə qurduqdan 10 il sonra həyat yoldaşı xərçəng xəstəliyindən dünyasını dəyişib. Beləcə, nənənin ən çətin günləri başlayıb. İkinci Dünya müharibəsi zamanı maddi durumları, dolanışıqları daha da çətinləşib. Beləcə, fədakar Tamam nənə corab toxuyaraq övladlarını böyüdüb:
"O dövrdə imkanımız o qədər zəif olurdu ki, normal qidalana bilmirdik, mədə ağrılarımız çox olurdu. Anam Tikəbandda yaşayırdı, Stalinin dövrü idi, vəziyyət daha da gərginləşmişdi, müharibə gedir, aclıq tüğyan edirdi. Anamgil kartof əkib dolanar, bundan əsgərlərə də pay göndərərdilər. O dövrdə yeməyə çörək də tapmırdılar, çox çətinliklə yaşayırdılar. 1954-cü ildə doğulmuşam, yadımdadır, uşaq ikən anam kartofu südə salıb bizə sahədə işləmək üçün verirdi ki, orada yeyək".
© Photo : Courtesy of Telnaz Azizovaİkinci Dünya müharibəsi zamanı Tamam nənə corab toxuyaraq övladlarını böyüdüb
İkinci Dünya müharibəsi zamanı Tamam nənə corab toxuyaraq övladlarını böyüdüb
© Photo : Courtesy of Telnaz Azizova
Sonralar bu işdə ona gözünün ağı-qarası olan tək qızı Telnaz xanım da kömək edib. Ana-bala birgə corab toxuyub, pul yığıb, üç oğlanı oxudublar: "Mən isə ali təhsil almamışam, ailə də qurmamışam. Elə anamın yanında olmuşam, ona özüm qulluq etmişəm. Bütün qardaşlarım ali təhsillidirlər, kiçik qardaşımın isə iki ali təhsili var. O həm hüquq, həm də jurnalistika təhsili alıb, hazırda Xəzər Universitetində dərs deyir".
Üç əsri görən Tamam nənə deyir ki, uşaqları balaca olanda corabın bir tayını günortayadək, o biri tayını axşamadək toxuyarmış. Uşaqları yatızdırdıqdan sonra isə qaranlıqda yenidən bir tay toxumağa başlayarmış. Əziyyətinin bəhrəsini isə o dövrdə indiki pulla desək, 3 manata satarmış.
© Photo : Courtesy of Telnaz AzizovaTelnaz xanım deyir ki, 131 yaşlı Tamam Əzizova bir dəfə də olsun, etiketli meyvələr alıb yeməyib
Telnaz xanım deyir ki, 131 yaşlı Tamam Əzizova bir dəfə də olsun, etiketli meyvələr alıb yeməyib
© Photo : Courtesy of Telnaz Azizova
Birinci və İkinci Dünya müharibələrini, I və II Qarabağ müharibələrini görən nənə 90-cı illəri də yada salıb: "20 Yanvar hadisələri vaxtı biz artıq Bakıda yaşayırdıq. Şəhərə çıxmışdım, hər yer tank idi. Ələ keçəcəyimiz halda özümüzü öldürməyə də hazır vəziyyətdə idik".
Vəziyyət daha da gərginləşdiyi üçün nənə qərara alır ki, yenidən Lənkərana qayıtsınlar: "Buradakı evi satıb çıxmışdıq, gəlib bir müddət burada qaldıqdan sonra oğlum torpaq aldı, ikiotaqlı ev tikdirdik".
Yapon Nişinin Tamam nənəyə köməyi və uzun ömrün sirri
Yəqin ki, oxucuları da bizim kimi ən çox düşündürən sual budur: Uzunömürlülüyün sirri nədir?
Anasının bütün əziyyətini çəkən, ona qulluq edən Telnaz xanım uzunömürlülüyün sirrindən danışır, deyir ki, 131 yaşlı nənə hər zaman təbii qidalar yeyib: "Anam bizə ət alıb yedirtməyib. Nadirən olurdu ki, Qurban bayramında ət pay edilirdi və o, bizə bu ətdən xörək bişirirdi. Anam həmişə deyirdi ki, bu haqda Nişinin (Kasudzo Nişi - 1884-1959-cu illərdə yaşamış yapon mühəndisi, alimi, yazıçısı və aykido müəllimi, sağlamlıq haqda kitabların müəllifi - red.) kitabında da yazılıb. O düşünürdü ki, ət ziyandır və onun tərkibindəki min cür xəstəliklər insana keçir, onu qocaldır. Anam nadir hallarda həyətdə saxladığımız cücələrdən yeyir".
© Photo : Courtesy of Telnaz AzizovaTamam Əzizovanın əl işləri hazırda Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində saxlanılır.
Tamam Əzizovanın əl işləri hazırda Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində saxlanılır.
© Photo : Courtesy of Telnaz Azizova
Telnaz xanım deyir ki, 131 yaşlı Tamam Əzizova bir dəfə də olsun, etiketli meyvələr alıb yeməyib: "Demək olar ki, yediyimiz hər şey həyətimizdən olub. Kənardan nəsə alanda da dağdan gələn məhsullardan almışıq. O, dərmanlı kartof, meyvə-tərəvəz yeməyib. Axşamlar yemək yeməz. Ümumiyyətlə, çox yeməklə arası yoxdur. Hər yeməyini vaxtı-vaxtında yeyir. Bal məhsullarından çox istifadə edir. Xüsusən də xörəkdən qabaq bal yeyir. Bala sarıkök, zəncəfil də qatıb verirəm. Az miqdarda bala limon da qatıb verirəm ki, anam sağlam qalsın. Həyətdə ağacların dibinə azot da tökmürəm. Buna görə də anam ayaq üstdədir və heç bir xəstəliyi yoxdur. Uzunömürlülüyün sirri bunlardır, bütün bunlara önəm vermək lazımdır".
Üç əsr görən Tamam nənə özü isə deyir ki, adətən axırıncı yeməyini günorta üçdə yeyir: "Naharda da ya iki yumurta yeyirəm, ya da iki xurma".
Qeyd edək ki, üç əsrdir yaşayan Tamam Əzizovanın əl işləri hazırda Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində saxlanılır.