Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Media haqqında qanun keçdi - təklifləri nəzərə aldılarmı?

© Depositphotos.com / MacorJurnalist, arxiv şəkli
Jurnalist, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.12.2021
Abunə olmaq
Milli Məclis "Media haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
BAKI, 30 dekabr — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Media haqqında" yeni qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
Sputnik Azərbaycan xəbər verir ki, layihə barədə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məlumat verib.
Zahid Oruc qanun layihəsinə qarşı əsassız tənqidlərə toxunub. Vurğulayıb ki, layihədə internet televiziyalara qarşı heç bir müddəa yer almayıb. Yalnız klassik mənada ölkənin mərkəzi kommunikasiya qurğuları üzərindən yayımlandıqda televiziya kanalı kimi lisenziyalaşdırılmasından söhbət gedir.
Komitə sədri ölkənin aparıcı media orqanlarının və qurumlarının rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə müxtəlif platformalarda aparılan fikir mübadiləsindən sonra qanun layihəsinə nəzərdə tutulan əlavə və dəyişikliklərin 9 maddəni əhatə etməsi barədə məlumat verib.
Qanun layihəsi media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.
Layihə 9 fəsil 78 maddədən ibarətdir.
Qanun Azərbaycan ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin ölkə hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilir. Bildirilib ki, qanun layihəsində əsas anlayışların yeni redaksiyada şərhi verilib, media subyektləri, o cümlədən audiovizual media, çap mediası, onlayn media və informasiya agentliklərinin dairəsi, onlara dair tələblər öz əksini tapıb.
Toplantıda Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, Agentliyin rəsmiləri və Mətbuat Şurasının sədri Əflatun Amaşov iştirak ediblər.
Qeyd edək ki, dünən Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, sənədlə bağlı ictimai müzakirə prosesində media subyektlərinin, həmçinin digər maraqlı tərəflərlə keçirilən görüşlərdə təklif olunan dəyişikliklərdən qanun layihəsinə tənqidi yanaşanların da məmnun qaldıqlarını, dünənki geniş ictimai müzakirədə media nümayəndələrinin qanun layihəsinin indiki formatından razılıqlarını açıq ifadə etdiklərini vurğulayıb. Birinci vitse-spiker qeyd edib ki, yeni qanun layihəsi Venesiya Komissiyası tərəfindən təqdir olunmuş normaların məcmusudur. Yəni hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” və “Televiziya və radio yayımı haqqında” qanunların ümumiləşdirilmiş formasıdır.
Xəbər lenti
0