CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputat: "Elə ailə və əlil var ki, qapısı heç döyülməyib"

© Sputnik / Murad OrujovƏlil, arxiv şəkli
Əlil, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.12.2021
Abunə olmaq
Millət vəkili deyir ki, təklifləri keçərsə, xaricdə yaşayan azərbaycanlılar da yardım işində dövlətin yükünü 50% azalda bilərlər.
BAKI, 29 dekabr — Sputnik. Azərbaycanda birinci Qarabağ müharibəsindən 20 minə yaxın, ikincidən isə 3 minə yaxın şəhid ailəsi var. Əlavə olaraq, sağlamlıq və digər səbəblərdən dövlət dəstəyinə ehtiyacı olan müharibə əlilləri var. Onlara dövlət qurumları tərəfindən müxtəlif köməkliklər edilir. Elə olur ki, bir ailəyə, bir əlilə beş-on dəfə kömək edilir, elə ailə və əlil var ki, qapısı heç döyülməyib.
Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili Razi Nurullayev Milli Məclisin iclasında deyib.
O bildirib ki, ayrı-ayrılıqda dövlət qurumları, o cümlədən özəl şirkətlər, fərdi şəxslər müraciət edən şəhid ailəsinə və əlilə yardım edir, ev verir, işə götürür, digər problemlərini həll edir. Əsasən, "Yaşat" Fondu kömək etdiyi şəhid ailəsi və ya əlil ilə bağlı tam məlumatlara malikdir və bunu tənzimləyə bilir.
”Ortada olan qarma-qarışıqlığı aradan qaldırmaq üçün təklif edirəm: Birincisi, ASAN xidmət bu sahədə daha mütərəqqi və əlçatan internet resurslarına malik olduğu üçün bütün bu tip məlumatlar ASAN xidmətdə emal edilsin və vahid mərkəzdə - Şəhid ailələri, müharibə əlilləri və bu kateqoriyadan olan şəxslərin dövlət reyestrində birləşdirilsin. İkincisi, bu vahid informasiya mərkəzinə hər kəsin çıxışı olsun. Bir dövlət qurumu, yaxud özəl şirkət, fərdi sahibkar və digərləri müraciət edən şəxslə bağlı o resursa daxil olsun və bütün məlumatları görsün. Bunu qanunvericilik səviyyəsində edə bilsək, bir çox problemləri yerində həll edə bilərik", - deyə o qeyd edib.
"Qoy şəhid ailələri, müharibə əlilləri və sağlamlıq problemi olan digərləri bu təklifə görə məndən inciməsinlər. Elə edək ki, bütün şəhid ailələri və ehtiyacı olan müharibə əlilləri əhatə olunsunlar. Elə olmasın ki, bir ailə və ya şəxs müxtəlif dövlət orqanlarından yararlana bilsin, digərləri isə kənarda qalsınlar. Onların yüz dəfə də yararlanmaq haqlarıdır və halalları olsun. Amma növbəli şəkildə. Elə ailə və müharibə əlili və ya yaralısı var ki, oturub gözləyir ki, onun qapısı nə zaman döyüləcək", - deyə deputat bildirib.
O əlavə edib ki, üçüncüsü, bütün şəhid ailələrinin, müharibə əlillərinin və bu kateqoriyadan olan digər ehtiyaclı şəxslərin də bu reyestrdə birləşdirilməsi zamanı onların mövcud problemləri də göstərilsin: "Dövlət orqanları, fərdi şəxslər də kömək etmək istəyən zaman güclərinə və istəklərinə uyğun seçim edə bilsinlər. Bunu edə bilsək, xaricdə yaşayan azərbaycanlılar da bu işdə yaxından iştirak edə və yükümüzü hətta 50% azalda bilərlər".
Xəbər lenti
0