Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan televiziya və radio yayım məkanının bir ili

© Depositphotos.com / RasulovSTelevizor pultu, arxiv şəkli
Televizor pultu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.12.2021
Abunə olmaq
Azərbaycanın efir məkanında 2021-ci ildə xeyli dəyişiklik olub. Bunların bəzilərinin nəticələrini 2022-də də hiss edəcəyik.
BAKI, 29 dekabr — Sputnik. 2021-ci ilin başa çatmasına sayılı günlər qalıb. Bəs görəsən, evimizin çağırılmamış qonağı olan telekanallar bu il bizə nə çəkib, nə göstərdilər? Azərbaycan efir məkanı ötən ili necə başa vurdu?
Milli Televiziya və Radio Şurasından (MTRŞ) Sputnik Azərbaycan-a verilən məlumata görə, il ərzində Şuranın 12 iclası keçirilib, ümumilikdə 40-dan çox məsələyə baxılıb, 32 məsələ barədə qərar qəbul olunub.

Qarabağ və Şərqi Zəngəzurda radio səslənəcək

MTRŞ ötən il ərzində "Ultra TV" MMC-yə abonentlərin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı (yayım üsulu – internet) üçün müddətsiz lisenziya verib. Şuranın daha bir qərarı ilə "Caspian İnternational Broadcasting Company" MMC-yə regional radio kanalının (Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisi üzrə) açılması üçün 102,7 MHs işçi tezliyinə müddətsiz lisenziya verilib.
Bundan başqa, "AzəriGlobalServis" QSC-yə (yayım üsulu – kabel), "Sevenline" MMC-yə və "İTTNET" MMC-yə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı (yayım üsulu – internet) üçün müddətsiz lisenziyalar verilib.
İl ərzində verilən qərarlara əsasən, "ArtKom.Net" MMC-yə, "Real Telecom" MMC-yə və "Fast Net Technology" MMC-yə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı (yayım üsulu – internet) üçün müddətsiz lisenziyalar, "Beeonline" ASC və "StarTelekom" MMC-yə abonetlərinin sayı 5000-dən çox olan kabel şəbəkəsi yayımı (yayım üsulu – kabel və internet) üçün müddətsiz lisenziyalar verilib.

Bəzi kanalların lisenziyası ləğv edilib

Şuranın il ərzində verdiyi qərarlara əsasən, "Lider TV və Radio-Azərbaycan" MMC-yə ümumrespublika televiziya və radio yayımı üçün, "Kaspi Global" MMC-yə peyk yayımı üçün, "Mingəçevir" Televiziya və Radio Şirkətinə regional televiziya yayımı üçün, həmçinin "Alternativ Tele-Radio" MMC-yə regional televiziya yayımı üçün verilmiş lisenziyalar ləğv edilib.
Bundan başqa, Şuranın qərarlarına əsasən, "Digicom" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "Mobil Yayım Sistemləri" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "MNS Services" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "Pluton Satellite" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "Caspel" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "Avir TV" Məhdud Məsuliyyətli Cəmiyyətinə kabel şəbəkəsi yayımı üçün verilmiş lisenziyalara xitam verilib.

Telekanallar qanunun tələbini pozub

İl ərzində dövlət büdcəsindən maliyyələşən yayımçıların efirlərinin izlənilməsi zamanı bəzi çatışmazlıqlar da aşkarlanıb. Belə ki, "Televiziya və radio yayımı haqqında" Qanunun 32.0.10-cu maddəsinə görə, dövlət və ictimai teleradio yayımçıları tərəfindən insanın immunçatışmazlığı virusu infeksiyasının profilaktikası barədə maarifləndirici verilişlərin, sosial reklam çarxlarının nümayişi üçün ayda 20 dəqiqədən az olmayan efir vaxtı ayrılmalı və həmin verilişlərin daha əlverişli vaxtda yayımı təmin edilməlidir.
Monitorinqlər zamanı yayımçıların Qanunun bu tələbinə tam şəkildə riayət etdikləri müşahidə edilmir. İstisna hal olaraq İTV kanalında QİÇS-ə qarşı mübarizə günü (1 dekabr) ərəfəsində və həmin gün yayımlanmış proqramlar təşkil edir.
ARB 24 və REAL TV kanalları istisna olmaqla ümumölkə televiziya yayımçıları tərəfindən "Televiziya və radio yayımı haqqında" Qanunun 32.0.8-ci maddəsinin (karlar və zəif eşidənlər üçün tədris və informasiya xarakterli sosial yayımlar təşkil olunmalıdır) tələblərinə əməl edilməməsi diqqəti cəlb edir.
11 ümumölkə televiziya kanalından 7-nin (AZTV, İTV, ARB 24, REAL TV, MƏDƏNİYYƏT TV, İDMAN TV, CBC SPORT TV) efirində maarifləndirici, müzakirə və informativ xarakterli layihələr üstünlük təşkil edib. Digər 4 kanalın (ATV, XƏZƏR TV, ARB və SPACE TV) efir səbətində isə maarifləndirici-informativ proqramlarla yanaşı, əyləncə və şou xarakterli layihələrə də geniş yer ayrılıb.
Qeyd olunmalıdır ki, il ərzində baş vermiş ictimai əhəmiyyətli hadisələri nəzərə alaraq bütün yayımçılar öz proqram səbətlərini operativ olaraq dəyişib və bir sıra yeniliklər həyata keçiriblər. Buna misal olaraq, televiziya və radio yayımçıları tərəfindən COVID-19 pandemiyasına qarşı mübarizə çərçivəsində maarifləndirici-informativ yayımların həyata keçirilməsini göstərmək olar.
Yayımçılar bu virusla mübarizə istiqamətində müzakirə və maarifləndirici proqramlar, sosial çarxlar nümayiş etdirmiş, qaçan sətirlə məlumatlandırma metodundan istifadə ediblər. İlin əvvəlində MƏDƏNİYYƏT TV və ARB GÜNƏŞ kanalının efirində Təhsil Nazirliyinin dəstəyi ilə teledərslərin yayımlanması xüsusi vurğulanmalıdır.
Pandemiya zamanı ölkə məktəblilərinin distant (və ya onlayn) təhsilinin davam etdirməsi şəraitində belə teledərslərin onlar üçün müstəsna əhəmiyyəti olub.
İl ərzində, həmçinin, ölkə ərazisində fəaliyyət göstərən ümumölkə radio kanallarının daimi monitorinqləri aparılıb. Ümumilikdə, aparılmış monitorinqlər göstərib ki, Şura tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində 2020-ci il ilə müqayisədə 2021-ci il ərzində televiziya və radio yayımı haqqında qanunvericiliyin tələblərinə yayımçılar tərəfindən riayət olunması istiqamətində müsbət dinamika müşahidə edilib.

Telekanallar şəhidlərlə bağlı reportajlara üstünlük verib

Şuranın il ərzində əsas monitorinq istiqamətlərindən biri də əcnəbi serialların yayımlanmasına nəzarət olub. Bu sahədə yayımçılar tərəfindən pozuntu faktları aşkarlanmayıb. Seriallar tam olaraq dublyaj olunmuş vəziyyətdə, yayımçılara icazə verilmiş kvota və müddətlərə yayımlanır.
27 sentyabr 2021-ci il tarixdə Anım Gününün keçirilməsi, ondan sonra Vətən müharibəsinin bir ili, habelə 8 noyabr 2021-ci il tarixində Zəfər Bayramının qeyd olunması ilə bağlı ölkə teleradio yayımçılarının proqram səbətlərində və verilişlərin formatında ciddi dəyişikliklər edilib, daha çox hərbi-vətənpərvərlik mövzularında yayımlara üstünlük verilib.
Ümumölkə televiziya kanallarında verilmiş tapşırıqlara əsasən 44 gün davam edən Vətən müharibəsi zamanı Vətən uğrunda həlak olmuş heç bir şəhidin diqqətdən kənarda qalmaması məqsədilə Şura tərəfindən şəhidlər haqqında çəkilən reportajların ümumi reyestri aparılır.
Milli Televiziya və Radio Şurasının monitorinq qrupu tərəfindən hazırlanan reyestrə televiziya kanallarında şəhidlər haqqında çəkilmiş reportaj və materiallar haqqında məlumat daxil edilir. Reyestr mütəmadi olaraq yenilənir və ilin sonuna olan məlumata görə, artıq 1800-ə yaxın şəhid barədə reportaj televiziya kanallarında yayımlanıb.
COVID-19 pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilmiş sərt karantin rejimi regional yayımçıların efirinin monitorinqlərini ardıcıl şəkildə həyata keçirməyə imkan verməyib. Hesabat dövründə monitorinq məqsədilə nəzarət fonoqramı formasında televiziya və radio kanalların efir yayımlarının audio və video yazıları aparılıb və onların qanunvericiliyin tələblərinə uyğun şəkildə arxivləşdirilməsi həyata keçirilib.

Yayımçılar tənbeh edilib

MTRŞ tərəfindən teleradio yayımçılarının mütəmadi monitorinqlərinin aparılması nəticəsində qanun pozuntusuna yol vermiş yayımçılar barəsində müvafiq sanksiya tədbirləri tətbiq edilib. 19 aprel 2021-ci il tarixində "ATV" televiziyasının efirində yayımlanan "Bizimləsən" proqramında uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın yayımlanmasına görə Şuranın 20 aprel 2021-ci il tarixli 6/1 saylı Qərarına əsasən, "ATV" televiziya kanalının yayımı 21 aprel 2020-ci il tarixdə 3 saatlıq dayandırılıb.
Eyni zamanda ATV kanalı barəsində inzibati protokol tərtib edilərək müvafiq rayon məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən qeyd olunan pozuntuya görə "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasına 3000 (üç min) manat cərimə cəzası tətbiq edilib.
Şuranın 12 iyul 2021-ci il tarixli 9/1 saylı qərarı ilə SPACE FM, 9/2 saylı qərarı ilə ARAZ FM radio kanalları "Reklam haqqında" Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli 1281-IVQ saylı Qanununun 13.2-ci maddəsini pozduqlarına görə efirləri 3 (üç) saatlıq müddətə dayandırılıb.

Telekanallarda piratçılıqla mübarizə aparılıb

Piratçılıqla mübarizə sahəsində il ərzində yayımçılar ilə intensiv kommunikasiya qurulub və Əqli Mülkiyyət Agentliyi ilə sıx əməkdaşlıq həyata keçirilib. İl ərzində ümumölkə televiziya kanallarında yayımlanan xarici serialların tam olaraq lisenziyalı yayımına nail olunub.
Yayım operatorlarının (kabel və İPTV) paketlərində retranslyasiya olunan xarici kanalların pirat yayımı ilə mübarizə çərçivəsinə operatorların rəhbərləri və səlahiyyətli nümayəndələri ilə çoxsaylı görüşlər təşkil olunub, tədbirlərdə müəllif hüquqları sahəsində mövcud vəziyyət təhlil olunub, zəruri tövsiyələr verilib və xəbərdarlıqlar edilib.
Noyabr ayından etibarən bu sahədə sanksiyaların tətbiq olunmasına başlanılıb. Hazırda operatorların baza paketlərində retranslyasiya olunan 90 xarici kanalın hamısının lisenziyalı olaraq yayımlanmasına nail olunub.

Telekanalların reytinq ölçmə vasitəsində qüsur var

Azərbaycanda mövcud olan reytinq ölçmələrinin müasir dünya standartlarına cavab vermədiyi, ölçmə nəticələrinin real bazar vəziyyətini əks etdirmədiyi üzə çıxıb. Bunun da nəticəsində reytinq ölçmələrinə yayımçıların və reklam verənlərin tam etimadının olmaması, həmçinin, müasir tələblərə cavab verən, innovativ texnologiyalara əsaslanan reytinq ölçmə sisteminin Azərbaycan teleradio reklam bazarının əsas aparıcı qüvvəsi olacağını nəzərə alaraq Milli Televiziya və Radio Şurası il ərzində bu sahədə dünya təcrübəsinin öyrənilməsini həyata keçirib. Bu məqsədlə məşhur reytinq ölçmə şirkətləri ilə əməkdaşlıq yaradılıb, zəruri təcrübənin və tələblərin öyrənilməsi təmin olunub.

Şuşa və Hadrutda radio-televiziya yayım stansiyaları yaradılacaq

Ölkəmizin işğaldan azad olunmuş ərazilərində yerüstü rəqəmsal televiziya yayım şəbəkəsinin qurulması məqsədilə müvafiq hesablamalar aparılıb, əhatə zonaları çıxarılıb, Şuşa və Hadrut radio-televiziya yayım stansiyalarından televiziya yayımının həyata keçirilməsi üçün istifadəyə yararlı boş olan tezliklər müəyyən olunub. Həmçinin müvafiq əhatə zonasını təmin edə biləcək televiziya vericilərinin gücləri hesablanıb, gələcəkdə qurulacaq radio-televiziya antenaları üçün qüllənin forması və hündürlüyü haqqında təkliflər verilib. Hesablamalar zamanı Ermənistan Respublikası ərazisindən yaradıla bilən interferensiyaların səviyyələri nəzərə alınıb.
Bakı şəhəri və Abşeron yarımadası ərazisində ARB TV və SPACE TV-nin yayımının HD formatına keçirilməsi məqsədilə siqnalların televiziya mərkəzlərindən "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinə çatdırılması imkanları və avadanlıqların tərkibi öyrənilib. Hər iki televiziya yayım proqramının baxılan ərazidə HD formatında yayımı üçün TV yayım kanalları və proqramların paketdəki yerləri müəyyən olunub.
Bundan əlavə, Şuranın 31 may 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri və Abşeron yarımadası ərazisində Azərbaycan Respublikasına məxsus ümumrespublika televiziya proqramlarının və Türkiyə Respublikasının TRT-1 televiziya kanalının paketlər üzrə yerləri müəyyən olunub.
Ölkəmizin işğaldan azad olunmuş ərazilərində radio yayım şəbəkəsinin qurulması üçün hesablamalar aparılıb, əhatə zonaları çıxarılıb. Şuşa, Hadrut, Cəbrayıl, Kəlbəcər, Qubadlı və Laçın radio-televiziya yayım stansiyalarından radio yayımının aparılması üçün ərazinin diapazon üzrə tezlik toru araşdırılıb, istifadəyə yararlı boş olan tezliklərin siyahısı çıxarılıb, tələb olunan əhatə zonasını təmin edə biləcək radioyayım vericilərinin gücləri hesablanıb və bütün ümumölkə radioyayım proqramları üçün Şuşa və Hadrut radio-televiziya yayım stansiyalarından yayım üçün işçi tezliklər ayrılıb.
Qarabağ və ətraf ərazilərdə televiziya və radio yayımının vəziyyəti, interferensiyaların səviyyəsi və vericilərin güclərinin tənzim olunması məqsədilə monitorinqlər aparılıb. Şura aparatının texniki nəzarət üzrə məsul əməkdaşları ümumölkə radio yayımçılarının nümayəndələri ilə birlikdə iki dəfə (Fizuli-Şuşa və Tərtər-Suqovuşan istiqamətlərində) monitorinq işlərini yerinə yetirib.
Müvafiq aktlar tərtib olunub, nəticələr müzakirə edilib və radio yayım siqnallarının pis qəbul olunduğu ərazilər qeyd edilərək zəruri təkliflər verilib. Bakı şəhəri və Abşeron yarımadası ərazisində FM radio yayım tezliklərinin monitorinqi aparılıb, boş qalan istifadəyə yararlı tezliklərin siyahısı çıxarılıb.
Qeyd edək ki, hazırda Azərbaycan ərazisində televiziya və radio yayımı sahəsində ümumilikdə 94 yayımçı və operator fəaliyyət göstərir. Onlardan 11-i ümumrespublika televiziya yayımçısı, 11-i regional televiziya yayımçısı, 16-ı radio yayımçısı, 2-i peyk televiziya yayımçısı, 17-i kabel şəbəkəsi operatoru, 35-i İPTV operatoru, 2-i xarici televiziya kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla yayımını həyata keçirən operatordur.
Xəbər lenti
0