Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Operativ Qərargahın brifinqində hansı qərarlar verildi?

© Sputnik / Murad OrujovTəcili yardım briqadası, arxiv şəkli
Təcili yardım briqadası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.12.2021
Abunə olmaq
Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın 2021-ci ildə son brifinqi keçirilib. Əsas qərarlar haqda xəbərimizdə oxuyun.
BAKI, 28 dekabr - Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilib.
Brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev, TƏBİB rəsmisi Yaqut Qarayeva, media nümayəndələri iştirak ediblər.

Son dövrlər yoluxma sayı azalmaq üzrədir - TƏBİB

"Azərbaycanda son üç ayda ən böyük yoluxma noyabr ayında olub. Noyabr ayında yoluxma 21 faiz təşkil edib", - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, son dövrlər yoluxma sayı azalmaq üzrədir: "Bu ayın 1 və 4-cü həftələrini müqayisə etsək, görərik ki, yoluxma 59, ölüm isə 30 faiz azalıb".
Y.Qarayeva həmçinin qeyd edib ki, respublikada hər zaman olduğu kimi, koronavirusda pozitiv test nəticəsi daha çox Bakı və Abşeronda olub. Rayonlar üzrə isə yoluxma faizi daha çox Xətai və Binəqədi rayonlarında qeydə alınıb.
TƏBİB rəsmisi bildirib ki, respublikada vəziyyət son aylar koronavirusla bağlı vəziyyət stabil hesab olunur: "Son sutkada 377 nəfər koronavirusa yoluxub. Ölkədə bu günə qədər 600 mindən çox yoluxma sayı olub".
Y.Qarayeva qarşıdan gələn bayramla bağlı da əhalini diqqətli olmağa səsləyib: "Yeni il bir ailə bayramıdır. Ona görə də toplanmalar olacaq. Çalışmalıyıq ki, qaydalara əməl edək. Unutmayaq ki, hər xəstəliyin profilaktikası onun müalicəsindən yaxşıdır".

Omikron ştammı və Azərbaycan

Səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev koronavirusun “Omikron” ştammı ilə bağlı narahatlıqlara aydınlıq gətirib: “Dünya mətbuatında müxtəlif ölkələrdə koronavirusun "Omikron” ştammına yoluxma ilə bağlı məlumatlar yayılır. Azərbaycanda isə koronovirusun “Omikron” ştammına yoluxma halı bu günə kimi qeydə alınmayıb".
"“Omikron” ştammı ilə bağlı vəziyyət diqqət mərkəzindədir. Test nümunələri seçmə üsulu ilə genetik laboratoriyada yoxlanılır”, - T.Musayev əlavə edib.

Dərmanlar vaksini əvəzləyəcək?

Teymur Musayev koronavirusun müalicəsində istifadə edilən yeni dərman preparatlarının vaksini əvəzləyəcəyi iddialarına da aydınlıq gətirib. Birinci müavin bildirib ki, koronavirusun müalicəsində istifadə edilən yeni dərman preparatları heç bir halda vaksinləri əvəzləyə bilməz:
“Yeni dərmanların təqdimatı ilə bağlı bəzi fikirlər səslənir ki, vaksini əvəzləyəcək. Amma bu belə deyil. COVID-in erkən, gecikmiş fazaları var. Koronavirusa yoluxma zamanı istifadə olunan dərmanlar sırf artımın qarşısını, yəni virusun replikasıiyasının qarşısını almaq üçün istifadə edilir. Gecikmiş fazada isə xəstəyə oksigen verilir”.
T.Musayev bildirib ki, koronavirusun müalicəsində istifadə olunacaq yeni dərman vasitələrinin Azərbaycana gətirilməsi də nəzərdən keçiriləcək. O, həmçinin qeyd edib ki, yeni tətbiq olunacaq dərmanlar birinci fazaya aiddir: “Bu günə qədər ölkəyə bu istiqamətdə gətirilən dərmanlardan istifadə olunub. Vaksinasiya isə virusa qarşı inkar yox, dəstəkverici xarakter daşıyır. Son iki həftədir ki, xarici medialarda COVID-19-a qarşı müalicədə istifadə olunacaq yeni dərmanların təqdimatı olub.
Bu məsələ Azərbaycan səhiyyə orqanları tərəfindən diqqətlə izlənilir. Bəzi ölkələrdə artıq o dərmanlar qeydiyyatdan keçib. Yetərincə sübuta yetirilmiş elmi-tibbi sübutlar toplandıqdan sonra həmin dərmanların ölkəmizə gətirilməsi reallaşacaq”.

Vaksin sertifikatı nə zaman müddətsiz olacaq?

"2022-ci il fevralın 15-dən 2-ci dozadan 6 ay keçdikdən sonra COVID sertifikatı qüvvəsini itirəcək", - Şahmar Mövsümov bildirib. Onun sözlərinə görə, yaxın vaxtlarda Operativ Qərargah tərəfindən bununla bağlı qərar veriləcək.
“Araşdırmalar zamanı məlum olub ki, 2-ci dozadan sonra qoruyucu immunitet azalır. Ona görə də buster doza vurulmalıdır. Vaxtı keçmiş COVID pasportu ilə bəzi məkanlara daxil olmaq mümkün olmayacaq”, - Prezidentin köməkçisi əlavə edib.
"Gələcəkdə buster dozadan sonra, ola bilər, hər hansı müddət məhdudiyyəti tətbiq edilsin. Amma hazırda buster dozadan sonra vaksin sertifikatı müddətsizdir", - Şahmar Mövsümov qeyd edib.
"Hal-hazırda çox az sayda məhdudiyyətlər qalıb. Yas mərasimləri də onların içərisinə daxildir. Yas mərasimlərinə böyük axına, onların COVID pasportunu yoxlamaq, fiziki kontaktları minimuma endirmək çətindir. Ona görə də xüsusən "Omikron" ştammının yayıldığı dövrdə yas mərasimlərinə qoyulan qadağanın götürülməsi nəzərdə tutulmur", - müvafiq sualı cavablıandıran Ş.Mövsümov qeyd edib.
Şahmar Mövsümov vurğulayıb ki, buster dozadan sonra da qapalı məkanlarda tibbi maska ilə bağlı tələblərin yumşaldılması nəzərdə tutulmur: "Biz əlləri yumaq, maska taxmaq, sosial məsafəni qorumaq tələblərinə vaksin olunandan sonra da əməl etməliyik. Tibbi maska ilə bağlı qərar qüvvədədir".

Uşaqlarda "Delta" ştammı müəyyən olunmur?

Yaqut Qarayeva ölkəmizdə uşaqlarda "Delta" və "Delta+" ştamlarının aşkarlanmasının mümkün olmadığı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib: " Azərbaycanda "Delta" ştammının aşkar edilməsinin mümkün olmadığı barədə məlumatlar yanlışdır. Azərbaycanda "Delta" ştammını aşkarlayan reaktivlər var. Əgər hansısa uşaqda müəyyən əlamətlər olduğu halda koronavirus aşkarlanmırsa, bu o deməkdir ki, həmin uşaq bu virusa yoluxmayıb".
Onun sözlərinə görə, hazırda uşaqlar arasında yayılan xəstəlik mövsümi xəstəliklərdir: “Respirator virus infeksiyaları var. Əgər uşaqlarda koronavirus olsa, bunu testlər vasitəsilə müəyyənləşdirmək mümkündür”.

Quru sərhədlər açılacaqmı?

Şahmar Mövsümov quru sərhədlərin açılması məsələsinə də aydınlıq gətirib. Prezidentin köməkçisi bildirib ki, hələlik quru sərhədlərinin açılması müzakirə edilmir. Onun sözlərinə görə, “Omikron" ştammının yayıldığı bir vaxtda quru sərhədlərin açılması müzakirə edilmir.

Hamilələrin vaksinasiyası

Ölkədə hamilələrin vaksinasiyası ilə bağlı sualı cavablandıran Teymur Musayev qeyd edib ki, artıq çəkisi, xroniki xəstəlikləri olan hamilələrə vaksin olunması tövsiyə edilir: "Bu ümumdünya praktikasıdır. Hal-hazırda virusa yoluxmuş hamilələr xüsusi şöbədə müalicə alırlar. Ona görə də o hamilələr ki, şəkərli diabet, digər xroniki xəstəlikləri var, biz onları vaksin olunmağa dəvət edirik".
T.Musayev bildirib ki, ölkəmizdə tək-tək hallarda hamilələr könüllü şəkildə koronavirus əlehyinə vaksin vurdurur. Onun sözlərinə görə, hamilələr arasında vaksinasiya halı elə də çox yayılmayıb.

Toylarda qonaqların sayı artırılacaqmı?

"Toylarda say məhdudiyyətinin artırılması müzakirə olunmur. Hazırda qoyulmuş 150 nəfər məhdudiyyət şənliyin yaxşı keçirilməsinə imkan verir. Ona görə də bu sayın artırılması müzakirə edilmir", - Şahmar Mövsümov toylarda qonaq sayının artırılması imkanı ilə bağlı sualı cavablandırarkən deyib.

Şahmar Mövsümovdan bayramla bağlı tövsiyə

"Azərbaycanın kifayət qədər vaksini var. Çarpayı sayı və ləvazimat yetərincədir. Bunların hamısı ölkə başçısı və birinci vitse-prezident tərəfindən verilən tapşırıqların nəticəsidir. Qarşıdan gələn bayramlarda, təbii ki, qapalı məkanlarda olacağıq. Ona görə də hamını maska, sosial məsafə və vaksinasiya tələblərinə riayət etməyə səsləyirəm. Bayramınız mübarəık!" - Şahmar Mövsümov brifinqi yekunlaşdırıb.
Xəbər lenti
0