Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ermənilər Bakıya gəlmək istəyirlər - Azərbaycanın Ermənistana cavabı nə olacaq?

© Sputnik / Murad OrujovBakı şəhərinə mənzərə, arxiv şəkli
Bakı şəhərinə mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.12.2021
Abunə olmaq
Prezident İlham Əliyevin Cənubi Qafqazda sülh və etimad mühitinin lazımlılığı ilə bağlı fikirlər Rusiya və Türkiyə tərəfindən də dəstəklənib.
BAKI, 25 dekabr — Sputnik. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan regional məsələləri müzakirə etmək üçün həm Bakıya, həm də Ankaraya səfər etməyə hazır olduğunu açıqlayıb. O bildirib ki, lazım gələrsə, həm Ankaraya, həm Bakıya getməyə, həm də bu ölkələrin nümayəndə heyətlərini Yerevanda qəbul etməyə hazırdırlar.
Sputnik Azərbaycan rəsmi Yerevanın qarşılıqlı səfərlərlə bağlı açıqlamasının Ermənistan-Azərbaycan arasındakı problemlərin həllinə təsirini araşdırıb.
Mövzu ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, politoloq Fuad Çıraqov və politoloq Tural İsmayılov Sputnik Azərbaycan-a danışıb.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, politoloq Fuad Çıraqov bildirib ki, Azərbaycanın Ermənistan qarşısında olan şərtləri məlumdur: "Ermənistan tərəfindən belə bir fikrin ortaya atılması təqdirə layiqdir. Əslində Azərbaycan tərəfdən münasibətlərin normallaşdırılması ilə bağlı hər hansı maneə yoxdur. Sadəcə olaraq erməni tərəfi Azərbaycanın şərtlərinə uyğun olaraq real addımlar atmalıdır".
Politoloqun sözlərinə görə, Ermənistan tərəfi yavaş-yavaş Azərbaycanın şərtlərini qəbul etməyə yaxınlaşır: "Sadəcə olaraq Ermənistandakı radikal qüvvələr, xüsusən də daşnaklar bu prosesə mane olmağa çalışırlar. Yəqin ki, zamanla bu maneə də aradan qalxacaq. Qarşılıqlı səfərlərin olması iki ölkə arasında normal münasibətlərin qurulması deməkdir. Bu, çox böyük inqilabi dəyişiklik ola bilər".
Politoloq Tural İsmayılov isə vurğulayıb ki, Azərbaycan Vətən Müharibəsinin qalib tərəfi kimi bölgədə sülh və etimadın qurulmasının vacibliyini dəfələrlə vurğulayıb: "Prezident İlham Əliyevin Cənubi Qafqazda sülh və etimad mühitinin lazımlılığı ilə bağlı fikirləri Rusiya və Türkiyə tərəfindən də dəstəklənib. Bu baxımdan düşünürəm ki, Zəngəzur dəhlizinin fəaliyyətə başlamasından sonra tərəflər arasında qarşılıqlı səfərlərin baş tutması mümkün olacaq".
Politoloq qeyd edib ki, tərəflərin bir-birinin hava məkanından istifadə etməyə başlaması da önəmli hadisədir: "Həmçinin "3+3" formatı çərçivəsində Rusiyada keçirilən görüşdən sonra növbəti görüşlərin Türkiyədə, Azərbaycanda və Ermənistanda da keçirilməsi gözlənilir. Bu baxımdan hesab edirəm ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın səfərlərlə bağlı açıqlaması təsadüfi deyil".
Tural İsmayılov vurğulayıb ki, Azərbaycan Ermənistanın hər hansı provokasiyalara cəhd etməyəcəyi, Soçi və Brüssel görüşlərindən sonra qəbul edilmiş bəyanatların müddəalarını qeyd-şərtsiz yerinə yetirəcəyi təqdirdə qarşılıqlı səfərlərin və dialoqun həyata keçirilməsinə razılaşacaq: "Ermənistan tərəfinin verdiyi açıqlamaların real situasiya ilə uzlaşması üçün sərhəd təxribatları və informasiya məkanındakı provokasiyalar da son tapmalıdır".
"Əgər təxribatçı siyasət davam edərsə, eyni zamanda etnik zəmində Azərbaycan və Türkiyəyə qarşı qəzəbi ideoloji səviyyədə saxlamağa davam etsə, indiki açıqlamaların heç bir əhəmiyyəti qalmayacaq. "3+3" formatının, həmçinin Zəngəzur dəhlizinin iqtisadi imkanlarından Ermənistan yararlana bilməyəcək. Lakin düşünürəm ki, Ermənistanın hazırda hər hansı çarəsi qalmayıb və yaxşı başa düşür ki, regionda formalaşmış yeni reallıqlarda mütləq şəkildə iştirakçı olmalı, qalib tərəf olan Azərbaycanın diktə etdiyi şərtlərə əməl etməlidir. Bunun əksi olacağı təqdirdə Ermənistan dövlətçiliyini böyük bir süqut gözləyir", - deyə politoloq qeyd edib.
Xəbər lenti
0