Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Diplomatik xidmətə qəbul olunmaq istəyənlərin nəzərinə: İmtahanda iştirak pulludur

© Sputnik / Murad OrudjevXarici İşlər Nazirliyinin binası, arxiv şəkli
Xarici İşlər Nazirliyinin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.12.2021
Abunə olmaq
İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında "Şəxsi kabinet"lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. Namizədlərin imtahanda iştirak etməsi üçün ödənişin məbləği 110 AZN təşkil edir.
BAKI, 23 dekabr — Sputnik. Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olunmaq istəyən namizədlər üçün keçiriləcək imtahana qeydiyyat başlayıb.
Sputnik Azərbaycan Dövlət İmtahan Mərkəzinə istinadla xəbər verir ki, diplomatik xidmətə qəbul üzrə imtahan 23 yanvar 2022-ci il tarixində keçiriləcək. İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet portalında 23 dekabr 2021-ci il saat 10:00-dan 12 yanvar 2022-ci il saat 18:00-dək həyata keçiriləcək.
İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında "Şəxsi kabinet"lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. Namizədlərin imtahanda iştirak etməsi üçün ödənişin məbləği 110 AZN təşkil edir. "Şəxsi kabinet"də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat burada) istifadə etmək olar.
"Şəxsi kabinet" yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanda iştirak etmək üçün DİM-in internet portalında "Xarici İşlər Nazirliyinə qəbul üzrə yazılı imtahanda iştirak etmək üçün onlayn qeydiyyat" xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.
Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir.
Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi 299 və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.
Nəzərinizə çatdırırıq ki, imtahanda namizədlərə test və esse tapşırıqları təqdim olunacaq. Test tapşırıqları namizədlərin qanunvericilik və ümumi sahəvi biliklər, ümumi dünyagörüşü, rəqəmsal, verbal məlumatlarla işləmə və mücərrəd düşünmə sahələri üzrə biliklərini yoxlayacaq.
Həmçinin, namizədlərin Azərbaycan dili və seçdiyi bir xarici dil (qeydiyyat zamanı namizədin imtahan vermək istədiyi xarici dil kimi müəyyənləşdirdiyi dil) üzrə bilikləri esse tapşırıqları formasında yoxlanılacaq. Xarici dil seçimi yalnız esse tapşırığı üçün nəzərdə tutulub.
İmtahan müddəti 4 saatdır: test tapşırıqları üçün 150 dəqiqə, esse tapşırıqları üçün 90 dəqiqə. Həmçinin imtahanda test tapşırıqlarından sonra fasilə nəzərdə tutulur.
Qeyd edək ki, Xarici İşlər Nazirliyinə (XİN) qəbul üzrə yazılı imtahanda iştirak üçün onlayn qeydiyyat 23 dekabr saat 10:00-dan başlayıb. Qeydiyyat 12 yanvar 2022-ci il tarixində başa çatır.
Xəbər lenti
0