Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Zakir Həsənov Şuşa əməliyyatının təfərrüatlarını açıqladı

© Sputnik / Murad OrujovMüdafiə naziri, general-polkovnik Zakir Həsənov
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov - Sputnik Azərbaycan, 1920, 22.12.2021
Abunə olmaq
Ordumuz Azərbaycan Prezidentinin, Azərbaycan xalqının onun qarşısında müəyyənləşdirdiyi bu tarixi vəzifəni ləyaqətlə icra etdi
BAKI, 22 dekabr — Sputnik. "Şuşa ermənilər üçün bütün Qarabağı nəzarətdə saxlayan strateji yüksəklik və bölgənin əsas müdafiə sütunu idi. Şuşa Xankəndinin müdafiəsini təmin edirdi. Onu Laçın dəhlizi vasitəsilə Ermənistanın Gorus vilayəti ilə bağlayan yol da məhz buradan keçirdi. Şuşanı azad etmək Vətən müharibəsinin ən mühüm zirvəsi idi".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov rəsmi mətbuata müsahibəsində bildirib.
Müdafiə naziri vurğulayıb ki, Ali Baş Komandan əməliyyatın hazırlanması, ilkin icrası və gedişi prosesində komandanlığı şəxsən özü həyata keçirirdi:
"Günün hər saatı, hər dəqiqəsi əməliyyat barədə hərbi komandanlıqdan məlumat alır, konkret əmrlərini verirdi. Hər dəqiqə cənab Prezidentə yeni məlumatları təqdim etmək üçün məruzələrimiz hazır olmalı idi. Bölmələrimiz Laçın dəhlizinə doğru yaxınlaşmışdı. Oktyabrın son günlərindən Azərbaycan Ordusunun bölmələri, o cümlədən Xüsusi Təyinatlı Qüvvələr Şuşanın müdafiəsini yarmaq üçün müxtəlif istiqamətlərdən əməliyyata başladılar. Əməliyyat hazırlanarkən cənab Prezidentin verdiyi tapşırıqlardan biri də o idi ki, Şuşanın mədəniyyət mərkəzi olduğu nəzərə alınmalı, şəhər dağıdılmadan, tarixi görkəmi qalmaq şərti ilə azad olunmalıdır. Yəni bu döyüşlərdə ağır artilleriyadan tam gücü ilə istifadə edə bilməyəcəkdik. Artilleriyadan əsasən Şuşa ətrafında olan Ermənistan qoşunlarının mövqeləri və atəş nöqtələri hədəf götürüldü və darmadağın edildi. Onlar həm canlı qüvvə, həm də hərbi texnika sarıdan çox böyük itki verdi. Biz isə doğma şəhərimizi, tarixi abidələrimizi artilleriya ilə vurmadıq, hava zərbələri endirmədik".
Hava buludlu keçdiyindən pilotsuz uçuş aparatlarının imkanlarından da yararlana bilmədik və kəşfiyyatın aparılmasında müəyyən çətinlik yarandı. Lakin peşəkar, mübariz, əzmkar qoşunlarımız üçün bunlar maneə olmadı. Ordumuz Azərbaycan Prezidentinin, Azərbaycan xalqının onun qarşısında müəyyənləşdirdiyi bu tarixi vəzifəni ləyaqətlə icra etdi.
Müəyyən məsələlərə diqqət yetirmək istərdim. Kəşfiyyat məlumatına görə, ermənilər bizi iki istiqamətdən gözləyirdilər. Onlar Qırmızı Bazardan Şuşakəndə, oradan isə Şuşaya qalxan yolda və Laçın istiqamətində şiddətli döyüşlərə hazırlaşırdılar. Ona görə də əsas qüvvələrini orada cəmləşdirmişdilər. Azərbaycan hərbi komandanlığının əməliyyat planına görə isə Şuşaya sıx meşələrdən yeni yol açıldı. Qəhrəman mühəndis-istehkam qoşunlarımız qısa müddətdə inanılmaz işə imza ataraq bu yolu istifadəyə hazır etdi. Mühəndis-istehkamçılarımız ensiz dağ cığırını texnikanın hərəkət edə biləcəyi meşə yoluna çevirdilər".
Bu yol ermənilər üçün sözün əsl mənasında böyük şok oldu:
"Nəticədə artilleriya qurğularını Şuşa ətrafına çəkə bildik. Mən artilleriyaçılarımızın qəhrəmanlığını xüsusi qeyd etmək istəyirəm. Yol çəkilmişdi, amma hava şəraiti yaxşı deyildi, palçığın içində ağır topları yüksək peşəkarlıq nümayiş etdirərək yüksəkliklərə qaldırdılar, atəş nöqtələri qurdular və Şuşa ətrafındakı düşmən mövqelərinə dəqiq zərbələr endirdilər. Noyabrın ilk günlərindən Şuşa uğrunda döyüşlər kəskinləşdi. Xüsusi Təyinatlı Qüvvələrin və digər hərbi birləşmələrin şəxsi heyəti artıq Şuşaya doğru atəş dəstəyi olmadan sıldırım qayalar, yarğanlar, meşələr vasitəsilə irəliləyir, ciddi mühafizə olunan Laçın dəhlizindən keçərək ətraf kəndləri mühasirəyə alırdı. Belə əməliyyat isə düşmənin ağlına gəlmirdi və o, belə bir addım atılacağını əvvəlcədən hesablaya bilməmişdi. İgid döyüşçülərimizin çətin relyefli ərazilərlə hərəkəti hətta düşmən kəşfiyyatçıları tərəfindən belə müşahidə olunmurdu".
Mərhələlərlə Şuşa ətrafındakı kəndlər, yüksəkliklər azad edilir, hərbçilərimiz gizli yollarla Şuşaya doğru irəliləyirdilər:
"Laçın dəhlizinin əsas hissələrinə nəzarətin təmin olunması, Daşaltı kəndi ətrafındakı strateji yüksəkliklərin nəzarətə götürülməsi nəticəsində Şuşanın mühasirəsi daralırdı. Noyabrın 6-da qoşunlarımız və bölmələrimiz artıq şəhərin hüdudlarına çatmışdılar. Bir həftəyə yaxın müddətdə əlverişsiz hava şəraitində sıldırım qayalarla, keçilməz yollarla böyük məsafəni dəf edən hərbçilərimiz artıq şəhərə dörd tərəfdən daxil olmuşdu və yaxın məsafədən ağır döyüşlər başlamışdı. Həmin gün hava çox buludlu, dumanlı, yağmurlu idi. Şuşaya daxil olan şəxsi heyətin əlində yalnız yüngül silahlar var idi. Şəhərdə hər küçə, məhəllə, ev uğrunda qanlı döyüş baş verirdi. Ermənilərin itkiləri kütləvi idi və böyük təşviş içində Şuşadan qaçırdılar. Sonradan ermənilər bir neçə dəfə yenidən şəhərə daxil olmağa cəhd göstərsələr də, bütün həmlələri igid hərbçilərimiz tərəfindən dəf edildi. Hətta noyabr ayının 7-də Şuşaya Ermənistan tərəfindən qadağan olunmuş "İsgəndər-M" ballistik raketləri atıldı. Düşmənin bir neçə əks-hücumuna baxmayaraq, Azərbaycan Ordusu öz mövqelərini qorudu, möhkəm müdafiə yaratdı və şəhərdə qalan Ermənistan silahlı qüvvələrinin bölmələrini məhv edərək əraziləri düşməndən təmizlədi".
Noyabr ayının 8-də Ali Baş Komandanın Şəhidlər xiyabanından verdiyi "Əziz Şuşa, sən azadsan!" müjdəsi Azərbaycan xalqının taleyində dönüş mərhələsinə çevrildi:
"Bununla təkcə 28 illik işğala son qoyulmamışdı, eyni zamanda Azərbaycan bayrağı Şuşanın timsalında bütün Qarabağda dalğalanırdı. Şuşa zəfərinin növbəti günü Azərbaycan Ordusunun irimiqyaslı hərbi əməliyyatları davam etdi və mühüm uğurlar qazanıldı. Bir gün ərzində 72 yaşayış məntəqəsi və 8 strateji yüksəklik azad olundu".
Həmçinin oxuyun:
Zakir Həsənov: Sülhməramlıların yerləşdiyi ərazilərdə vəziyyət nəzarətimiz altındadır
Xəbər lenti
0