CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Media haqda qanunda maraqlı məqamlar

Jurnalist - Sputnik Azərbaycan, 1920, 21.12.2021
Abunə olmaq
Hazırda qüvvədə olan qanun ancaq əmək müqaviləsi ilə işləyən ştatlı və ştatdankənar müxbirlərə jurnalist statusunu şamil edir.
BAKI, 21 dekabr — Sputnik. “Media haqqında” qanun layihəsi media sahəsində islahatların birinci mərhələsini təşkil edir. Təkmil normativ-hüquqi bazanın yaradılması media strategiyası və konsepsiyasının da qəbuluna kömək edəcək.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin plenar iclasında deyib.

Yeni layihə həm əmək müqaviləsi, həm də mülki hüquq müqaviləsi ilə işləyən jurnalistləri əhatə edir

Komitə sədri bildirib ki, hazırda qüvvədə olan qanun ancaq əmək müqaviləsi ilə işləyən ştatlı və ştatdankənar müxbirlərə jurnalist statusunu şamil edir: "Yeni layihə isə həm əmək müqaviləsi, həm də mülki hüquq müqaviləsi ilə işləyən jurnalistləri əhatə edir. Heç bir müqavilə bağlamadan, yazılarını özünün veb-saytında yayımlayan şəxs isə artıq onlayn-media subyekti kimi çıxış edir və onunla qurulan münasibətlər bu çərçivədə tənzimlənəcək".

Sosial şəbəkələrə aid müddəalar yer almayıb

O, blogerlərin fəaliyyətinin tənzimlənməsi ilə əlaqədar diqqətə çatdırıb ki, qanun layihəsində bununla bağlı və ümumiyyətlə, sosial şəbəkələrə aid müddəalar yer almayıb: "Layihə ancaq peşəkar jurnalistika səviyyəsində olan münasibətləri sağlamlaşdırmağa xidmət edir".
Deputat layihədə hadisələrin və faktların qərəzsiz və obyektiv şərh olunması tələbi ilə bağlı məsələyə aydınlıq gətirərək deyib ki, sənəddə göstərilən normalar jurnalistin şərhinə deyil, mediada dərc olunan, yayımlanan informasiyalara olan tələbləri nəzərdə tutur.

Layihədə ali təhsil tələbi qoyulmayıb

Jurnalistin təhsili ilə bağlı sualla əlaqədar qeyd olunub ki, layihədə ali təhsil tələbi qoyulmayıb. Bu meyar yalnız jurnalist vəsiqəsinin təqdim edilməsi zamanı nəzərə alınacaq.
O da qeyd edilib ki, layihədə hər hansı bürokratik əngəl nəzərdə tutulmayıb, əksinə peşəkar jurnalistlərə lazımi şərait yaratmaq, keyfiyyətli xəbər istehsalını təşviq etmək, xarici informasiya məkanına inteqrasiya olunmaq kimi müddəalar yer alıb.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib

Qeyd edək ki, dünən Milli Məclisin plenar iclasında "Media haqqında" yeni qanun layihəsi II oxunuşda müzakirə olunub.
Qanun layihəsi media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.
Layihə 9 fəsil 78 maddədən ibarətdir.
Qanun Azərbaycan ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin ölkə hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilir. Bildirilib ki, qanun layihəsində əsas anlayışların yeni redaksiyada şərhi verilib, media subyektləri, o cümlədən audiovizual media, çap mediası, onlayn media və informasiya agentliklərinin dairəsi, onlara dair tələblər öz əksini tapıb.
Sənəddə media sahəsində fikir müxtəlifliyini və fəaliyyət azadlığını təmin etmək, ölkədə hər kəsin informasiya ilə təmin olunması üçün şərait yaratmaq, medianın inkişafını təşviq etmək, media subyektlərinin və jurnalistlərin fəaliyyətini stimullaşdırmaq, rəqabət mühitini təmin etmək, bərabər fəaliyyət imkanları yaratmaq media sahəsində dövlətin əsas vəzifələri kimi göstərilib.
Qanun layihəsində jurnalistlərin fəaliyyətinə dair məsələlər, o cümlədən Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya olunması qaydaları, jurnalistin peşəkar fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər öz əksini tapıb.
Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında media sahəsində çalışan işçilərin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir.
Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir.
Media Reyestrinə daxil edilmiş jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər qoyulduqda həmin məhdudiyyətləri tətbiq etmiş dövlətin jurnalistlərinə Azərbaycan Respublikasında da eyni məhdudiyyətlər qoyula bilər.
Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Xəbər lenti
0