CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

III qrup əlil ünvanlı sosial yardım ala bilərmi?

© © REUTERS/Christian HartmannFiziki məhdudiyyətli insan, arxiv şəkli
Fiziki məhdudiyyətli insan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.12.2021
Abunə olmaq
Gələn il üçün ehtiyac meyarının məbləği 170 manatdan 200 manata qaldırılır. 30 manat və ya 17,65 faiz artıma görə, ünvanlı sosial yardım üçün daha çox insan müraciət edə biləcək
BAKI, 21 dekabr — Sputnik. III qrup əlilliyi olan vətəndaşlar qismən əmək qabiliyyətli hesab edildiklərinə görə, onlar ünvanlı dövlət sosial yardımı almaq üçün mütləq əmək fəaliyyəti ilə məşğul olmalıdırlar. Nəzərə almaq lazımdır ki, ünvanlı dövlət sosial yardımı almaq hüququ orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələrə məxsusdur.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlər Departamentinin müdiri Rasim Səfərov bildirib.
O qeyd edib ki, ailənin ehtiyaclarını qarşılaya bilmək üçün onların özündən asılı olmayan səbəblər müəyyənləşdirilib:
"Həmin səbəblərə ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması daxildir. Yəni, III qrup əlillik bu səbəblərə aid deyil, çünki həmin vətəndaşlar məşğulluğa cəlb edilə və gəlir əldə edə bilərlər".
R.Səfərov, həmçinin qeyd edib ki, ölkə qanunvericiliyində vətəndaşların mənafeyinə xidmət edən məqamlar çoxdur: "Dövlət vətəndaşların öz hüquqlarından səmərəli istifadəsi üçün lazımi şərait yaradır".
Qeyd edək ki, ailə dedikdə, qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər nəzərdə tutulur. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır.
Gələn il üçün ehtiyac meyarının məbləği 170 manatdan 200 manata qaldırılır. 30 manat və ya 17,65 faiz artıma görə, ünvanlı sosial yardım üçün daha çox insan müraciət edə biləcək.
Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılacaq. 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manatdan 210 manata qaldırılır. Beləliklə, ehtiyac meyarı ilə yaşayış minimumu arasındakı fərq azalaraq 10 manata düşür. Nəticədə, gələcəkdə ehtiyac meyarına ehtiyac aradan qalxmaqla ünvanlı dövlət sosial yardımının təyinatı da qanunvericiliyə uyğun olaraq yaşayış minimumu üzrə aparılacaq.
Xəbər lenti
0