"Amfibiya adam": filmin çəkilişi və aktyorlar barədə az bilinən faktlar
© Photo : Lenfilm (1961)"Amfibiya adam" filmindən səhnə
© Photo : Lenfilm (1961)
Abunə olmaq
Sputnik Azərbaycan bəzi kadrları Bakıda çəkilmiş film və onun baş rol oyunçuları ilə bağlı ən maraqlı məqamları təqdim edir.
BAKI, 21 dekabr — Sputnik. Sevgi və okean barədə ən gözəl film, operatorların suyun altında qeyri-adi işi və rekord sayda izlənmə! Bu film və aktyorlar barədə ən heyrətamiz və ən əsası, tamaşaçılara az məlum olan faktları sizin üçün bir yerə topladıq.
"Amfibiya adam" – 1961-ci ildə "Lenfilm" kinostudiyasında rejissorlar V.Çebotaryov və G.Kazanski tərəfindən Aleksandr Belyayevin eyniadlı elmi-fantastik romanı əsasında ekranlaşdırılmış sovet filmidir. Filmin premyerası 1961-ci ilin dekabr ayının 28-də baş tutub, ekran əsəri kütləvi baxışa isə 1962-ci ildə buraxılıb.
İxtiandr və Qutyerenin misilsiz sevgi hekayəsi elə həmin il sovet kinoprokatının liderinə çevrilib və kino zallarında bu filmi 65 milyon tamaşaçı izləyib.
Film, həqiqətən də, o dövr üçün unikal ekran işi idi. Belə söhbət gəzirdi ki, amerikalılar Belyayevin romanını ekranlaşdırmaq istəyirlərmiş, amma onlar yaxşı başa düşürdülər ki, sualtı çəkilişləri həyata keçirmək heç də asan olmayacaq – bu çox zəhmətli və bahalı iş idi.
Sovet kinematoqrafçıları bu işin öhdəsindən gəlməyi bacardılar.
Bu fantastik hekayə Buenos-Ayresdə cərəyan edir, köpək balığının ağciyərləri və qəlsəmələri ilə nəfəs alan ikitənəffüslü insan İxtiandrla (Vladimir Korenev) Qutyere (Anastasiya Vertinskaya) adlı qızın sevgisindən bəhs edir. İxtiandr doktor Salvatorun orqan transplantasiyası ilə bağlı cəsarətli təcrübələrinin nəticəsidir, o, dənizdə böyüdüyü üçün insanlar və sivilizasiya ilə tanışlığı yoxdur, dostları isə delfinlərdir. Mixail Kozakovun yaratdığı soyuqqanlı iş adamı obrazı - Pedro Zurita İxtiandrı tutub ondan okeanın dibindən mirvari çıxartmaq üçün istifadə etmək qərarına gəlir.
Günlərin bir günü İxtiandr Qutyere (Anastasiya Vertinskaya) adlı gözəl bir qızı köpək balığından xilas edir və ona vurulur. Bu görüş onun həyatını tamamilə dəyişir.
Məkrli Zurita hər addımda aşiqlərə tələ qurur və onlar hər zaman şərə müqavimət göstərməli olurlar. Filmin süjet xətti intriqalarla doludur. Nəticədə xeyir şərə qalib gəlir, ancaq bu hekayə xoşbəxt sonluqla bitmir. Aşiqlər xoşbəxt ola bilmirlər: həbsxanada İxtiandrı bir çəllək suyun içində uzun müddət saxladıqlarına görə onun səhhəti pozulur və artıq quruda yaşaya bilmir...
Sputnik Azərbaycan bəzi kadrları doğma şəhərimiz Bakıda lentə alınmış bu filmin çəkilişləri və baş rol oyunçuları ilə bağlı ən maraqlı, az bilinən faktları bir yerə toplayıb.
Açar söz – gözlər
Baş rola düşmək üçün operator Eduard Rozovski rejissor Çebotaryovun qarşısına çox vacib şərt qoymuşdu. Rozovskiyə elə bir oğlan lazım idi ki, gözləri dənizi xatırlatsın və elə bir qız lazım idi ki, gözləri səmanı yada salsın. O İxtiandrla Qutyerenin "qeyri-adi baxışlarını" yaratmaq istəyirdi. Onların gözlərində məxsus olduqları iki ünsürün – torpağın və dənizin rəngləri öz əksini tapmalı idi.
Rejissorun da bir kiçik, amma mühüm şərti var idi – baş rola çəkiləcək aktyor kinoda tamamilə yeni olmalı, indiyə kimi heç kim onu tanımamalıydı (axı bu suda böyüyən qeyri-adi varlıqların yaşadığı fantastik dünya haqqında film idi). Nəticədə əsas qadın roluna 16 yaşlı Nastya Vertinskaya (O artıq "Al yelkənlər" filminə çəkiləndən sonra ulduza çevrilmişdi), İxtiandr roluna isə Rusiya Teatr Sənəti İnstitutunun tələbəsi Vladimir Korenev seçildilər. Operator Rozovski onların hər ikisinin gözlərində həm dənizi, həm də səmanı görmüşdü. Effekti bir qədər də artırmaq üçünsə aktyorların sağına və solun mavi və yaşıl filtrli xüsusi lampalar yerləşdirilmişdi ki, onlardan düşən işıq da gözlərdə əks olunaraq onların rəngini dəfələrlə parlaqlaşdırırdı.
Onu da əlavə edək ki, Pedro Zurita roluna həmin vaxt artıq kifayət qədər şöhrət qazanmış aktyor Mixail Kozakov çəkilib.
Əfsanəvi gözəl Vertinskaya
Anastasiya Vertinskaya 1943-cü ildə uzun müddətli mühacirətdən sonra Şanxaydan SSRİ-yə qayıdan əfsanəvi şair və aktyor Aleksandr Vertinskinin ailəsində anadan olub. Anastasiya atasının necə böyük insan olduğunu yalnız onun ölümündən sonra dərk edib. "Atam bütöv bir epoxaya bərabər idi, Vertinski soyadı əsrlər boyu yaşayacaq, bu, rus mədəniyyətinin tacında parlayan bir almazdır", - o, atası haqqında belə demişdi.
Anastasiya özü ilk gənclik illərindən sovet kinosunun ən gözəl aktrisalarından biri kimi tanınıb. Həmkarlarından çoxu onun qeyri-adi, əfsanəvi gözəlliyə malik olduğunu qeyd edirdilər. Rejissorlar onun haqqında deyirdilər ki, Vertinskaya yad planetdən gəlib, xəmiri tamam başqa materialdan yoğrulub. Mətbuat isə onu "antisovet görünüşlü sovet aktrisası", "ən əsrarəngiz sovet aktrisası" kimi qələmə verirdi.
© Sputnik / РИА НовостиAnastasiya Vertinskaya
Anastasiya Vertinskaya
© Sputnik / РИА Новости
Kino üçün cazibədar obrazı ona atası fikirləşib tapmışdı: idman şalvarını donla əvəzləmiş, qısa saçlarını uzatmağı məsləhət görmüşdü.
Qutyere rolu onun 15 yaşında başlayan aktyorluq karyerasında yaratdığı ikinci obraz idi. İlk rolu "Al yelkənlər" filmindəki Assol idi. Həmin filmdə o vaxt artıq məşhur aktyor olan Vasili Lanovoyla tərəf müqabili olmuşdu. Anastasiya Vertinskaya sonradan kinoda "ulduzlu" debütü haqqında bir o qədər də həvəslə danışmırdı. "Kameranın qarşısında nə edəcəyimi, necə hərəkət edəcəyimi və nə deyəcəyimi bilmirdim", - deyə o xatırlayırdı.
Korenev "xoşbəxt bileti" çəkir
Filmə seçiləndə aktyor Vladimir Korenevin cəmi 20 yaşı var idi. O, Rusiya Teatr Sənəti İnstitutunun sonuncu kursunu bitirmək üzrə idi. Film ekranlara çıxandan sonra o, bütün ittifaqda şöhrət qazanır və xalqın sevimlisinə çevrilir. Mətbuat onu ölkənin seks-simvolu elan edir.
Bundan sonra teatrda və kinoda bir sıra rollar yaratsa da, İxtiandr obrazı ömrünün sonuna kimi onun vizit kartı olaraq qalır.
Vladimir Korenev bu ilin əvvəlində Moskvada 81 yaşında koronavirusdan dünyasını dəyişib, ona böyük şöhrət qazandıran ekran əsərinin 60 illik yubileyini görməsinə ömrü vəfa etmədi. Aktyor Vvedenskoye qəbiristanlığında, valideynlərinin yanında dəfn edilib. Bütün ömrünü həyat yoldaşı, aktrisa Alla Konstantinova ilə birgə keçirib.
Mixail Kozakov
1961-ci ildə bu filmə çəkiləndə Mixail Kozakov artıq məşhur aktyor idi. Onun elə təkcə 1956-cı ildə 22 yaşında Moskvadakı V.Mayakovski adına teatrın səhnəsində oynadığı Hamlet rolu nəyə desən, dəyərdi. Gənc, istedadlı aktyor "Sovremennik"ə dəvət olunur. "Amfibiya adam" filminin çəkilişləri məhz bu dövrə təsadüf edir.
Dalğıc-aktyorlar
Aktyorlar da daxil olmaqla çəkiliş qrupunun 25 üzvünün hər biri altı aylıq təlimdən sonra imtahan verərək peşəkar dalğıc lisenziyası və 40 metrə qədər suya tullanma qabiliyyətinə malik dalğıc vəsiqəsi əldə edirlər. İxtiandr isə suyun altında nadir "delfin" üslubunda üzməyi öyrənir. Filmdə akvalanqçı Vladlen Kebkalo və sualtı idman növləri üzrə ilk SSRİ çempionu Rem Stukalov məsləhətçi qismində çıxış ediblər.
Korenev və Vertinskaya sualtı üzgüçülüyü hovuzda məşq ediblər. Çəkilişdən əvvəl Vertinskaya, ümumiyyətlə, üzməyi bilmirmiş, ancaq çəkiliş qrupu üzvlərinin sözlərinə görə, təlimdən sonra Korenevdən də yaxşı üzməyə başlayıb. Nəticədə hətta dublyordan da imtina edir. Ancaq heç vaxt yüksəklikdən suya atılmağa razılıq vermirmiş.
"Bir dəqiqəlik kadr" metodu
İşin ən çətini aktyorları suyun altında lentə almaq idi. Belə bir üsul fikirləşib tapırlar. Aktyorlar sualtı üzgüçülük təlimatçısı ilə birlikdə akvalanqda suyun altına düşürlər. Çəkiliş yerinə çatanda aktyor dərindən nəfəs alır, bundan sonra təlimatçı ağızlığı çıxarır, akvalanqı götürərək kameranın baxış sahəsini tərk edir.
"Nastya Vertinskaya və Volodya Korenev təxminən bir dəqiqə nəfəslərini tutaraq bu şəkildə işləyirdilər. Sonra mən "stop!" siqnalı verirdim və ağızlığı onların ağzına qoyurdum. Bundan sonra növbəti epizoda qədər istirahət edirdilər. Beləliklə, biz bütün sualtı çəkilişləri başa vurduq", - deyə operator Eduard Rozovski bu metod haqqında danışır.
Dublyor İvanov Kornevi ustalıqla əvəz edib
Kornevin qəhrəmanı amfibiya adam film boyunca tamaşaçıları qeyri-adi tryuklarla heyrətləndirir. Bu tryukları 20 yaşlı Kornevin əvəzinə sualtı idman növü üzrə çempion Anatoli İvanov yerinə yetirib. Onu da qeyd etmək lazımdır ki, dublyor zahirən, o cümlədən bədən quruluşu və yerişi ilə də aktyora çox bənzəyirdi. Filmdə İxtiandrın həbs olunduğu səhnə var, onun qoluna qandal vururlar, o isə xilas olaraq qayadan suya tullanır, sonra şlyapası suyun üzünə çıxır. Bütün bunlar bir kadra çəkilib, heç bir montaj əməliyyatı aparılmayıb. Bu səhnə çox çətinliklə lentə alınıb. Onu belə çəkiblər: qandalları Kornevin qoluna vururlar, o qaçmağa başlayır, amma 25 metr hündürlükdəki qayadan artıq aktyor deyil, dublyor tullanır. İvanov suyun altında akvalanqı tapır, nəfəs alır və yalnız bundan sonra şlyapasını çıxarır. Şlyapa suyun üzünə çıxır. Hamısı bir kadra. Bu sualtı idman ustasının peşəkarlığının ən yüksək səviyyəsi idi.
İxtiandrın buxtası Qorbaçovun Forosdakı bağ evinə çevrilir
Çəkiliş qrupu uzun müddət Krımda çəkiliş üçün yer axtarır və Laspi adlı bir yer tapırlar. Bu buxta onlara çox rahat görünür. Birincisi, suyu çox təmiz idi ki, bu da suyun altında operator işi aparmaq üçün vacib idi. İkincisi, orada delfinlər üçün volyeri qoymağa yer var idi. Filmdə delfinlərin sayı çoxdur. Maraqlıdır ki, həmin vaxta kimi bu buxta kəşf olunmamışdı, filmin çəkilişlərindən sonra isə həmin yerdə sonradan Qorbaçovun Forosdakı bağ evi kimi tanınan hökumət iqamətgahı tikilir. Filmin rejissoru öz müsahibələrində həmin yeri məhz onların kəşf etdiyini bildirib.
"Amfibiya adam" filmindən səhnə
© Sputnik
/ "Kök görünməkdənsə, boğulsam, yaxşıdır"
Filmin böyük bir qismi suyun içində və kənarında çəkilib. Odur ki, aktyorlardan müəyyən idman bacarıqları tələb olunurdu. 16 yaşlı Vertinskaya bütün bunların öhdəsindən layiqincə gələ bilir: üzür, suyun altına enir, amma yuxarıdan suya tullanmaqdan qəti şəkildə imtina edir. O uzun müddət İxtiandrın əsir kimi saxlandığı gəmidən suya tullanmağa razılıq vermir və yalnız dublyoru olan dolubədənli xanımı görəndən sonra deyir: "Onun məni əvəz etməsinə imkan verməkdənsə, boğulsam, yaxşıdır!" Və çox yaxşı tullanır, görünür ona layiqli dublyor tapmadıqları üçün bərk əsəbləşibmiş.
Vertinskaya köpək balığı ilə
Vertinskaya köpək balığının hücum səhnəsində çox çətin bir fəndi yerinə yetirməli - bədənini tərpətmədən suyun dibinə enməli idi. Təəccüblüdür ki, aktrisa bu işin öhdəsindən də dublyorsuz gələ bilir. O, uzun müddət havanı ağciyərlərindən buraxmağı məşq edir (bunsuz suya dalmaq mümkün deyil), sonra ona 10 kiloqramlıq metal kəmər bağlayırlar ki, aktrisanı suyun dibinə çəksin.
Baş qəhrəmanların işdə məhəbbət macərası
Gözəl buxta, yay, çimərlik səhnələri, seksual geyimlər... Bütün bunlar filmin qəhrəmanları arasında romantik münasibətlərin yaranmasına təkan verməyə bilməzdi. Vladimir Korenevin həyat yoldaşı Alla Konstantinova bu barədə xatirələrini bölüşür.
"May ayında Volodya Bakıya, "Amfibiya adam"ın çəkilişinə yollandı, mənsə Moskvada qaldım. Bir dəfə Qorki küçəsi ilə fikirli-fikirli gedirdim. Düşünürdüm ki, ərli qadın olsam da, tənhayam. Bu vaxt Mişa Kozakova rast gəldim. O soruşdu: "Bəs niyə Bakıya getməmisən? Bax ha, Alla, orada bəziləri sənin Korenevinin ətrafında vurnuxur". Bakıya lap vaxtında gedib çıxdım. Məlum oldu ki, ərim evli olduğunu çəkiliş qrupundan gizləyib. Məhəbbət macərası yaşadığı gənc Nastya Vertinskayanın da bundan xəbəri yox idi. Çəkilişə gedirəm, bir də nə görsəm yaxşıdır: Nastya mənim günəş gözlüyümlə ətrafda dolaşır. Əlbəttə ki, mərəkə qopardım. Onda Volodya bu qısqanclığıma görə məndən bərk incimişdi, bir neçə gün mənimlə danışmadı. Dərhal Moskvaya qayıdıb boşanmaq üçün ərizə vermək istəyirdim, amma müdrik qadın həmkarlarım məni dilə tutdular. Mən də qaldım və sonradan başa düşdüm ki, öz incikliyimə qalib gələrək, demək olar ki, qeyri-mümkün olanı mümkün etmişəm. Volodya ipə-sapa yatmayan adam idi, amma mən onu cilovlamağı bacardım.
© Sputnik"Amfibiya adam" filmindən səhnə.Baltazar rolunda aktyor Anatoli Smiranin
"Amfibiya adam" filmindən səhnə.Baltazar rolunda aktyor Anatoli Smiranin
© Sputnik
Korenev az qala həlak olacaqdı, özü də iki dəfə
Vladimir Korenev suyun altında işin çətinliyi ucbatından dəfələrlə təhlükə ilə üz-üzə qalıb. İxtiandrın zəncirlə suyun altına düşdüyü epizodda matros təsadüfən onu əlindən buraxır. Altmış metrlik dəmir zəncir az qala Korenevi suyun dibinə aparacaqdı, ancaq xoşbəxtlikdən hər şey yaxşı qurtarır.
"Çəkiliş yerində suyun dərinliyi təxminən 50 metr idi, sonra zəncirin kəskin şəkildə aşağı dartıldığını hiss etdim, onu açmaq mümkün olmadı. Məni operatorun suyun içində olması xilas etdi. O baş verənləri kadrdan gördü, kamerasını suda batırmaq bahasına da olsa, məni xilas etdi" , - deyə Vladimir Korenev xatırlayır.
İkinci ekstremal epizod İxtiandrı lövbərə bağlayıb suyun altında gizlədikləri kadrla bağlıdır. Çəkilişlər 20 metr dərinlikdə aparılıb. Bu hadisənin iki versiyası var. Birincisinə görə, İxtiandrın paltarlarının geyindirildiyi manekeni lövbərə bağlayaraq aşağı suya salıblar və aktyorun yaxın planları sonradan lentə alınıb.
İkinci, daha ekstremal versiyanı rejissor öz müsahibəsində danışıb. "Bir çox gərgin anlar yaşandı. Adətən, biz on metr dərinlikdə işləyirdik, sonra lövbər iyirmi metrə qədər aşağı endi. Mən və Rozovski bu dərinlikdə günəş şüalarının necə gözəl düşdüyünü görəndə lövbəri yuxarı çəkmək əvəzinə Volodyanı iyirmi metr aşağı salmaq qərarına gəldik.
Məşq eləyəndən sonra onu möhkəm sarıyıb akvalanqla birlikdi aşağı endirdik. O, lövbərə sarındığı iplərdən qurtulmalı idi. Motor! Başladıq! Hər şey yaxşıdır. Stop! Çəkildi. Yanındakı dalğıc akvalanqın ağızlığını ona verir. Volodya havanı çəkməyə başlayır, amma hava gəlmir, akvalanq işləmir. Bu zaman sağımda olan Rem Stukalov dərhal reaksiya verir və öz akvalanqını Volodyaya uzadır. Korenev nə baş verdiyini belə anlamır. Stukalov isə iyirmi metr dərinlikdə dərindən nəfəs alaraq, dekompressiya fasiləsi vermədən suyun səthinə çıxır. O kesson xəstəliyi qazanmaq bahasına filmin əsas aktyorunun həyatını xilas edir. Biz o vaxt Volodyaya heç nə demədik, qorxduq ki, cəsarətini itirər, filmə davam etməz. Bu hadisəni ona yalnız çəkilişlər başa çatandan sonra danışdıq".
On min balıq pulcuğu və alman üzgəcləri
İxtiandrın kostyumunu hazırlamaq üçün qalın qadın kolqotlarının tikildiyi parçadan istifadə olunmuşdu. Pulcuqları isə ağ rəngli köhnə kino plyonkalarından hazırlayırdılar. Plyonkalardan 10 min pulcuq kəsilmişdi. Pulcuqlar bir-bir tikilirdi, dörd kostyuma bəs elədi. Sonra onları suya davamlı sədəf boya ilə rəngləyərək əllə kombinezonun üstünə tikdilər. Eləcə də peşəkar dalğıcların məsləhəti ilə Almaniyadan xüsusi üzgəclər gətirilmişdi. Həmin üzgəclər İxtiandra və onun dublyoruna suyun altında sürəti sovet analoqlarına görə iki dəfə artırmağa imkan verirdi.
© Sputnik"Amfibiya adam" filmindən səhnə
"Amfibiya adam" filmindən səhnə
© Sputnik
Korenevin ağ kostyumu və Vertinskayanın "Dior" əlbisələri
Rəssamlar və əlbisə ustaları Qutyerenin geyimlərini yaradarkən "Dior"un yay kolleksiyasından ilhamlanıblar. Vertinskayanın yaratdığı obrazın əlbisələri bənzərsiz idi. Bir çox sovet dəbli xanımları dərhal özlərinə onun filmdəki geyimlərinin eynisini tikdirmişdilər. Filmin baş qəhrəmanı ilə bağlı vəziyyət də oxşar idi. Milyonlarla gənc oğlan İxtiandrın heyrətamiz üslubunu təkrarlamağa başladı: ağ çəkmələr və uzun saç dəbə mindi.
Filmi tənqid edənlər də tapıldı, Qutyerenin tez-tez çimərlik paltarında görünməsi və hər epizodda geyimini dəyişməsi onları hiddətləndirmişdi. Buna baxmayaraq, film Triestdə keçirilən Beynəlxalq Fantastik Kino Festivalında nüfuzlu mükafat aldıqdan sonra tənqidçilərin səsi kəsildi və aktyorlara hər şey bağışlandı - həm geyim-kecimləri, həm də "sovetlərə xas olmayan zahiri görünüşləri".
Bakı kadrda
Filmin bütün sualtı səhnələri Krımda, Yaltadan 40 kilometr aralıdakı Laspi buxtasında çəkilib. Buenos-Ayres "rolunu" isə doğma şəhərimiz Bakı oynayıb. Xarici sahil şəhərinin görüntüləri məhz burada, İçərişəhərdə lentə alınıb. Bakının qədim hissəsinin köhnə məhəlləsi uzaq latın Amerikası şəhərini əks etdirib. Rejissor binalardan birinə "Philips" şirkətinin loqotipini asmaqla Azərbaycan şəhərinə bir qədər də əcnəbi görkəm verib.
O da maraqlı faktıdır ki, bir müddət sonra məhz İçərişəhərdə daha bir məşhur sovet filmi "Brilyant əl" lentə alınır. Bu dəfə Bakı İstanbul "rolunda" çıxış edir.
Ey dənizçi, səfərin çox uzandı...
Filmin uğur qazanmasında o vaxtlar çoxlarına tanış olmayan Andrey Petrovun musiqisi də mühüm rol oynayıb. "Amfibiya adam" onun istedadlı bəstəkar kimi tanınmasına öz təsirini göstərib.
Filmə isə o, təsadüfən düşüb. Məsələ burasındadır ki, əvvəl film üçün başqa bir bəstəkar nəzərdə tutulmuşdu. O, rejissora bir neçə kaset göndərəndən sonra rejissor başa düşdü ki, belə musiqi filmi məhv edə bilər. Bu musiqidə tələb olunan romantika yox idi. Onda rejissor həmin vaxt çox tanınmayan leninqradlı Andrey Petrova müraciət edir.
"Mən onu Bakıya apardım, materialı göstərdim və on gündən sonra o mənə möhtəşəm musiqidən ibarət iki kaset və filmin əsas musiqisini göndərdi"
Xatırladaq ki, sonradan Petrov "Mən Moskvada addımlayıram", "Avtomobildən özünü gözlə", "Qəddar roman" və sovet kinematoqrafiyasının başqa şedevlərinin musiqi və mahnılarının müəllifinə çevrilir.
Qəddar Zuritanın DTK etirafı
Film çəkilən vaxt Mixail Kozakov SSRİ DTK-ya işləyirdi. O özü bunu "Üçüncü zəng" adlı avtobioqrafik kitabında etiraf edib. Aktyor 1956-cı ildə "xarici düşmənə - Amerika imperializminə qarşı mübarizəyə dəstək üçün DTK-ya cəlb olunub.
Ancaq aktyor ona verilən tapşırığın öhdəsindən – amerikalı jurnalist qadını tovlamaq – gələ bilmir.
Bu tapşırıq "uğursuzluqla" nəticələnəndən sonra ona başqa bir iş tapşırmırlar. Aktyordan niyə DTK-ya işlədiyini etiraf etməsinin səbəbini soruşanda isə o belə cavab verir: "Mən artıq bunu gizlətmək istəmirdim. Bu hərəkətim mənə 40 il əzab vermişdi. Etiraf edib rahatladım".
Filmin şöhrəti onu aclıqdan xilas etdi
Filmdə qəddar Zuritanın obrazını yaradan aktyor 1990-cı illərdə maddi cəhətdən ağır günlər yaşayırdı. Oğlu dünyaya gəlmişdi, ailəsini dolandırmalı idi, amma heç yerdə iş tapa bilmirdi, mağazalarda isə ərzaq tapılmırdı. Aktyoru bu vəziyyətdən zahirən tanınması xilas edir. Amma hər bir halda o, İsrailə getmək məcburiyyətində qalır.
O, öz xatirələrində həmin günləri belə yada salır: "Bəli, mən qorxmuşdum, Mişka yeni doğulmuşdu, ailə böyük idi, iş yox idi, telefon susurdu... Etiraf edirəm: mən "kolbasa emiqrasiyasının" üzvü olmuşam. Körpəmizə verməyə uşaq qidası tapa bilmədiyimə görə hamı mənə gülürdü. Amma bu həqiqət idi. Pyatnitskayadakı mağazanın direktorunun yanına gedib deyirdim: "Məni tanımadınız? "Amfibiya adam"da oynamışam. O da satıcıya deyirdi: "Dunya, malı burax". Mən də oğru kimi əlimdə ərzaqla mağazadan çıxırdım. Hamının qarşısında alçalmaqdan bezmişdim".
© Sputnik"Amfibiya adam" filmindən səhnə
"Amfibiya adam" filmindən səhnə
© Sputnik
Qutyere tək qaldı
Anastasiya Vertinskaya kinoda möhtəşəm karyera qurdu. Elə həyatı da yaxşı gətirmişdi. Əgər kinoda rejissorlar onun gözəlliyini istismar edirdilərsə, həyatda Vertinskya özü rejissor qismində çıxış edirdi. Onun sevgi macəraları çox olub. Ancaq artıq 30 yaşına çatanda başa düşdü ki, onun üçün kiminləsə yola getmək çox çətindir, çünki azadlığını əldən vermək istəmir.
Müsahibələrindən birində aktrisanın dörd "dahi həyat yoldaşı"ndan söz açan müxbirin cavabında Vertinskaya deyir: "Bir dəqiqə! Mənin ancaq bir ərim olub – Nikita Mixalkov. Əlbəttə, başqa sevgi macəraları da yaşamışam, amma onlar mənim həyat yoldaşım olmayıblar. Hətta hesab etmirəm ki, kiminləsə vətəndaş nikahında olmuşam. Həyatımda ən uzun müddətli qalan insan isə Oleq Yefremov olub".
Sonra da əlavə edib: "Oleq Nikolayeviç içən adam idi. Bu isə ağır yükdür və mən bu yükü üzərimə götürə bilmədim".