SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan hökumətinin iştirakı ilə üç ölkə arasında Üçtərəfli Komitə yaradılır

© Sputnik / © Sputnik / Vladimir UmikashviliAzərbaycan-Gürcüstan sərhədində nəzarət-keçid məntəqəsi, arxiv şəkli
Azərbaycan-Gürcüstan sərhədində nəzarət-keçid məntəqəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.12.2021
Abunə olmaq
Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
BAKI, 20 dekabr — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin yaradılması haqqında Protokol"un təsdiq edilməsi barədə Fərman imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, Fərmana əsasən, 2021-ci il oktyabrın 8-də İzmir şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin yaradılması haqqında Protokol" təsdiq edilir.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Azərbaycan Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan və Türkiyə Respublikası tərəflərinə bildiriş göndərməlidir.
Qeyd edək ki, oktyabrın 8-də İzmir şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan hökumətləri arasında gömrük məsələləri üzrə üçtərəfli görüş keçirilib. Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan hökumətləri arasında gömrük məsələləri üzrə Üçtərəfli Komitə yaradılıb.
Görüşdə məqsəd ticarətin asanlaşdırılması, tranzit potensialının artırılması və regional iqtisadi inteqrasiyaya yardım edilməsi və bu istiqamətdə müzakirələrin aparılması olub.
Tərəflər Türkiyə, Azərbaycan və Gürcüstan gömrük orqanları arasında Üçtərəfli Komitənin yaradılmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib, operativ əlaqələrin təmin edilməsi məqsədilə əməkdaşlığın daha da gücləndirilməsi barədə razılığa gəliblər.
Eyni zamanda, tərəflər qaçaqmalçılıq və digər hüquqpozmalara qarşı mübarizə sahəsində əməkdaşlığı gücləndirməyə hazır olduqlarını bildiriblər. Qaçaqmalçılığa qarşı mübarizə və təhlükəsizliklə bağlı fəaliyyət sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə birgə əlaqələndirmə mərkəzinin yaradılması razılaşdırılıb.
Görüş iştirakçıları Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair sazişin imzalanmasına hazır olduqlarını da bildiriblər.
Tədbirin sonunda Azərbaycan, Gürcüstan və Türkiyə gömrük xidməti rəhbərləri arasında görüşün Protokolu və "Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin yaradılması haqqında Protokol" imzalanıb.
Sənədləri Azərbaycan Respublikası Hökuməti adından Səfər Mehdiyev, Türkiyə Respublikası Hökuməti adından Rıza Tuna Turaqay, Gürcüstan Hökuməti adından Levan Kakava imzalayıblar.
Gömrük Məsələləri üzrə Üçtərəfli Komitə tərəflər arasında əməkdaşlığı əlaqələndirəcək, təşviq və inkişaf etdirəcək, eləcə də əsas əməkdaşlıq sahələrini və istiqamətləri müəyyən edəcək.
Bu Komitə tərəflər arasında - gömrük məsələləri üzrə əməkdaşlığın gücləndirilməsi yollarını və imkanlarını araşdırmaq; sərhəd keçidlərini asanlaşdırmaq, sadələşdirmək və onların təhlükəsizliyini təmin etmək; gömrük siyasəti və prosedurları, icra funksiyaları, modernləşmə proqramları və təchizat zəncirinin təhlükəsizliyi ilə bağlı bilik və qabaqcıl təcrübələri bölüşmək; gömrük məsələlərində hüquq-mühafizə üzrə əməkdaşlıq, qaçaqmalçılığa qarşı birgə operativ tədbirlər görmək və başqa sahələr üzrə əməkdaşlığı əlaqələndirəcək.
Tərəflərin gömrük xidməti rəhbərləri Komitənin həmsədrləri olacaq, Komitənin - gömrük işinin təkmilləşdirilməsi; beynəlxalq əməkdaşlıq və təlim; məlumat mübadiləsi; gömrük hüquq-mühafizə məsələlərində əməkdaşlıq; risklərin idarə edilməsi və statistika üzrə işçi qrupları yaradılacaq.
Onu da bildirək ki, Komitənin iclasları ildə bir dəfə olmaqla növbə ilə keçiriləcək. Növbəti iclasın Bakı şəhərində keçirilməsi razılaşdırılıb.
Xəbər lenti
0