CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Peşəkarlar da minada partlayırlar: Xudiyev acı təcrübəsini bölüşdü

© Sputnik / Mediabanka keçidQarabağda yolda tank əleyhinə mina, arxiv şəkli
Qarabağda  yolda tank əleyhinə mina, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.12.2021
Abunə olmaq
Yeddi ildən çox ANAMA-nın minaaxtaran qrupunda çalışan Asəf Xudiyev ağır xəsarət alıb, iş qabiliyyətini itirib. O, işğaldan azad edilmiş ərazilərdə necə davranmaq barədə fikirlərini bölüşüb.
BAKI, 15 dekabr — Sputnik. Bəzən peşəkarlar da düşmənin basdırdığı minaların partlaması nəticəsində ağır xəsarət alırlar. ANAMA-nın əməkdaşı Asəf Xudiyev peşəkar mütəxəssisdir. Can qurtarmağa gedərkən sağlamlığını itirib.
Yeddi ildən çox minatəmizləmə işləri ilə məşğul olan qəhrəmanımız düşmənin basdırdığı minanın partlaması nəticəsində ağır xəsarət alıb. Müsahibimiz 44 günlük Vətən müharibəsi başa çatdıqdan bir neçə gün sonra işğaldan azad edilmiş torpaqlara qanunsuz səfər edib minaya düşən mülki şəxsləri ərazidən çıxaran zaman piyada əleyhinə minaya düşüb. Asəf Xudiyev Sputnik Azərbaycan-ın müxbiri ilə söhbətində deyir ki, hadisə Füzulinin işğaldan azad edilən torpaqlarında baş verib.
“Mən Qələbəmizdən 4 gün sonra, noyabr ayının 14-də Füzuli rayonunun Alxanlı kəndində düşmənin basdırdığı piyada əleyhinə minaya düşdüm. Orada bir evin iki oğlu mina ilə çirklənmiş əraziyə girmiş və minaya düşmüşdü. Qardaşlardan biri həyatını itirmişdi, o birinin ayağını amputasiya elədilər. Biz onları çıxarmaq üçün əraziyə daxil olduq. Həmin vaxt piyada əleyhinə minaya düşdüm. Sol ayağım amputasiya olundu. Can qurtarmağa gedərkən yarımcan oldum”.
© Sputnik / Emin AlisahibAsəf Xudiyev
Asəf Xudiyev - Sputnik Azərbaycan, 1920, 15.12.2021
Asəf Xudiyev
Xudiyev əlavə edir ki, düşmən minaları o qədər hiyləgərliklə basdırıb ki, bəzən ANAMA-nın əməkdaşları da onu müəyyən etməkdə çətinlik çəkirlər. O, ayağını itirməyinə elə bunun səbəb olduğunu deyir.
"Bizim istifadə etdiyimiz minaaxtaran detektorlar ən çox metala səs verir. Mənim düşdüyüm mina isə “PM” idi. Onun tərkibində metal az, plastik çox olur. O da bir az dərində basdırılanda detektorlar onu hiss eləyə bilmir. Mənim düşdüyüm piyada əleyhinə mina da dərində olduğundan detektor onu aşkarlaya bilmədi və anidən partlayış oldu".
© Sputnik / Emin AlisahibAsəf Xudiyev
Asəf Xudiyev - Sputnik Azərbaycan, 1920, 15.12.2021
Asəf Xudiyev
Asəf Xudiyev deyir ki, görünməyən düşmənlə, yəni mina ilə mübarizə aparmaq asan deyil. Artıq əmək qabiliyyətini itirən Xudiyevin fikrincə, düşmən planlı olaraq minaları insanların ən çox gedə biləcəyi ərazilərdə: dağıtdıqları evlərin içərisində, qəbristanlıqlarda və yollarda basdırıb. O səbəbdən də müsahibimiz vətəndaşlara müraciət edərək, həmin ərazilərə qanunsuz səfər etməkdən çəkindirir.
“Vətəndaşlarımıza, Azərbaycan xalqına onu demək istəyirəm ki, işğaldan azad olunmuş tanımadıqları ərazilərə qanunsuz yollarla getməsinlər. Həm öz, həm də ANAMA-nın əməkdaşlarının həyatını təhlükəyə atmasınlar. Ərazilər həddən artıq təhlükəlidir. Qarışıq minalar basdırılıb. Tək piyada əleyhinə deyil. O cümlədən partlamamış hərbi sursatlar da var ki, düşmən atıb, amma açılmayıb. Ona görə də hər kəsdən diqqətli olmalarını xahiş edirəm. Zərərini mən çəkmişəm. Ona görə də istəməzdim ki, mənim Azərbaycan xalqım, millətim bu zərəri görsün”.
Qeyd edək ki, müsahibimiz 2016-cı il aprel ayında işğaldan azad edilən Cocuq Mərcanlıda ANAMA tərəfindən aparılan əməliyyatlarda iştirak edib. Xatırladaq ki, Baş Prokurorluğun məlumatına görə, 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 7 hərbi qulluqçu, 29 mülki şəxs həlak olub. 109 hərbi qulluqçu, 44 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəbər lenti
0